Previous Next

Rektor “Zəfər” ordenli Milli Qəhrəmanın tələbə adı qazanan qızı ilə görüşüb

Sentyabrın 6-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru professor Cəfər Cəfərov Azərbaycanın Milli Qəhrəmanı, “Zəfər” ordenli Vətən müharibəsi şəhidi Şükür Həmidovun qızı Əzizə Həmidova ilə görüşüb.

Əzizə bu il qəbul imtahanlarında iştirak edərək uğurlu nəticə əldə edib və ali məktəb seçimlərində Pedaqoji Universitetin ibtidai sinif müəllimliyi ixtisasını seçib.

Rektor prof. C.Cəfərov qeyd edib ki, Şükür Həmidov kimi igidlərimiz sayəsində bu gün vətənimiz azaddır. Biz hər birimiz şəhidlərimizə borcluyuq və çox qürurluyuq ki, Milli Qəhrəmanımızın yadigarı təhsilini bizim universitetdə davam etdirəcək.

Şükür Həmidovun ibrətamiz həyat yolundan danışan rektor onun Aprel döyüşlərində və Vətən müharibəsində göstərdiyi misilsiz şücaətlərdən söz açıb və qəhrəmanın bizlərə əmanət olan övladının ADPU-da yüksəkixtisaslı müəllim kimi yetişəcəyinə əmin olduğunu ifadə edib.

Pedaqoji Universitetin ölkəmizin ən böyük, qədim və yüksək nüfuza malik universitetlərindən biri olduğunu vurğulayan C.Cəfərov bildirib ki, son illər ərzində aparılan məqsədyönlü dövlət siyasətinin və ADPU-da icra olunan islahatların nəticəsində müəllim peşəsinin nüfuzu sürətlə artır. Təsadüfi deyildir ki, cari ildə Dövlət Pedaqoji Universitetinin qəbul planı tam dolmuş, universitetə kifayət qədər yüksək balla tələbə qəbul edilmişdir. 

Universitetin sosial və humanitar məsələlər üzrə prorektoru professor Fikrət Rzayev də öz növbəsində Əzizəni təbrik edərək onun ADPU-da təhsil alması üçün hərtərəfli tədris və zəngin tələbə mühitinin olduğunu vurğulayaraq, universitetin sosial həyatı haqqında məlumat verib.  

İbtidai təhsil fakültəsinin dekanı professor Fərrux Rüstəmov fakültə haqqında danışaraq qəhrəmanımızın övladının əmin əllərdə olduğunu bildirib.

Görüşdə iştirak edən Şükür Həmidovun qardaşı Əsəd Həmidov  göstərilən yüksək diqqətə görə təşəkkür edərək bildirib ki, Əzizənin babası Nəriman Şükürov da, anası Könül xanım da müəllimdir. Əzizənin də müəllim olmasının  qardaşının ən böyük arzusu olduğunu deyən Ə.Həmidov bunun üçün ən doğru seçimin Pedaqoji Universitet olduğunu qeyd edib.

Qəhrəmanımızın övladı Əzizə də öz növbəsində atasının torpaqlarımızın azadlığı uğrunda şəhid olduğunu və onun azad elədiyi bu müqəddəs  vətənə daha yaxşı xidmət etmək üçün əlindən gələni edəcəyini, təhsilində daim irəlidə olacağını vurğulayıb.

Qeyd edək ki, Milli Qəhrəmanın qardaşı Ə.Həmidovun qızı Gülsüm Həmidova da ADPU-nun ibtidai sinif müəllimliyi ixtisası üzrə eksperimental ingilis dilli qrupun IV tədris ili tələbəsidir.

Daha sonra görüş çay süfrəsi ətrafında səmimi söhbətlə davam edib.

Görüşün sonunda rektor prof. C.Cəfərov Əzizəyə universitetin atributlarını, yubiley nəşrləri və qiymətli hədiyyələr təqdim edib.

Ünvan məlumatları

Üzeyir Hacıbəyli, 68, Bakı, Səbail, AZ1000

Şəbəkəmiz

Kollec və filiallarımız ilə tanış olun

Xəbərlərə abunə olun

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin