Previous Next

3 sentyabr 1991-ci il - Azərbaycanın dövlətçilik tarixinin şanlı səhifəsi

Azərbaycanın dövlətçilik tarixində misilsiz xidmətlər göstərmiş, ideyaları, zəkası, biliyi, idarəçilik təcrübəsi ilə bu günümüzə, sabahımıza bələdçilik edən Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyətində 1990-1993-cü illər mühüm yer tutur. Həmin dövr Ulu Öndər Heydər Əliyevin siyasi irsinin Naxçıvan dövrü kimi adlandırıla bilər. Məhz həmin illər onun böyük siyasətə, hakimiyyətə qayıdış dövrü oldu.

Naxçıvan parlamentinin yeni tərkibdə 1990-cı il noyabrın 17-də keçirilən ilk sessiyası deputatların istəyi və böyük təkidi nəticəsində Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə işinə başlamışdı. Milli dövlətçiliyə yeni nəfəs vermiş Naxçıvan parlamentinin ilk sessiyasında gündəliyə çıxarılan məsələlər və qəbul edilən tarixi qərarlar, ümumilikdə, Azərbaycanın müstəqilliyinə və suverenliyinə hesablanmışdı.

Görkəmli dövlət xadiminin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fövqəladə sessiyada deputatların və iclas zalının qarşısına toplaşan minlərlə insanın təkidi ilə Ali Məclisin sədri seçilməsi Azərbaycanın müstəqillik yolunun əsasını qoydu. Ulu Öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilməsi müasir müstəqil Azərbaycanın dövlətçilik tarixinin ən mühüm səhifələrindən birini təşkil edir. Siyasi fəaliyyətinin Naxçıvan dövründə Ulu Öndər Heydər Əliyev gördüyü işlər, atdığı tarixi əhəmiyyətli addımlarla Muxtar Respublikanın qurtuluşunu, dirçəlişini və həmrəyliyini təmin etmiş oldu.

 Blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikası bir çox çətinliklər ilə üz-üzə qalmışdır. Naxçıvanın sosial-iqtisadi durumunun bərbadlığı, hakimiyyətin muxtar qurum üzərində oynamağa çalışdığı oyunlar Muxtar Respublikanın vəziyyətini olduqca mürəkkəbləşdirmişdi. Yalnız Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilən Ümummilli Lider Heydər Əliyevin gərgin fəaliyyəti və səyləri sayəsində muxtar respublikada sabitlik təmin edildi və Naxçıvanda sosial-iqtisadi vəziyyət yaxşılaşdırıldı.

Muxtar Respublikanın inkişafı və sabitliyinin davamlılığını təmin etmək üçün regional və beynəlxalq əlaqələrin formalaşdırılması, eləcə də inkişafı yönündə mühüm addımlar atıldı. Türkiyə və İranla qarşılıqlı əməkdaşlığa və tərəfdaşlığa əsaslanan ilk rəsmi təmaslar təşkil olundu. Blokada şəraitində olan Muxtar Respublikanın inkişafı və sabitliyinin davamlılığını təmin etmək üçün regional və beynəlxalq əlaqələrin formalaşdırılması, eləcə də inkişafı yönündə mühüm addımlar atıldı. 24 mart 1992-ci il tarixində Ankarada Naxçıvan MR-lə Türkiyə Cümhuriyyəti arasında işbirliyi protokolunun imzalanması bu baxımdan müstəsna əhəmiyyətə malikdir.

Ulu Öndərin Ali Məclisin sədri seçilməsi və bu vəzifədəki səmərəli fəaliyyəti nəinki muxtar respublikada, bütövlükdə Azərbaycan miqyasında ölkəmizin parlaq gələcəyinə olan inamı artırmışdı. Azərbaycanın digər regionlarında yaşayan insanlar xalqımızın böyük oğluna teleqramlar, məktublar göndərir, xalqın üzləşdiyi bəlaların məhz Onun müdrik və uzaqgörən siyasəti nəticəsində həll olunacağına inamlarını ifadə edirdilər.

Beləliklə, Ümummilli Liderin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı getdikcə zərurətə çevrilirdi. Xalq qəti əmin idi ki, ölkəni düşdüyü ağır siyasi böhrandan çıxarmağın, torpaqların itirilməsi təhlükəsindən xilas etməyin yeganə yolu dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışındadır. Vəziyyətin getdikcə ağırlaşdığını görən xalq yeganə ümid yeri kimi möhtərəm Heydər Əliyevə üz tutdu. Ulu Öndər 1993-cü il iyunun 15-də ölkəmizdə siyasi hakimiyyətə qayıtmaqla Azərbaycanı parçalanmaqdan xilas etdi.

1993-2003-cü illər Azərbaycan tarixinə dirçəliş, inkişaf, tərəqqi dövrü kimi yazıldı. 2003-cü ildən sonrakı dövr bu böyük yolun davamıdır. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycanın adını tarixə qalib ölkə kimi yazdı. Əminliklə deyə bilərik ki, bugünkü Azərbaycan Ulu Öndər Heydər Əliyevin görmək istədiyi Azərbaycandır. Bu gün Qarabağımızı və Şərqi Zəngəzuru cənnət məkana çevirmək üçün genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Azərbaycanın qazandığı möhtəşəm uğurlar Ulu Öndər Heydər Əliyev siyasətinin təntənəsidir.

Eldar ASLANOV,

ADPU-nun tədris işləri üzrə prorektoru, s.e.f.d., dosent

 

 

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search