2-6 dekabr tarixlərində Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Niderlandın Vittenborq Tətbiqi Elmlər Universitetinin (WUAS) koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycan və Rusiya ali təhsil müəssisələrində tədris, təlim və qiymətləndirmə prosesinin daxili keyfiyyət təminatının təkmilləşdirilməsi” (IQAinAR) adlı Erasmus + layihəsi çərçivəsində yekun görüşlər keçirilib.
Layihənin yekun tədbirlərində layihə konsorsiumunun üzvü olan 8 ali təhsil müəssisəsi, həmçinin ali təhsil sahəsində fəaliyyət göstərən Niderlandın “415 International BV” təşkilatının nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları arasında Niderlandın Vittenborq Tətbiqi Elmlər Universiteti (WUAS), İspaniyanın Müqəddəs Entoni Katolik Universiteti (UCAM), Naxçıvan Dövlət Universiteti (NDU) və Azərbaycan Texniki Universitetinin (AZTU) nümayəndələri də yer alıblar.
Tədbirin ilk günündə iştirakçıları salamlayan ADPU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Günay Məhərrəmova layihənin əhəmiyyəti barədə danışıb. Daha sonra WUAS-ın tədqiqatçısı dr. Rauf Abdul tərəfindən “Keyfiyyət təminatının əsasları və keyfiyyət mədəniyyəti” mövzusunda təlim keçirilib və iştirakçılar arasında qrup işləri təşkil olunub.
Görüşün ikinci günündə layihənin yekun konfransı baş tutub. Daha sonra nümayəndələr təqdimatlarla çıxış ediblər.
Görüşün üçüncü günündə isə WUAS-ın tədqiqatçısı Amal Abi Orm layihənin yekun mərhələsi, maliyyə məsələlərinin idarə olunması və lazımi sənədlərin vaxtında təqdim edilməsinin vacibliyi barədə məlumat verib.
Səfərin yekun günündə Vittenborq Universiteti ilə yerli tərəfdaşlar - ADPU, NDU və AZTU arasında tələbə-müəllim mübadiləsi barədə müzakirələr aparılıb və bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi ilə bağlı razılığa gəlinib.
Qeyd edək ki, bu görüşlər layihənin uğurlu yekunlaşmasına töhfə verməklə yanaşı, ali təhsildə keyfiyyət təminatının inkişafı sahəsində təcrübə mübadiləsi üçün də mühüm platforma yaradıb.
1 həftəlik görüşün yekununda iştirakçılara sertifikatlar təqdim olunub.