Noyabrın 1-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Fizika fakültəsinin birinci tədris ili tələbələri üçün “Heydər Əliyev dərsləri” təşkil edilib.
ADPU-nun Heydər Əliyev Mərkəzinin keçirdiyi silsilə dərslərin məqsədi Ümummilli Liderin Azərbaycanın inkişafına verdiyi misilsiz töhfələri və zəngin siyasi irsini gənclərə çatdırmaqdır.
Dərs universitetin Heydər Əliyev Mərkəzinin baş mütəxəssisi Aynurə Əsgərovanın müşayiəti ilə Heydər Əliyev Muzeyində başlayıb. Burada Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən materiallarla tanış olan tələbələrə muzeydəki eksponatlar, arxiv sənədlərinin surətləri, fotoşəkillər, kitablar, suvenirlər və s. haqqında ətraflı məlumat verilib.
Sonra dərs ADPU-nun Heydər Əliyev məktəbinin lektoriyasında davam edib.
Universitetin Heydər Əliyev Mərkəzinin müdiri Tahir Süleymanov Ulu Öndərin Azərbaycan tarixindəki yeri və rolu haqqında məruzə ilə çıxış edib. Məruzədə qeyd edilib ki, geniş dünyagörüşünə, qeyri-adi hafizəyə, dərin analitik təfəkkürə, mükəmməl natiqlik qabiliyyətinə və təşkilatçılıq bacarığına malik olan Heydər Əliyev öz ölkəsinə iki dəfə, bir-birindən köklü şəkildə fərqlənən iki siyasi-iqtisadi sistem şəraitində uğurla rəhbərlik edib. 1969-1982-ci illəri əhatə edən birinci dövrdə Azərbaycan sosial-iqtisadi gerilikdən sürətli inkişaf yoluna çıxıb, cəmiyyət həyatının bütün sahələrində nəzərəçarpacaq dəyişikliklər baş verib. Məhz müstəsna keyfiyyətləri sayəsində Heydər Əliyev 1982-1987-ci illərdə Sovet İttifaqının ali rəhbərlərindən biri səviyyəsinə yüksələ bilib. 1993-2003-cü illər Ulu Öndərin Azərbaycana ikinci rəhbərliyi dövrüdür. XX əsrin sonlarında yenicə müstəqillik qazanmış respublikamıza Heydər Əliyev kimi təcrübəli bir şəxsin başçılıq etməsi xalqımızı böyük bəlalardan qurtarıb. Ölkəmiz həmin illərdə xaos və anarxiyadan ictimai-siyasi sabitlik, tənəzzüldən dirçəliş və inkişaf yoluna qədəm qoyub.
Tədbirin növbəti hissəsində dünyanın ən qüdrətli dövlətlərinin liderlərinin Heydər Əliyev haqqında söylədiyi yüksək fikirləri əks etdirən slaydlar göstərilib. Daha sonra iştirakçılar "film saatı" çərçivəsində Ulu Öndərə həsr olunmuş sənədli filmi izləyiblər. H.Əliyevin həyat və fəaliyyətinə, zəngin siyasi irsinə həsr olunmuş qısametrajlı filmin nümayişindən sonra tələbələrin fəallığı ilə keçən son hissədə mövzu ətrafında qarşılıqlı sual-cavab və diskussiya aparılıb.
Dərsin gedişində ADPU-nun Heydər Əliyev Mərkəzinin keçirdiyi tədbirlərdə fəal iştirakına görə Tarix və coğrafiya fakültəsinin III tədris ili tələbəsi Fidan Hüseynovaya təşəkkürnamə təqdim edilib.
Qeyd edək ki, Heydər Əliyevin yüzillik yubileyi çərçivəsində başlanan analoji dərslərdə 2023-cü ilin martından indiyədək universitetin müxtəlif fakültələrinin 1500-dən çox tələbəsi iştirak edib.