Previous Next

Ermənistanın revanşist siyasəti bütün region üçün təhdid yaradır!

44 günlük şanlı Vətən müharibəsində əldə edilən tarixi qələbədən sonra regionda ədaləti bərpa edən Azərbaycan uzun illər torpaqlarımızı işğal altında saxlayan, şəhər və kəndlərimizi viran qoyan, vətəndaşlarımıza zülm edən, soyqırımı törədən erməni cəlladlarını torpaqlarımızdan qovub çıxarsa da, hər zaman sülhün tərəfdarı kimi çıxış edib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev istər müharibən öncə, istər müharibədən sonrakı dövrlərdə çıxışları zamanı dövlətimizin mövqeyini bildirmiş, ədalətli sülh tərəfdarı olduğunu bütün dünyaya bəyan etmişdir. Ölkə başçısı Azərbaycanın milli maraqlarına, müstəqilliyinə və sərhədlərinin toxunulmazlığına, eləcə də Ermənistanın gələcək inkişafına, iqtisadi-siyasi böhrandan qurtarmasına xidmət edən və əməkdaşlığın yaradılmasına yönəldilən prinsiplərdən danışarkən qeyd etmişdir: “Ermənistan Azərbaycanın təklif etdiyi beş prinsipi qəbul edib və indi praktiki işlər görülməlidir”.

Ermənistanın tərəfi isə nəinki imza etdiyi bəyanatları, Avropa İttifaqının tövsiyələrini yerinə yetirmir,  bağlanılmış sülh müqaviləsinə etinasız yanaşaraq təxribatlara əl atır. Sentyabrın  13-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatlar bir daha bütün dünyaya göstərir ki, rəsmi İrəvan öz revanşist niyyətlərindən əl çəkmir.

Bütün bunlara baxmayaraq Milli Ordumuz Ermənistanın növbəti təxribatının qarşısını alaraq düşmənə və onun havadarlarına növbəti dəfə dərs verdi. Azərbaycan Ordusu mövqelərimizi daha da möhkəmləndirərək və bir neçə yüksəkliyi fəth edərək dünyaya bir daha bəyan etdi ki, düşmənin bütün növ təxribatlarına adekvat cavab verməyə hər zaman hazırdır.

Hər halda Ermənistan daxilində davam etməkdə olan anarxiya və xaos bölgədəki sabitliyə ciddi şəkildə zərbə vurmağa davam edir. Görünən odur ki, bu gün Ermənistandakı iqtidar və müxalifət ayrı-ayrı məqsədlər güdsə də, nəticə etibarilə Azərbaycana qarşı təxribata söykənən siyasət aparmaq niyyətindədirlər. Hazırda Nikol Paşinyan hakimiyyətinin postmüharibə dövründə apardığı siyasəti təhlil etsək, İrəvanın əvvəlki illərdə olduğu kimi avantürist və qeyri-səmimi siyasət xəttini ortaya qoyduğunu görmüş oluruq.

Ümumilikdə Azərbaycan və Ermənistan sərhədləri yaxınlığında baş verən hadisələr onu göstərir ki, iki ölkə arasında yeni dönəmin başlanması üçün mütləq qarşılıqlı şəkildə ərazilərin tanınması prioritet olmalıdır. Ermənistanın təxribatları və revanşist cəhdləri beynəlxalq ictimaiyyət tərəfindən şiddətlə qınanılmalı, habelə rəsmi İrəvandan beynəlxalq normalara riayət edilməsi tələb olunmalıdır.

Ermənistan və onun rəhbəri hələ ki, qeyri-konstruktivlik, isterika, prosesi pozmaq üçün sərhəddə gərginlik yaratmaq, sərhədlərin delimitasiya və demarkasiyasına getməmək, qarşılıqlı olaraq ərazi bütövlüyünü tanımamaq və bütün bunların yekunu olaraq sülh sazişi imzalamamaq yolunu seçib. Lakin əminliklə qeyd etmək olar ki, indiyə qədər olduğu kimi, bundan sonra da Azərbaycan tarixi məqsədlərinə çatmağa davam edəcək, Ermənistan Bakının tələblərini yerinə yetirəcəkdir.

Narahatverici məqamlardan biri də budur ki, Ermənistanın bu cür təxribatlara əl atdığı bir dövrdə Azərbaycanı hədəf alan bəyanat və açıqlamaları təkcə adət etdiyimiz, ənənəvi olaraq hər addımda Azərbaycanı günahlandırmaq istəyən xarici qüvvələrdən deyil, bəzi yerli müxalif partiyalar, AXCP, Musavat və Milli Şura təmsilçiləri heç bir mənəviyyata sığmayan, şəhidlərimizin dəfn edildiyi bir zamanda şəhid ailələrinin hislərinə toxunaraq onlar üzərindən pul qazanmağa, xarici havadarları qarşısında xoş görünməyə çalışıb siyasi divident qazanmaq niyyətinə düşdülər. Pul ilə kirayələnmiş bu müxalif partiyalar hər zaman olduğu kimi yenə də dağıdıcılıq mövqeyində dayanaraq əslində xalqa müxalif olmağı seçdilər.

Bütün bunlara baxmayaraq Ölkə başçısı cənab İlham Əliyevin yürütdüyü müstəqil siyasət, səsləndirdiyi cəsarətli fikirlər, sərt xəbərdarlıqlar bir daha Azərbaycan xalqında əminlik yaradır ki, Azərbaycan dövləti bundan sonra də öz xilaskar liderinin rəhbərliyi ilə bütün sahələrdə qarşıya qoyulmuş vəzifələri uğurla həyata keçirəcək. Əhalinin işğaldan azad olunmuş ərazilərə qayıdışı, normal həyatın davam etməsi ilə regionda sülh və əmin-amanlıq da bərpa olunacaq.

Ünvan məlumatları

Üzeyir Hacıbəyli, 68, Bakı, Səbail, AZ1000

Şəbəkəmiz

Kollec və filiallarımız ilə tanış olun

Xəbərlərə abunə olun

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin