Previous Next

Pedaqoji Universitetlə Türkiyənin Qazi Universiteti arasında Əməkdaşlıq Protokolu və Erasmus sazişi imzalanıb!

Türkiyə Cümhuriyyətinin Qazi Universitetində Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) ilə təhsil, akademik və mədəniyyət məsələlərini əhatə edən Əməkdaşlıq Protokolu və Erasmus sazişinin imzalanma mərasimi keçirilib.
Qazi Universiteti rektorluğunun Yeni Sənət zalında keçirilən protokol mərasimində rektorlar prof. Musa Yıldız və prof. Cəfər Cəfərov müqavilələri imzalayıblar.
Mərasimdə Qazi Universiteti nümayəndə heyətinin üzvlərindən prorektorlar prof. Yücel Gelişli və prof. Fazlı Polat, rektorun məsləhətçiləri prof. Fahri Temizyürek və Dr. Ahmet Bilal Dostbil, Qazi Təhsil Fakültəsinin dekanı prof. Mahmut Selvi, Təhsil və Xarici Əlaqələr Qurumunun Koordinatoru prof. İhsan Kalenderoğlu, Koordinator müavini Dr. Fatma Nur Fişne, Qazi TÜRKDAM-ın direktoru prof. Alev Çakmakoğlu Kuru və direktor müavini prof. Bülent Aksoy, Qazi TÖMER direktor müavini prof. Mustafa Kurt, Qazi EPAR Müdiri dos. Mahmut Çitil, Baş katib prof. Raqib Akyürek, Baş katibin müavinləri Raşit Yıldırım və Mehmet Əli Özkan iştirak edib. ADPU nümayəndə həyətindən Azərbaycan Respublikasınım Türkiyədəki Səfirliyinin təhsil müşaviri rof. Nəcibə Nəsibova, prorektorlar dos. Eldar Aslanov və Könül Pirverdiyeva, dekan müavini Könül Həsənova və Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Günay Məhərrəmova iştirak ediblər.
Akademik əməkdaşlıq üçün bir araya gələn nümayəndə heyətləri protokol imzalanma mərasimindən əvvəl Azərbaycanın Mingəçevir Dövlət Universiteti (MDU) və Karatay Universitetinin tərəfdaşlığı ilə “8 Noyabr - Zəfər Günü”nün ikinci ildönümü münasibətilə təşkil olunan proqramda iştirak ediblər. Onlayn proqramda çıxış edən təhsil müşaviri prof. N.Nəsibova deyib: “Prezident İlham Əliyevin Azərbaycan Respublikasında Qarabağ müharibəsində qazanılan qələbənin şərəfinə elan etdiyi Zəfər Gününün tarixi əhəmiyyəti var. Bizim ümumi qələbəmiz hər yerdə qeyd olunur. Qazi Universitetində keçiriləcək təntənəli tədbir üçün də rektor prof. M.Yıldıza və əməyi keçən hər kəsə təşəkkür edirəm”.
Qazi Universitetinin rektoru prof. M.Yıldız çıxışında deyib: “Bu gün bizim üçün əhəmiyyətli bir gündür. Qarabağ zəfərinin ikinci ildönümüdür. Qarabağ hadisələri başlayanda Can Azərbaycana dəstəyimizi göstərmək üçün Qazi Universitetinin binasına Azərbaycan bayrağını və Türkiyə Cümhuriyyətinin bayrağını asdıq. Yenə o vaxt Qazi Universitetində Qarabağın dünəni, bu günü və sabahı mövzusunda panel keçirdik. Bu paneldə müharibənin qələbə ilə başa çatacağını, otuz il əsarətdə olan torpaqların əsarətdən azad ediləcəyini bildirdik. Bu gün bu proqramda MDU rektoru prof. Şahin Bayramovun dəvəti ilə qonaq olduq. Universitetimizdə də bayram proqramı olacaq. Karatay Universitetinin rektoru prof. Fevzi Rıfat Ortaça da təşəkkür edirəm”.
Pedaqoji Universitetin rektoru prof. C.Cəfərov çıxışında deyib: “Biz böyük Zəfər bayramı ərəfəsindəyik. Azərbaycanda çoxlu müxtəlif mərasimlər keçiririk. Bu günü qardaş Türkiyədəki Qazi Universitetində də qeyd edəcəyik. Türkiyə bir çox sahədə böyük uğurlar qazanıb. Qazi Universiteti Türkiyəni daha yaxşı gələcəyə aparan qurumlardan biridir. Bu gün bizi burada qəbul etdiyi üçün Qazi Universitetinə təşəkkür etmək istəyirəm. Universitetlərarası akademik əməkdaşlığın faydalı olmasını arzulayıram”.
Onlayn proqramdan sonra Qazi Universitetinin tanıtım filmi nümayiş etdirilib. Filmin nümayişindən sonra nümayəndə heyətlərinin görüşü baş tutub. Protokolun imzalanma mərasiminin sonunda rektorlar bir-birinə xatirə hədiyyələri təqdim ediblər. Bundan əlavə, rektor prof. M.Yıldız Qazi Universitetinin meşəsalma işləri çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin nümayəndə heyətinin üzvlərinə fidan sertifikatı təqdim edib. Mərasim kollektiv xatirə şəklinin çəkilməsi ilə başa çatıb.

Ünvan məlumatları

Üzeyir Hacıbəyli, 68, Bakı, Səbail, AZ1000

Şəbəkəmiz

Kollec və filiallarımız ilə tanış olun

Xəbərlərə abunə olun

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin