Azərbaycanda Rektorlar Konfransının yaradılması adlı Erasmus+ layihəsinin növbəti iclası Odlar Yurdu Universitetində keçirilib. Tədbirdə layihə konsorsiumunun üzvü olan universitetlərin prorektorları, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tədris işləri üzrə prorektor dosent Eldar Aslanov, Elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov və digər rəhbər şəxslər iştirak ediblər. Görüşdə layihənin 3-cü iş planı paketinin, o cümlədən Rektorlar Konfransının Strateji Planının və 2023-2025-ci illəri əhatə edən Fəaliyyət Planının hazırlanmasına dair məsələlər müzakirə edilib.
Görüş zamanı qeyd edilib ki, bu müddət ərzində müvafiq iş planına uyğun olaraq layihə çərçivəsində yaradılacaq komitələrlə bağlı qərar qəbul etmək məqsədilə 20 universitetdən 48 prorektorun iştirakı ilə sorğu keçirilib. Sorğunun nəticələrinə əsasən milli səviyyədə mövcud olan ehtiyaclar, eləcə də sorğudan əldə edilmiş nəticələr əsasında müvafiq komitələrin yaradılması qərara alınıb.
Daha sonra Strateji Planın həyata keçirilməsi üçün işçi qrupu arasında iş bölgüsü aparılıb, nəzərdə tutulan tapşırıqların icra mexanizmləri müzakirə edilib.
Görüşün sonunda qeyd edilib ki, layihə çərçivəsində Rektorlar Konfransının 2023-2025-ci illəri əhatə edən Strateji Planının hazırlanmasına yaxın zamanda start veriləcəkdir.