Previous Next

Pedaqoji Universitetdə ölkəmizdə ilk dəfə olaraq vahid sistem əsasında institusional qiymətləndirmə aparılıb

İyulun 8-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi Şurasının iclası keçirilib.

İclasın əvvəlində ADPU-nun rektoru professor Cəfər Cəfərov universitetin alimləri Şəhla Əliyeva və Əli Zalova professor elmi adını təsdiq edən attestatlarını təqdim edib, həmçinin tədrisdə və ictimai həyatda fərqlənən tələbələri təşəkkürnamə və fəxri fərmanla təltif edib.

İclasda 2021-ci il üçün ADPU-da İnstitusional Qiymətləndirmənin nəticələri haqqında hesabatla çıxış edən Keyfiyyətin təminatı şöbəsinin müdiri dosent Qalib Şərifov ölkəmizdə ilk dəfə olaraq ADPU-da 38 keyfiyyət göstərici üzrə vahid sistem əsasında filial, kollec, fakültələr və Sabah qruplarının institusional qiymətləndirilməsinin aparıldığını qeyd edib.

Cari təqvim ilindən başlayaraq hər ilin 1-20 aprel tarixləri arasında həyata keçirilən institusional qiymətləndirmənin məqsədi universitetin müxtəlif strukturlarının müqayisəli inkişaf dinamikasını və əsas inkişaf istiqamətlərini, qarşıda duran vəzifələri müəyyənləşdirməkdir.

Şöbə müdiri həmçinin yeni tədris ilindən etibarən əməkdaşların reytinq qiymətləndirmə meyarlarında aparılacaq təkmilləşdirmələr haqqında məlumat verib.

Tədris işləri üzrə prorektor dosent Eldar Aslanov 2021/2022-ci tədris ili üzrə bakalavrların yaz imtahan sessiyasının yekunları barədə məruzə ilə çıxış edərək bildirib ki, imtahanlar əsasən 01 iyun - 01 iyul 2022-ci il tarixlərində tərtib olunmuş cədvəl üzrə keçirilmişdir və 2021/2022-ci tədris ilinin yaz semestrinin imtahanlarda bakalavriat səviyyəsində təhsil alan tələbələrdən 8176 nəfər iştirak etmişdir.
İmtahanlar yazılı, şifahi və hibrid formada təşkil olunmuşdur. İmtahan sessiyası dövründə Apelyasiya Komissiyasına  2434  ərizə daxil olmuşdur ki, onlardan 61 faizində nəticələr olduğu kimi saxlanılmış, 30 faizi isə müsbət həll edilmişdir. İmtahan qaydalarını pozduğuna görə 111 nəfər tələbənin imtahan işi ləğv olmuşdur.

Prorektor qeyd edib ki, semestrin imtahan sessiyasının yekunlarına əsasən universitet üzrə tələbələrin müvəffəqiyyət və keyfiyyət göstəriciləri ötən ilin analoji sessiyası ilə müqayisədə bir qədər azalaraq 85 % və 53 % təşkil etmişdir ki, bu da yenidən əyani imtahanlara keçidlə bağlı təbii dalğalanmadır. Bunun əksinə buraxılış yekun dövlət attestasiyasında tələbələr buraxılış işləri üzrə 99,8 %, dövlət imtahanları üzrə isə 91 % müvəffəqiyyət əldə etmişlər.

Dos. E.Aslanov yekunda bildirib ki, Pedaqoji Universitet tədrisin keyfiyyətinin artırılması üçün davamlı tədbirlər görür və bunun üçün elmi-pedaqoji heyətin səriştələrinin davamlı artırılması, beynəlxalq proqramların uğurla icrası, habelə müasir tədris təchizatının artırılması istiqamətində yeni tədris ilində də işlər davam etdiriləcək. Bu tədbirlərdə 16 mart – 05 aprel 2022 tarixində ADPU-da bütün  fakültə, filiallar və kollec üzrə tələbə və magistrantlar arasında tədris, öyrənmə mühiti, təchizat, gözləntilər və digər istiqamətlər üzrə 8964 təhsilalanın iştirakı ilə keçirilən meqasorğunun nəticələri də nəzərə alınacaqdır.

Şurada elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov 2021/2022-ci  tədris ili üzrə magistrlərin dissertasiya işlərinin müdafiəsi və yaz imtahan sessiyasının yekunları barədə məruzə ilə çıxış edərək vurğulamışdır ki, 296 magistrant imtahan sessiyasında iştirak etmişdir ki, onların müvəffəqiyyət və keyfiyyət göstəriciləri müvafiq olaraq 97,9 % və 81,37 % təşkil edir.

Sonda rektor prof. C.Cəfərov yekun sözü ilə çıxış edərək qarşıda duran əsas vəzifələr haqqında danışaraq tədqiqat universitetinə çevirilmək üçün vahid plan üzrə irəliləməyin önəmini qeyd edib.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search