Previous Next

“Meh”in 5 ili

Dekabrın 20-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Filologiya fakültəsində fəaliyyət göstərən Meh ədəbi dərnəyinin 5 illik hesabat tədbiri keçirilib. Tədbirdə universitet rəhbərliyi, müvafiq strukturların rəhbərləri, habelə tanınmış şair, ədəbiyyatşünas alim professor Vüqar Əhməd, Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva iştirak edib.
Əvvəlcə fakültənin foyesində Meh ədəbi dərnəyinin üzvləri tərəfindən canlandırılan klassik və müasir Azərbaycan şairlərinin obrazları qonaqları salamlayıb, milli adət-ənənələrimizi əks etdirən kompazisiyaya tamaşa edilib. Daha sonra ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, Filologiya fakültəsinin dekanı vəzifəsini icra edən professor Mahirə Hüseynova qonaqları ədəbi dərnəyin fəaliyyətini əks etdirən stendlə tanış edib.
Tədbirdə açılış nitqi ilə çıxış edən ADPU-nun Ədəbiyyat kafedrasının müəllimi dosent Qüdrət Umudov qeyd edib ki, 2018-ci ildə fakültə dekanı prof. Mahirə Hüseynovanın təşəbbüsü ilə yaradılan Meh ədəbi dərnəyi fakültədə tələbə həyatının canlanmasına səbəb oldu.
Dos. Q.Umudov bildirib ki, nəsr, poeziya və ədəbi tənqid bölmələri ilə fəaliyyətə başlayan ədəbi dərnəyin tərkibində bu gün əlavə olaraq musiqi, rəsm, rəqs, teatr və aktyorluq və bədii qiraət bölmələri də fəaliyyət göstərir: “Meh ədəbi dərnəyi bu müddət ərzində çoxsaylı Respublika və beynəlxalq tədbirlərdə uğurla iştirak edib, ADPU-nun 100 illik yubiley tədbirinin bədii hissəsi, tanınmış ədəbiyyat və mədəniyyət xadimlərinin yaradıcılıq və yubiley tədbirlərini təşkil edib, fəaliyyəti mətbuatda geniş işıqlandırılıb.”
Meh ədəbi dərnəyinin fəaliyyətini əks etdirən videoçarxın nümayişindən sonra dərnək üzvlərinin təqdimatında ədəbi-bədii kompozisiya təqdim olunub, eləcə də, müxtəlif əsərlərdən parçalar səhnələşdirilib, şeirlər, mahnılar səsləndirilib. M.Ə.Sabirin satiraları, Ə.Haqverdiyevin "Qoca tarzən", Hüseyn Cavidin "Ananın dramı" əsərləri əsasında hazırlanmış səhnələr böyük coşğu ilə qarşılanıb.
Bədii hissədə tanınmış şairə Mahirə Nağıqızının "Qəlbimdəki məzar", "Sənli günlərim", "Xəyalımda", "Ağlama" kimi şeirləri səsləndirilib, Əməkdar artist Elnur Zeynalov, Gülzar Fərəcova, Almaxanım Əhmədli kimi tanınmış incəsənət nümayəndələri, fakültənin məzunu aşıq Ceyhun Qurbansoy və digərləri tərəfindən şeirlərə bəstələnən mahnılar, eləcə də xalq mahnıları, aşıq havaları muğamlar ifa olunub. Dərnəyin üzvləri Azərbaycan, ingilis və fransız dillərində xalq mahnısı "Sarı gəlin"i ifa ediblər.
Sonda professor Mahirə Hüseynova tərəfindən Meh ədəbi dərnəyinin sədri Raman İsmayılov və üzvlər məhsuldar fəaliyyətə görə Fəxri fərmanla təltif olunub.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search