Previous Next

Davos Dünya İqtisadi Forumu ölkəmizlə əməkdaşlıq etmək istəyən tərəfdaşlar üçün yeni fürsətlər yaradır

Yanvarın 16-dan 20-dək İsveçrənin Davos şəhərində “Parçalanmış dünyada əməkdaşlıq” devizi altında Dünya İqtisadi Forumu (WEF - World Economic Forum) keçirilib. Bu il təşkil olunmuş Forumunun gündəliyinə uyğun olaraq 2023-cü il üçün Qlobal Risk Hesabatı təqdim edilib. Hesabata uyğun olaraq mövcud vəziyyətdə təsiri hiss edilən qlobal risklər, 2025-ci ildə təzyiqi artacaq risklər və 2033-cü ildə qlobal səviyyədə aktuallaşacaq risklər vurğulanıb. 2023-cü ildə qlobal səviyyədə təsiri hiss ediləcək risklər bunlardır “enerji təchizatı böhranı”, “yaşayış xərcləri böhranı”, “artan inflyasiya”, “ərzaq təchizatı böhranı” və “kritik infrastruktura kiberhücumlar” kateqoriyaları üzrə qruplaşdırılıb. 2025-ci ilə gedən yolda isə iki illik risklərə “borc böhranları”, “qiymət trayektoriyalarının sabitləşdirilməməsi”, “iqlim dəyişikliyinin ləngidilməsində uğursuzluq”, “iqlim dəyişikliyinə adaptasiyada uğursuzluq”, “geniş yayılmış kibercinayətkarlıq və kibertəhlükəsizlik” və “ətraf mühitə böyük ziyan vuran hadisələr” daxil edilib.

Yanvarın 19-da Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında iştirak edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışı zamanı Şərq–Qərb nəqliyyat dəhlizinin və bu əsasda Orta Dəhlizin əhəmiyyətinin artmasında rolunu xüsusi qeyd edib. Azərbaycanda nəqliyyat-logistika infrastrukturunun qurulması və inkişaf etdirilməsi istiqamətində indiyədək həyata keçirilmiş işlər haqqında məlumat verən Ölkə başçısı ölkəmizin öz ərazisindən yüklərin daşınması üçün ötürücülük qabiliyyətinin artırılması istiqamətində fəaliyyətini davam etdirdiyi vurğulayaraq bildirmişdir: “Düşünürəm ki, Orta Dəhlizin üstünlüklərindən biri ondan ibarətdir ki, bu nəhəng layihədə iştirak edən ölkələr öz aralarında yaxşı münasibətlərə malikdir.  Hesab edirəm ki, istənilən çoxmillətli təşəbbüsdə uğurun qazanılması üçün bu, ilkin şərtlərdən biridir. Azərbaycan özünün Qərbində olan qonşuları Gürcüstan və Türkiyə, Şərqində isə Mərkəzi Asiya ilə gözəl münasibətlərə malikdir. Qərb və Şərq arasında təbii coğrafi bağlantıya malik olduğumuz üçün biz ötən illər ərzində nəqliyyat infrastrukturuna böyük sərmayə yatırmışıq. Azərbaycanda bütün zəruri infrastruktur obyektləri daha çox yük qəbul etməyə hazırdır”.

Daha sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Avropa İttifaqının büdcə və administrasiya üzrə komissarı Yohannes Han ilə görüşü zamanı enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə edilərək, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına verdiyi töhfə qeyd edilib. Təbii ki, Ölkə başçısı cənab İlham Əliyev Forumun dünya siyasətinə, beynəlxalq və digər iqtisadi münasibətlərə çox ciddi təsirə malik olmasından istifadə edərək ölkəmizin həyata keçirdiyi nəqliyyat və enerji layihələri barədə, Avropa üçün enerji təhlükəsizliyini təmin edə biləcək etibarlı və dayanıqlı tərəfdaş kimi dünya liderləri ilə müzakirələr aparır, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırır. Davos Dünya İqtisadi Forumu ölkəmizlə əməkdaşlıq etmək istəyən tərəfdaşlar üçün yeni fürsətlər yaradır və bu səbəbdəndir ki, belə platformalarda Azərbaycana olan marağın ildən-ilə yüksəlməsinin şahidi oluruq.  

Bununla yanaşı Azərbaycanın böyük Qələbəsindən sonra regionda yaranmış yeni iqtisadi və siyasi münasibətlər fonunda ölkəmizlə münasibətlər qurmaq istəyən dövlətlər üçün də geniş imkanlar yaranıb. İşğaldan azad olunmuş ərazilərə sərmayələrin qoyulması baxımından Azərbaycanla əməkdaşlıqda maraqlı olan böyük şirkətlər Azərbaycanın timsalında etibarlı tərəfdaş və yeni imkanlar əldə edəcəklərinə əmindirlər. Təbii ki, bu münasibətlər, keçirilən görüşlər, baş tutan danışıqlar Azərbaycanın milli maraqlarına xidmət etməklə yanaşı, ölkəmizlə yeni iqtisadi münasibətlər qurmaq istəyən tərəfdaşlar üçün fürsətlər yaradacaq.

Göründüyü kimi, Dövlət başçısı cənab İlham Əliyevin tanınmış şirkətlərin prezidentləri ilə görüşündə bir çox önəmli layihə və təşəbbüsün səsləndirilməsi mühüm önəm daşıyır. Beləliklə, bu istiqamətdə həyata keçirilən uğurlu siyasət Azərbaycanın maraqlarını təmin etmək və etibarlı tərəfdaş kimi təqdim etmək baxımından ölkəmizə yeniliklər gətirəcək.

Sosial və humanitar məsələlər üzrə prorektor, əməkdar müəllim, professor Fikrət Rzayev

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search