Noyabrın 18-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında görkəmli Azərbaycan şairi Əhməd Cavadın anadan olmasının 130 illiyi münasibətilə “İstiqlal şairi Əhməd Cavad” adlı elmi-nəzəri konfrans keçirilib. Konfransda filialın professor-müəllim heyəti və tələbələri iştirak ediblər. Tədbiri giriş sözü ilə filialın tədris işləri üzrə direktor müavini dosent Gülarə Abdullayeva açaraq, Əhməd Cavadın Azərbaycan ədəbiyyatı tarixində mövqeyindən bəhs edib. Qeyd olunub ki, Azərbaycanın dövlət himninin sözlərinin müəllifi olan Əhməd Cavad vətənpərvər, azadlıq ruhlu şeirləri ilə xalqımızın yaddaşında əbədiləşib, istiqlal şairi kimi tanınıb və həmişə sevilib. Repressiya qurbanı olan şairin müxtəlif məzmunlu şeirləri, ədəbi-tənqidi məqalələrindən söz açan natiq, Əhməd Cavadın qısa, lakin mənalı ömür yaşadığını və özündən sonra qiymətli, zəngin ədəbi irs qoyduğunu diqqətə çatdırıb.
Konfransda filialın Humanitar fənlər kafedrasının müdiri, tar.ü.f.d., baş müəllim Vüsal Baxışov “XX əsrin əvvəllərində Azərbaycanda ictimai-siyasi vəziyyətin Əhməd Cavad poeziyasına təsirləri və onun izləri”, həmin kafedranın əməkdaşları: baş müəllim, şair Vaqif Aslan “Əhməd Cavadın yaradıcılıq yolu”, dosent Kamil Adişirinov “Əhməd Cavadın folklor görüşləri”, filialın filologiya fakültəsinin III tədris ili tələbəsi Xədicə Şərifli “Əhməd Cavad yaradıcılığında Vətən mövzusu” mövzusunda məruzələrlə çıxış ediblər.
Konfransa hazırlıq məqsədilə Türkan Mirzəyevanın rəhbərliyi ilə filialın kitabxanası şairə həsr edilmiş stend hazırlamışdır.