Bakı Dövlət Universitetində (BDU) ali məktəb tələbələri arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Fizika, Riyaziyyat, Kimya, Biologiya və Coğrafiya fənləri üzrə III Respublika Olimpiadasının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Ölkənin müxtəlif ali təhsil müəssisələrində təhsil alan tələbələr arasında ixtisaslı mütəxəssislərin hazırlanma keyfiyyətini daha da yüksəltmək, istedadlı tələbələri aşkar etmək və dəstəkləmək, onları elmi-tədqiqat fəaliyyətinə cəlb etmək, tələbələr arasında elmi bilikləri təbliğ etmək məqsədilə keçirilən olimpiadada Fizika fənni üzrə 75, Riyaziyyat fənni üzrə 54, Kimya fənni üzrə 72, Biologiya fənni üzrə 92, Coğrafiya fənni üzrə 50 tələbə iştirak edib.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) tələbələri olimpiadada universiteti uğurla təmsil ediblər. Riyaziyyat fakültəsinin tələbələri Zümrüd Tağızadə və Cəmilə Əsədova rizayiyyat fənni üzrə müvafiq olaraq ll və lll yerə layiq görülüb. Kimya və biologiya fakültəsinin tələbəsi Hökumə Ağaliyeva III yerin sahibi olub. Fakültənin tələbələri Nicat Səmədov və Esra Paşayeva olimpiadada fəal iştiraklarına görə sertifikatla təltif ediliblər. Fizika fakültəsinin III tədris ili tələbəsi Saleh Mahmudov III yerə, II tədris ilinin tələbəsi Səkinə Qasımlı isə həvəsləndirici diploma layiq görülüb.