Noyabrın 24-də Sabunçu rayonu Maştağa kənd 209 nömrəli tam orta məktəbin VIII-IX siniflərində təhsil alan 35 nəfər şagirdi Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) qonağı olublar. Görüş Gəncə Regional Qadın Mərkəzi İctimai Birliyinin (GRQM İB) ““Gender məktəbi” çərçivəsində fəaliyyətlərin təşkili” layihəsi çərçivəsində həyata keçirilib. Layihənin məqsədi məktəblərdə gender bərabərliyinin təşviqi ilə tolerant, tənqidi düşüncəyə malik, təşəbbüskar və SMART yeni nəslin yetişdirilməsinə tövhə verməkdir.
Əvvəlcə şagirdlərlə ADPU-nun böyük akt zalında görüş keçirilib. Görüşdə ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru professor Fikrət Rzayev, strateji inkişaf məsələləri üzrə prorektoru Könül Pirverdiyeva, Bakı şəhəri üzrə Baş Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova, GRQM İB-nin sədri Məleykə Əlizadə, 209 nömrəli tam orta məktəbin direktoru Səbahət Ağayeva, həmçinin məktəbin müəllimləri, şagirdlər və valideynlər iştirak ediblər.
Spikerlər çıxış edərək təhsildə gender bərabərliyinin təşviqinin əhəmiyyətindən söz açmış, xüsusən, genderə həssas bölgələrdə ictimai maarifləndirmə işlərinin vacibliyini vurğulamışlar. Çıxışlarda bu baxımdan yuxarı sinif şagirdlərinin ali təhsil müəssisələrinə səfərlərinin, görüşlərinin də onların dünyagörüşü və peşə-istisas seçimində rolu xüsusi vurğulanmışdır.
O da qeyd olunub ki, məktəb-icma birliyinin yaradılması konsepsiyası çərçivəsində bu səfər valideynlərlə ortaq təşkil edilib.
Görüş zamanı ADPU-nun tələbə təşkilatlarının fəalları tərəfindən şagirdlərə dəstək vermək məqsədi ilə mentorluq proqramının icra olunması qərara alınıb.
Daha sonra şagirdlər universitetlə ətraflı tanış olmuşlar. Universitetin Heydər Əliyev Muzeyi, “Zəfər” stendi, STEAM Mərkəzi, müasir Kitabxana-İnformasiya Mərkəzi, tədris auditoriyalarını gəzən şagirdlər çay süfrəsi ətafında təəssüratlarını bölüşmüşlər. ADPU-nun rektoru professor Cəfər Cəfərov şagirdlərlə görüşərək səmimi söhbət edib. Şagirdlərin əksəriyyəti gələcəkdə müəllimlik peşəsinə yiyələnmək arzularını ifadə etmişlər.
Şagirdlərə və 209 nömrəli məktəbə ADPU-nun 100 illik yubiley nəşrləri və suvenirləri, həmçinin ingilis dilində bədii kitablar hədiyyə olunub.
Qeyd edək ki, layihə çərçivəsində digər Bakıətrafı kənd məktəblərinin də şagirdlərinin universitetə ekskursiyası təşkil olunacaq.