Previous Next

Azərbaycanın tarixi taleyi, xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişi Ulu Öndərin adı ilə sıx bağlıdır

Hər il dekabrın 12-də xalqımız Ümummilli lider Heydər Əliyevin əziz və unudulmaz xatirəsini dərin ehtiramla yad edir. Zaman bizi Ulu öndərin əbədiyyətə qovuşduğu o ağır və ağrılı gündən uzaqlaşdırdıqca onun zamana və məkana sığmayan nadir obrazı gözlərimiz önündə canlanır. Azərbaycan xalqının Ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Bu qüdrətli şəxsiyyətin öz Vətənini müstəqillik epoxasına hazırlamaq və əldə edilmiş suverenliyi qoruyub saxlamaq missiyası çağdaş tariximizin məna və mahiyyətini təşkil edərək onun ən parlaq səhifələrinə çevrilmişdir.

Azərbaycanın tarixi taleyi, xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişi Ulu Öndərin adı ilə sıx bağlıdır. Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra ilk illərdə ölkədə hakimiyyət uğrunda başlanan silahlı mübarizə, hakimiyyətlərin bir-birini əvəz etməsi və çoxhakimiyyətliliyin hökm sürməsi müstəqil dövlətçiliyə ağır zərbələr vurmuşdu. Nəticədə, 1993-cü ilin yayında Azərbaycan dövlətçiliyi böhran və məhv olmaq təhlükəsi qarşısında qalmış, ölkə vətəndaş müharibəsi və parçalanma həddinə gətirilmişdi. Belə bir vəziyyətdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər öz böyük siyasi təcrübəsi və müdrikliyi ilə Azərbaycanı bu təhlükəli vəziyyətdən çıxarmaq üçün gərgin işə başlamışdır.

Ulu öndər rəhbərlik etdiyi bu dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır. Bu illər ərzində Azərbaycan bir çox uğurlar əldə etmiş, müstəqil dövlət kimi bərqərar olmuşdur. Azərbaycan inkişaf edərək qüdrətli dövlətə, dünyada söz sahibinə çevrilmişdir. Vaxtilə xəyal hesab edilən transmilli energetika və nəqliyyat layihələri uğurla reallaşdırılmışdır.

Bu gün Azərbaycanın suverenliyini, müstəqilliyini qorumağa qadir olan, Müzəffər Ali baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Zəfər qazanaraq ərazi bütövlüyünü təmin edən Orduya malik olması Ulu Öndərin Azərbaycan xalqı qarşısında göstərdiyi misilsiz xidmətlərdən birinin bariz nəticəsidir.

Ümummilli lider Heydər Əliyevin xalqımız qarşısında ən böyük və tarixi xidmətlərindən biri də ondan ibarətdir ki, o, sürətli inkişaf yoluna qədəm qoymuş Azərbaycanı cəsarətlə idarə etməyə qadir olan layiqli davamçı hazırlamışdır. Yüksək təfəkkür, zəngin dövlətçilik və idarəçilik təcrübəsi qazanmış, müasir düşüncəli, praqramtik lider Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün sahələrdə inkişaf yolunda inamla irəliləyir. Zəngin dövlətçilik məktəbindən dərs alan, təcrübəli diplomat, Ölkə rəhbəri cənab İiham Əliyev dünyada ən islahatçı dövlət başçılarından biri kimi qəbul edilir. Sevindirici haldır ki, Ümummilli liderimizin siyasi xətti bu gün Prezident İlham Əliyev tərəfindən qloballaşan dünyanın tələbinə uyğun olaraq yeni məzmun və keyfiyyətdə uğurla davam etdirilir.

Qəlbi həmişə Azərbaycanla döyünən Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaq, onun parlaq xatirəsi daim anılacaq və seviləcəkdir.

Cavid Hüseynov - ADPU-nun ictimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri, mətbuat katibi

 

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search