Previous Next

ADPU kollektivi Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad edib

Dekabrın 9-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Ulu Öndərin anım gününə həsr olunmuş dəyirmi masa keçirilib. Tədbirdə universitetin rəhbərliyi, Nərimanov Rayon İcra Hakimiyyətinin nümayəndələri, universitetin müvafiq struktur rəhbərləri, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Universitet kollektivi tədbirdən öncə Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı üzərinə əklil qoyulub.

ADPU-nun Heydər Əliyev Mərkəzinin müdiri Tahir Süleymanovun moderatorluğu ilə keçirilən dəyirmi masa Ümummilli Liderin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Daha sonra Ulu Öndərin özünün səsləndirdiyi Səməd Vurğunun “Azərbaycan” şeiri ekranda nümayiş etdirilib, ardınca Heydər Əliyevin dəfn mərasimini əks etdirən videoçarx təqdim olunub.
Tədbirdə çıxış edən ADPU-nun rektoru, professor Cəfər Cəfərov qeyd edib ki, gələn il müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Universitetimizin Elmi Şurası noyabrın 22-də əlamətdar yubileyə həsr olunmuş geniş Tədbirlər Planını təsdiq edib. Qarşıdakı dövr ərzində onun icrası istiqamətində universitetin çoxminli kollektivinin və qonaqların iştirakı ilə müxtəlif səpkili tədbirlərin keçirilməsi nəzərdə tutulub.
Ümummilli Liderin ən görkəmli siyasi və dövlət xadimlərindən, nadir şəxsiyyətlərdən biri olduğunu qeyd edən rektor vurğulayıb ki, dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev artıq bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul olunur. C.Cəfərov deyib: “Bu gün Ulu Öndərin ən böyük arzusu reallığa çevrilib: müstəqil Azərbaycan Respublikası postsovet məkanında öz ərazi bütövlüyünü silah gücünə, hərbi-siyasi yolla bərpa edə bilən ilk və yeganə ölkə olub. Bu gün Azərbaycan cənab İlham Əliyevin rəhbərliyi altında dinamik inkişaf edən, dünya birliyində xüsusi yeri olan ləyaqətli bir dövlət kimi tanınır. Bugünkü Azərbaycan məhz Heydər Əliyevin görmək istədiyi müstəqil, müasir və qüdrətli Azərbaycandır. Buna görə də bu gün Ulu Öndərin ruhu şaddır”.
Rektorun çıxışından sonra Heydər Əliyev haqqında sənədli film nümayiş etdirilib. Daha sonra Magistratura və doktorantura şöbəsinin müdiri, s.e.ü.f.d. Rəşad Sadıqov Heydər Əliyevin 1993-2003-cü illərdə formalaşdırdığı və həyata keçirdiyi xarici siyasət kursunun əsas prinsip və istiqamətlərindən söz açıb. “91-lər”in nümayəndələri, universitetin dosentləri Allahverdi Hacıyev və Heydər Hüseynov həm Ümummilli Lider, həm də Yeni Azərbaycan Partiyasının yaradılması prosesi ilə bağlı xatirələrini bölüşüblər.
Tədbirdə iştirak edən Nərimanov Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdirinin müavini Vəfadar Zeynalov anım günü ilə bağlı rayon miqyasında keçirilən tədbirlər barədə məlumat verib.
SABAH qruplarının III kurs tələbəsi, ADPU Təhsil Könüllüləri İctimai Birliyinin sədri Nərgiz Quluzadə Heydər Əliyevin gənclərlə bağlı yürütdüyü uzaqgörən siyasətdən, gənc nəslin fiziki, intellektual və mənəvi inkişafının təmin olunmasına yönəlmiş tədbirlərdən bəhs edib.
Dəyirmi masada Tarix və coğrafiya fakültəsinin tələbələri Nərmin Ələsgərova, Röya Qurbanova və Eltun Kərimovun ifasında Zəlimxan Yaqubun “Böyük ömrün dastanı” poemasından parçalar və Xəlil Rza Ulutürkün “Dədə Heydər - Atatürk” şeiri səsləndirilib.

Ünvan məlumatları

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

 

Şəbəkəmiz

Kollec və filiallarımız ilə tanış olun

Xəbərlərə abunə olun

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin