Previous Next

Türkiyə və Azərbaycan dövlətləri arasında dostluq, qardaşlıq münasibətləri dərin tarixi köklərə malikdir!

Türkiyə və Azərbaycan dövlətləri arasında dostluq, qardaşlıq münasibətləri dərin tarixi köklərə malikdir. Sevidirici haldır ki, bu gün ölkələrimiz arasında olan münasibətlər daha da inkişaf edərək yeni müstəviyə qədəm qoymuşdur.

İkinci Qarabağ savaşının ilk saatlarından Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana dəstək ifadə etdi. Bildirdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu siyasi və mənəvi dəstək savaşın son gününə qədər davam edirdi. Qardaş Türkiyənin son iki ildə işğaldan azad edilmiş torpaqlarımızda genişmiqyaslı bərpa-quruculuq işlərində fəal iştirakı Türkiyə və Azərbaycan qardaşlığı və əməkdaşlığının göstəricisidir.

Müharibədən sonrakı dövrdə Türkiyə-Azərbaycan mənəvi-siyasi birliyinin daha bir əyani nümunəsi kimi 2021-ci ilin 15 iyun tarixində Şuşa şəhərində tərəflər “Şuşa Bəyannaməsi”ni imzalamaqla müttəfiqlik münasibətlərinin strateji xarakterini və ən yüksək səviyyədə olduğunu bir daha təsdiqlədilər. Bəyannamə regionun yeni geostrateji reallıqlarını təsdiqləmək nöqteyi-nəzərindən çox böyük əhəmiyyətə malikdir. Cari ilin oktyabr ayının 20-də Cəbrayıl şəhərində mətbuata bəyanatı zamanı Şuşa Bəyannaməsinin imzalandığını xatırladan dövlət başçısı cənab İlham Əliyev bununla da Türkiyə və Azərbaycanın rəsmən bütün sahələrdə müttəfiq olduğunu vurğulayaraq qeyd etmişdir: “Bu, həm xalqlarımıza ciddi gözaydınlığıdır, eyni zamanda, bölgəyə və dünyaya ciddi mesajdır. Çünki Türkiyə-Azərbaycan birliyi bölgədə çox önəmli bir faktordur. Bu, sülh, sabitlik faktorudur, ancaq, eyni zamanda, əgər kimsə yenə də bizə qarşı ədalətsiz hərəkət etmək istəsə, əlbəttə ki, bu faktoru ciddi nəzərə almalıdır”.

 Dost, müttəfiq Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngilan rayonunun işğaldan azad edilməsinin ikinci ildönümü ilə əlaqədar keçirilən tədbirlərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə birgə iştirakı da bütün bunların təsdiqidir. Zəngilan Hava Limanının açılışı Qarabağ və Şərqi Zəngəzur üçün çox önəmli hadisədir. Azərbaycan Ordusu 2 il bundan əvvəl Zəngilan şəhərini azad etdi və məhz belə bir gündə Türkiyə Prezidentinin Azərbaycanda, Zəngilanda və Cəbrayılda olması xüsusi məna daşıyır.

Ölkə başçısı cənab İlham Əliyev Qarabağda inşaat işlərində, yol çəkilişində Türkiyə şirkətlərinin çalışdığını və qısa müddət ərzində böyük işlər görüldüyünü və yolların bir hissəsinin artıq hazır olduğunu bildirmişdir: “Dəmir yolları, eyni zamanda, 33 tunelin inşası nəzərdə tutulub. Onların bir neçəsində fəal iş gedir. Tunellərin ümumi uzunluğu 50 kilometrdən çoxdur. Həmçinin, 84 körpü inşa ediləcək, onların bir qismi inşa olunub. Körpülərin uzunluğu 12 kilometrdir. Bu, ancaq birinci mərhələdə görüləcək və görülən işlərdir. Qarabağı və Şərqi Zəngəzuru tam bərpa etmək üçün daha böyük işlər görüləcək və biz bunu edəcəyik”.

Genişmiqyaslı bərpa-quruculuq işləri, o cümlədən bölgənin birinci özəl sərmayəsi olan “Dost Aqropark” haqqında ölkə başçısı vurğulamışdır: “Dost Aqropark”ının açılışını birlikdə qeyd etdik. Bu da bölgəyə birinci özəl sərmayədir, özəl yatırımdır və bu aqroparkın adı – “Dost Aqropark” özlüyündə hər şeyi deyir”. Ümummillikdə hava limanlarının açılışı, dəmir yollarının tikintisi o deməkdir ki, Azərbaycanda görülən işlər əsaslı və planlı şəkildə aparılır.

Türkiyə və Azərbaycan arasında irəli sürülən təşəbbüslər həm də türk dövlətləri təşkilatları arasında inteqrasiyanı daha gücləndirir ki, bu da böyük coğrafiyada təhlükəsizlik arxitekturasının gücləndirilməsinə xidmət edir. Bütün bunlar Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək səviyyədə olduğunu və ardıcıl inkişaf etdiyini, Türkiyə-Azərbaycan birliyinin sarsılmaz olduğunu nümayiş etdirir.

Könül Pirverdiyeva - ADPU-nun strateji inkişaf məsələləri üzrə prorektoru

Ünvan məlumatları

Üzeyir Hacıbəyli, 68, Bakı, Səbail, AZ1000

Şəbəkəmiz

Kollec və filiallarımız ilə tanış olun

Xəbərlərə abunə olun

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin