Previous Next

Azərbaycan xalqının ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir

Hər bir xalqın milli mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Dil həm də hər bir xalqın varlığının ən əsas təminatçısıdır. Azərbaycan xalqının ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Ana dilimiz xalqımızın keçdiyi bütün tarixi mərhələlərdə onunla birgə olmuş, onun taleyini yaşamışdır.

70-ci illərin ortalarından başlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirildi. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq cəsarət tələb edirdi. Bütün süni məhdudiyyətlərə rəğmən Ulu Öndər Heydər Əliyev ana dili məsələsində öz mövqeyini hər zaman çox qətiyyətlə qorumağa müvəffəq olmuşdur. Dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ümummilli Lider ziyalıları, xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvələri səfərbər etmişdir.

Ümummilli Lider Heydər Əliyev Azərbaycan dilinin inkişafı və zənginləşməsi istiqamətində müxtəlif vasitələrdən istifadə edirdi. Azərbaycanda dilçi alimlərə yüksək diqqət və qayğı göstərilməsi, milli dildə nəşr edilən kitabların tirajlarının artırılması və digər tədbirlər ana dilinin daha da inkişaf etdirilməsi məqsədi daşıyırdı.

Xalqın təkidli tələbi ilə 1993-cü ildə yenidən siyasi hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyev digər sahələrdə olduğu kimi, milli-mənəvi dəyərlərimizin qorunması, adət-ənələrimizin, milliliyimizin inkişafı məsələsini diqqətdə saxlamışdır. Azərbaycan dilinin işlənməsi və inkişaf etdirilməsi məsələsinə xüsusi diqqət yetirən Ümummilli Lider ana dilimizin - Azərbaycan dilinin adını özümüzə qaytarmışdır.

Ulu Öndərin 2001-ci il iyun ayının 18-də imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman bu istiqamətdə dövlət siyasətinin əhəmiyyətli mərhələsi hesab edilməlidir. Həmin Fərmanın imzalanması ilə bütün dövlət və qeyri-hökumət təşkilatlarında, həyatımızın bütün sahələrində dövlət dilinin işlək vəziyyətə gətirilməsi təmin edildi. Bununla bərabər, həmin vacib dövlət sənədinin imzalanması ilə “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman dövlət dilinin problemlərinin həlli, bu məsələlərin elmi tədqiqata cəlb edilməsi üçün Azərbaycan dilçilik məktəbinin qarşısında yeni vəzifələr qoydu.

Ümummilli Lider Heydər Əliyevin 2001-ci il avqust ayının 9-da imzaladığı növbəti Fərman “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” idi. İmzalanan ali dövlət sənədinə görə Azərbaycan Respublikasının ərazisində “Hər il avqust ayının 1-i günü Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü olaraq qeyd edilir”.

Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ulu Öndərin dövlət dili siyasətini uğurla davam etdirir. Prezident İlham Əliyevin dilimizin inkişafı və qorunması üçün münbit qanunvericilik bazasını dərinləşdirərək möhkəmləndirməsi xalqa, onun maddi-mənəvi tarixinə, bu tarixin məcmusu hesab edilən dilimizə münasibətindən qaynaqlanır.

Ölkə başçısının bu istiqamətdə imzaladığı Fərman və Sərəncamlar ana dilimizin saflığının qorunması və inkişafı yönündə mühüm əsas olmaqla yanaşı, eyni zamanda, milli identikliyi də gücləndirən əhəmiyyətli amildir. Bu baxımdan, “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərman ana dilimizin qorunması və inkişafına diqqət və qayğının bariz nümunəsidir. Digər tərəfdən, sözügedən Fərman Azərbaycan dilinin tətbiqi sahəsində hüquqi tənzimləmənin və daimi nəzarətin təmin edilməsinə, mövcud nöqsanların və pozuntuların aradan qaldırılmasına xidmət edir.

Bütün bu sənədlər və bu istiqamətdə görülən işlər ana dilimizin inkişafına Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən göstərilən böyük qayğı və diqqətin təzahürüdür.

Könül Həsənova,

ADPU-nun Filologiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search