2020-ci ilin payızı xalqımızın həyatında ən unudulmaz və daim yaddaşlarda yaşayan mövsüm kimi həmişə xatırlanacaq. Müharibənin səkkizinci günü – oktyabrın 4-də Prezident İlham Əliyevin müraciəti hamının qəlbini qürur, iftixar və sevinc hissi ilə doldurdu: “Bu gün Azərbaycan xalqı sevinc içindədir. Cəbrayıllılara və bütün Azərbaycan xalqına bu gün azad edilmiş yaşayış məntəqələrinin adlarını sadalamaq istərdim. Bu gün şanlı Azərbaycan Ordusu aşağıdakı yaşayış məntəqələrini azad edib: Cəbrayıl şəhəri, Karxulu kəndi, Şükürbəyli kəndi, Yuxarı Maralyan kəndi, Çərəkən kəndi, Daşkəsən kəndi, Horovlu kəndi, Decal kəndi, Mahmudlu kəndi, Cəfərabad kəndi”. Bu, Böyük Qələbəyə gedən yolda şəhərlərin işğalçılardan təmizlənməsi barədə ilk müjdə idi.
İşğaldan azad edilmiş digər ərazilərdə olduğu kimi, Cəbrayıl rayonunda da yenidənqurma və bərpa işləri operativ və sistemli şəkildə davam etdirilir, sakinlərin öz ata-baba yurdlarında rahat və firavan yaşaması üçün bütün infrastruktur yaradılır. Bu il sentyabrın 26-da isə Cəbrayıl şəhərinə köç başlayıb. İndiyədək 133 ailə, ümumən 433 nəfər öz ata-baba yurduna dönərək orada tikilən rahat, geniş və işıqlı mənzillərdə yaşamağa başlayıb. Həmçinin məşğulluğun yüksək səviyyədə təmin edilməsi üçün zəruri tədbirlər həyata keçirilir. Dövlətimizin başçısı Cəbrayıl rayonuna mütəmadi səfərlər edərək görülən işlərlə yaxından tanış olur, təməlqoyma və açılış mərasimlərində iştirak edir, müvafiq tapşırıq və tövsiyələrini verir.
Oktyabrın 4-də Azərbaycan Respublıikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak ediblər. Yeni evlərə köçən şəhər sakinlərinə mənzillərin açarları təqdim olunduqdan sonra dövlət başçımız önəmli açıqlamalar vermişdir.
Prezident İlham Əliyev sakinlərlə görüşdə qeyd etdiyi kimi heç bir başqa yerdə işğaldan, müharibələrdən əziyyət çəkmiş ölkələr belə sürətlə və bu keyfiyyətlə bərpa işlərini bu günə qədər aparmamışlar. Sabiq köçkünlərə yeni evlərində xoş həyat arzulayan Dövlət başçısı Azərbaycanın düşmənlərinə, regionu yenidən alova bürümək istəyən qüvvələrə, xüsusilə də 44 günlük müharibədə darmadağın edilən Ermənistana sərt ismarıc ünvanladı. Dövlət başçısı bəyan etdi ki, təhlükəli oyunlara qarışan Ermənistan İkinci Qarabağ müharibəsinin tarixini unutmasın. Prezident İlham Əliyev Ermənistana ümidlər verən, silahlar bağışlayan, sözdə demokratik, ancaq əməldə riyakarlıq nümayiş etdirən Fransa və onun kimi anti-Azərbaycan ölkələrdən öz bədnam planlarından əl çəkmələrini tələb etdi.
Dövlət başçısı 30 il ərzində işğalçılıq siyasətinə görə Ermənistana hər hansı cəza verilmədiyini və sanksiya tətbiq edilmədiyini, bütün bunlara rəğmən Azərbaycana qarşı hər fürsətdə zərər yetirmək siyasəti yürüdən Qərb ikiüzlüyünün anatomiyasını açıqladı: “Bugünkü gün anti-Azərbaycan qüvvələr üçün yas günüdür, matəm günüdür. Azərbaycan öz hüququnu bərpa etdi, heç kimdən soruşmadan, heç kimdən qorxmadan. Bunu bizə bağışlaya bilmirlər və bu gün Azərbaycana Amerikadan sanksiya tətbiq edilir”. Eyni zamanda Ölkə başçısı ABŞ-ın 60 konqresmeni adından hazırlanmış anti-Azərbaycan müraciətinin arxasında dövlət katibinin gizləndiyini qeyd etmişdir.
Dövlət başçımız ona etimad və etibar edən xalqının rahat və xoşbəxt yaşamasını istəyir. Bununla bağlı, kimsənin Azərbaycanın narahatlığına səbəb olacaq addımların atmasına imkan verilməyəcəyini qətiyyətlə bildirmişdir.
Fizika-riyaziyyat elmləri doktoru, professor Asəf ZAMANOV,
ADPU-nun elm və innovasiyalar üzrə prorektoru, Əməkdar müəllim