Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi filialında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Ümummilli Lider Heydər Əliyev və Azərbaycanda pedaqoji fikir tarixi” mövzusunda elmi-praktik konfrans keçirilib.
Konfransın plenar iclasını giriş sözü ilə açan filialın direktoru dosent Mobil Məcidov Ulu Öndər Heydər Əliyevin Azərbaycanda pedaqoji fikrin inkişafı istiqamətində, xüsusilə elm, təhsil, mədəniyyət sahəsində gördüyü işlərdən və milli dil siyasəti barədə danışıb. Direktor qeyd edib ki, Heydər Əliyevin Azərbaycana, onun sosial-mədəni, elmi-intellektual, iqtisadi, siyasi inkişafına, milli-mənəvi intibahına həsr olunan, xalqımızın tarixində bütöv mərhələ təşkil edən fenomenal fəaliyyətində milli dil siyasəti həmişə həlledici mövqe, aparıcı yer tutmuşdur.
Sonra konfrans məruzələrlə davam edib. Filialın tərbiyə işləri üzrə direktor müavini dosent Mahir Səlimov" Heydər Əliyev ideyaları və müasir Azərbaycan” mövzusunda məruzəsində Ulu Öndərin müasir demokratik Azərbaycanın qurulması yolunda əvəzsiz xidmətlərindən söz açıb. Tədris və elmi işlər üzrə direktor müavini, dosent Seymur Süleymanov “Heydər Əliyevin müstəqil Azərbaycan elminin inkişafında rolu” mövzusunda məruzə ilə çıxış edib.
Filialın İctimai, təbiət fənləri və onların tədrisi texnologiyası kafedrasının baş müəllimi Araz Əliyev, Dillər, ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının baş müəllimi Fəridə Mikayılova, Pedaqogika, psixologiya və onların tədrisi texnologiyası kafedrasının baş müəllimləri - Sevil Cəfərova və Aygün Əlizadə Ümumilli Lider Heydər Əliyevin ölkə həyatının bütün sahələrində apardığı uğurlu islahatlardan danışıblar. Qeyd edilib ki, müstəqil daxili və xarici siyasət həyata keçirən, güclü ordu və iqtisadiyyata malik Azərbaycanın bünövrəsində Ulu Öndərin atdığı dərin təməllər dayanır.
Konfransa məruzə və çıxışlar ətrafında müzakirələrlə davam edib.