Previous Next

Suverenliyi tanımaqla Ermənistan Azərbaycanın Qarabağ üzərində hakimiyyətini tanımış oldu!

Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra Avropa İttifaqı (Aİ) ilə əlaqələri indiyədək iqtisadi və siyasi islahatlara dəstək, Şərq-Qərb nəqliyyat-kommunikasiya dəhlizinin yaradılması, infrastrukturun inkişafı və sair kimi müxtəlif çərçivələrdə inkişaf etdirmişdir.

            1996-cı ildə Lüksemburq şəhərində imzalanmış  və 1 iyul 1999-cu il tarixində qüvvəyə minmiş Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi siyasi dialoq, ticarət, sərmayə, qanunvericilik, elm və mədəniyyət sahəsində əməkdaşlığı əhatə etmişdir.

            Ölkəmizin regiondakı tranzit mövqeyi, Avropa və Asiyanın quru və hava nəqliyyatı yollarının kəsişməsində yerləşməsi, eləcə də Avrasiyanın nəqliyyat qovşağı rolunu oynaması onu Avropa İttifaqı üçün cəlbedici edən faktorlardandır. Azərbaycanın coğrafi vəziyyəti və müasir nəqliyyat infrastrukturu da Avropa üçün çox önəmlidir.  

Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin mühüm hissəsi sözsüz ki, enerji təhlükəsizliyi ilə bağlıdır. Bu gün Azərbaycan neft və qaz ehtiyatlarını tədarük etməklə, təkcə regionda deyil, həm də Avropa İttifaqının cənubunda enerji təhlükəsizliyinin təmin olunmasında həlledici rol oynayır.

 Cari ilin iyul ayının 18-də Azərbaycan ilə Avropa İttifaqı arasında “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalanmışdır. Əlbəttə ki, Memorandumunun imzalanması Azərbaycanın dövlət başçısının diplomatik və müdrik səylərinin nəticəsidir. Tərəflər arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu keyfiyyət və kəmiyyət baxımından çox vacibdir. Çünki bu Memorandumla Avropa İttifaqı göstərir ki, Azərbaycandan idxalı iki dəfə artırmağı nəzərdə tutur. Həmçinin, Ukrayna müharibəsi ilə üzləşən Avropanın çox həssas dövründə bu Memorandum Azərbaycan və Aİ arasında siyasi əlaqələri gücləndirməyə geniş imkanlar yaradır.

 Avropa İttifaqı enerji ixrac edən alternativ ölkələrlə, o cümlədən təbii qaz sahəsində Azərbaycanla əməkdaşlığın gücləndirilməsinə böyük önəm verir. Ötən il qaz ixracatımız əvvəlki ilə nisbətən 40 faiz artmışdır. Bu il təxminən daha 30-40 faiz artacaqdır. Əlbəttə ki, bu, böyük sərmayə tələb edir. Ona görə Avropa İttifaqı ilə imzalanmış Memoranduma əsasən növbəti illərdə Azərbaycan Avropaya qaz ixracatını ən azı iki dəfə artırmağı planlaşdırır. Əgər keçən il bu, 9 milyard kubmetr idisə, deməli, 2027-ci ildə bu, ən azı 18 milyard kubmetr olacaq. İndi yeni qaz yataqları istismara başlayır, mövcud qaz yataqlarından isə hasilat artırılacaq. Azərbaycanın həm qazı, həm nefti, eyni zamanda, elektrik enerjisi də Avropa qitəsinə ixrac ediləcəkdir.

Bir sözlə, ölkəmizdə mövcud olan sabitlik, iqtisadi inkişaf, qonşu ölkələrlə münasibətlər, nəqliyyat, kommunikasiya, elektrik xətləri imkan verir ki, respublikamız nəinki xam neft, neft məhsulları və təbii qaz, eyni zamanda, elektrik enerjisinin böyük istehsalçısına və ixracatçısına çevrilsin. Bu amil isə Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlıq münasibətlərinin daha da dərinləşməsinə şərait yaradır.

44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər regionda və bütövlükdə dünyada yeni reallıqlar yaratdı. Bu baxımdan cari ilin avqust ayının 31-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın Brüsseldə növbəti – sayca dördüncü görüşü Cənubi Qafqazda daimi sülhün və əməkdaşlığın təmin olunması istiqamətində atılan daha bir addım idi.

Oktyabrın 6-da Çexiyanın paytaxtı Praqada Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Ermənsitanın baş naziri Nikol Paşinyan arasında görüş keçirilmişdir. Brüssel danışıqlarının davamı kimi qiymətləndirilən bu görüşün sonunda ölkəmizin maraqlarını təmin edən birgə bəyanat qəbul edilmişdir. Bəyanatda qeyd olunur: “Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyır. Tərəflər bildiriblər ki, bu, delimitasiya üzrə komissiyanın fəaliyyəti üçün əsasdır və komissiyanın növbəti iclası oktyabrın sonunda Brüsseldə keçirilməlidir.”

Suverenliyi tanımaqla Ermənistan Azərbaycanın Qarabağ üzərində hakimiyyətini tanımış oldu. Sərhədlərin delimitasiyasına razılıq əldə olunub. Ermənistan Azərbaycanla sərhədə Aİ-nin mülki missiyasının göndərilməsinə razılıq verib. Missiya işini oktyabrda başlayıb, 2 ay müddətinə başa çatdıracaq. Azərbaycan da bu komissiya ilə əməkdaşlığa razılıq verib. Missiya etibarlı mühitin yaradılmasına və sərhədlərin delimitasiyasına xidmət edəcəkdir.

Ped.ü.f.d., dos. Nailə Hüseynova,
ADPU-nun Məktəbəqədər təhsil fakültəsinin dekanı

 

Ünvan məlumatları

Üzeyir Hacıbəyli, 68, Bakı, Səbail, AZ1000

Şəbəkəmiz

Kollec və filiallarımız ilə tanış olun

Xəbərlərə abunə olun

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin