28-29 oktyabr tarixlərində Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı ilə şəhərin Heydər Əliyev Sarayında Muxtar Respublikanın yaranmasının 100 illik yubileyinə həsr edilmiş “Naxçıvan Muxtar Respublikasının yaranmasının Azərbaycanın siyasi tarixində rolu” beynəlxalq elmi konfransı keçirilib.
Təşkilat Komitəsində Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikasının Prezidentinin Səlahiyyətli Nümayəndəliyi, Azərbaycan Dövlət İqtisad Universiteti, Türkiyənin Qafqaz Universiteti, İğdır Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) də yer aldığı konfransda Muxtar Respublikanın rəhbərliyi, elm və təhsil ictiamiyyəti iştirak edib.
ADPU-nun elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov beynəlxalq konfransın İctimai elmlər bölməsinə moderatorluq edib, konfransda “Naxçıvan Muxtar Respublikasında intellektual potensialın inkişaf dinamikası” adlı məruzə ilə çıxış edib.
Eyni zamanda konfransda prof. A.Zamanovun müəllifi olduğu “Naxçıvanlı elmlər doktorları” əsəri təqdim olunub. Naxçıvan Muxtar Respublikasının elmi nailiyyətləri ilə tanınmış nümayəndələri, onların elmi fəaliyyəti və bu sahədə verdikləri töhfələrin yer aldığı kitab konfrans iştiraçıları, Muxtar Respublika rəhbəlriyi və ictiamiyyət nümayəndələri tərəfindən böyük marağa səbəb olub, mühüm elmi araşdırma kimi dəyərləndirilib.