Aprelin 25-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Respublika QİÇS-lə Mübarizə Mərkəzinin təşəbbüsü, filialın Karyera Mərkəzinin təşkilatçılığı ilə maarifləndirici tədbir keçirilib.
Tədbirin əsas məqsədi insanın immun çatışmazlığı virusu (İİV) haqqında əhatəli məlumat vermək, sağlam və təhlükəsiz həyat tərzinin təbliği olub.
Filialın müəllim və tələbələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə Karyera Mərkəzinin müdiri Xuraman Həmidova açaraq, ölkədə bu xəstəliyin yayılmasının qarşısının alınması məqsədilə əhalinin maarifləndirilməsinin vacibliyindən bəhs edib.
Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Şəki Regional laboratoriyasının müdiri Kəmalə Abdullayeva çıxış edərək Qazanılmış İmmun Çatışmazlığı Sindromunun (QİÇS) yayılma yolları, profilaktikası, müayinəsi və müalicəsi barədə ətraflı məlumat verib.
Sonra tələbələri maraqlandıran suallar cavablandırılıb. Tədbir başa çatdıqdan sonra iştirakçıların könüllü test müayinəsi həyata keçirilib.