Previous Next

ADPU SİM-in universitetin 2030-cu il üçün Strateji İnkişaf Planı ilə bağlı təklifləri müzakirə olunub

İyulun 29-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “ADPU-2030  Strateji İnkişaf Planı” ilə bağlı ADPU-nun Strateji İnkişaf Mərkəzinin (ADPU SİM) hazırladığı təkliflərin müzakirəsi təşkil olunub. 
ADPU-nun strateji inkişaf məsələləri üzrə prorektoru Könül Pirverdiyeva və Strateji İnkişaf Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilən görüşdə “ADPU-2030 Strateji İnkişaf Planı” layihəsinin işçi variantının ətraflı təhlili aparılıb, mümkün dəyişikliklər və təkmilləşdirmə məqsədi daşıyan təkliflər müzakirə edilib. 
Pedaqoji Universitetin gələcək hədəflərini formalaşdıracaq mühüm məsələlər ətrafında fikir mübadiləsini və strateji prioritetlərin dəyərləndirilməsini hədəfləyən görüşdə Beynəlxalq Şagird Qiymətləndirmə Tədqiqatları hesabatlarının, UNESCO, Avropa İttifaqı, Dünya İqtisadi Forumu, Birləşmiş Millətlər Təşkilatı, Beynəlxalq Universitetlər Assosiasiyası kimi beynəlxalq qurum və təşkilatların təhsilin transformasiyası ilə bağlı qlobal çağırışları diqqətə çatdırılıb. Həmçinin rəqəmsal vətəndaşlıq, rəqəmsal savadlılıq, ekoloji maariflənmə, media savadlılığı kimi günümüz üçün vacib olan səriştələr və onların təhsilalanlarda formalaşdırılmasının, universitetin Strateji İnkişaf Planına inteqrasiyasının əhəmiyyəti vurğulanıb. 
ADPU SİM tərəfindən Pedaqoji Universitet tələbələrinin texnoloji avadanlıqlardan və sosial mediadan istifadə vərdişlərinin ölçülməsi, onların bu vasitələrdən nə qədər və necə istifadə etdiyinin, rəqəmsal mühitdəki fəallıqlarının dəyərləndirilməsi məqsədilə sorğu həyata keçirilib. Sorğunun nəticələrinə müvafiq olaraq tələbələrin rəqəmsal texnologiyalardan ən yüksək səviyyədə yararlanmalarını, rəqəmsal mühitdə akademik və sosial həyatlarının dəstəklənməsini, onlara daha səmərəli rəqəmsal xidmətlərin göstərilməsini təmin etmək üçün SİM tərəfindən irəli sürülən təkliflər ətrafında fikir mübadiləsi təşkil olunub. Qeyd edək ki, hər bir öyrənən üçün bərabər, keyfiyyətli və əlçatan rəqəmsal təhsilin təmin olunması UNESCO-nun “Təhsildə Transformasiya” Sammitində səsləndirilən qlobal çağırışlardan biridir.
SİM əməkdaşları tərəfindən universitetin strateji hədəf və fəaliyyətlərinin dayanıqlı inkişafa töhfə verən tədqiqatların aparılması, cəmiyyətə faydalı sosial xidmətlərin göstərilməsi, tənqidi düşüncə, yaradıcılıq və etik dəyərləri təşviq edən öyrənmə mühitinin inkişaf etdirilməsi yönündə qurulmasına dair təkliflər irəli sürülüb, qeyd olunan məsələlərin “ADPU - 2030 Strateji İnkişaf Planı”nda əks etdirilməsinin əhəmiyyəti barədə danışılıb.
ADPU-nun rektoru, professor Cəfər Cəfərov təqdimat və təklifləri müsbət dəyərləndirib, müəyyən tövsiyələr verərək qeyd olunan məsələlərin Elmi Şurada yenidən təqdim olunmasının zəruri olduğunu vurğulayıb. “ADPU - 2030 Strateji İnkişaf Planı” layihəsinin işçi qrupunun sədri, tədris işləri üzrə prorektor, dos. Eldar Aslanov strateji hədəflərin yenilənməsi ilə universitetdə dövrün tələblərinə uyğun təkmilləşdirilmiş innovativ öyrənmə və öyrətmə mühitinin inkişaf etdirilməsini qarşıya qoyulan əsas məqsəd kimi dəyərləndirib.
Məlumat üçün qeyd edək ki, ADPU-nun təsdiq olunmuş sonuncu Strateji İnkişaf Planı 2018-2023-cü illəri əhatə edib.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search