Previous Next

Qurban bayramı münasibətilə ADPU-nun rektoru, professor Cəfər Cəfərovun təbriki

Hörmətli həmkarlar, əziz tələbələr!

Sizi müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə əmin-amanlıq və firavanlıq, elmi-pedaqoji fəaliyyətiniz, təhsiliniz və şəxsi həyatınızda uğurlar arzulayıram.

Qədim tarixi-mədəni ənənələrə malik çoxkonfessiyalı Azərbaycan müxtəlif dini etiqadlı insanların əsrlər boyu qarşılıqlı hörmət və etimad əsasında yaşadığı multikultural məkan kimi tanınır. Xalqımız bu zəngin irsi qorumuş, dinlərarası barış və həmrəylik mühitini möhkəmləndirmək üçün əlindən gələni əsirgəməmişdir. Müasir Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin ümumxalq mənafeyini əks etdirən məqsədyönlü siyasəti ölkəmizin bütün dini icmalarının adət-ənənələrinə, mənəvi dəyərlərinə həssas münasibətin, səmimi hörmət və qayğının təzahürü olmuş, milli birliyin, dövlətçiliyin güclənməsində mühüm rol oynamışdır. Hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən mütərəqqi birgəyaşayış  siyasəti cəmiyyətimizdə multikulturalizmin daha dərin yer tutmasına böyük stimul vermişdir. Təsadüfi deyil ki, 44 günlük Vətən müharibəsində milli və dini mənsubiyyətindən asılı olmayaraq, ölkəmizin bütün vətəndaşları dəmir yumruq kimi birləşərək doğma torpaqlarımızı Ermənistan işğalçılarından azad etdilər. Bu bayram günlərində şəhidlərimizin ölməz ruhu qarşısında baş əyir, onları sonsuz ehtiramla yad edirik.

Azərbaycanın çoxəsrlik zəngin milli-mənəvi dəyərlərinin formalaşmasında insanlara daim ülvi hisslər və nəcib keyfiyyətlər aşılayan İslam dininin özünəməxsus yeri vardır. Bu baxımdan İslamın ən vacib ayinlərindən sayılan Qurban bayramı kimi dini mərasim müsəlmanlar arasında, o cümlədən ölkəmizdə geniş keçirilir. Xüsusi əhvali-ruhiyyə ilə qeyd olunan bu müqəddəs bayramın əsasında Allaha sonsuz sevgi, onun qüdrətinə dərin inam və etimad durur. Hamını halallığa, paklığa səsləyən Qurban bayramı hər kəsə ətrafındakıları sevindirməyi, xeyirxahlığı, birlik və bərabərliyi təlqin edir.

Əziz həmkarlar və tələbələr!

Sizi Qurban bayramı münasibətilə bir daha təbrik edir, xalqımızın işıqlı gələcəyi yolunda əzmlə çalışan müəllimlərimizə, universitetimizin bütün əməkdaşlarına, sabahın peşəkar müəllimi və mütəxəssisi olacaq tələbələrimizə cansağlığı və böyük nailiyyətlər diləyirəm.

Qoy bu bayramda kəsdiyiniz qurbanlar Allah dərgahında qəbul olunsun!

Bayramınız mübarək!

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search