Previous Next

Pedaqoji Universitetdə nadir kitab və əlyazmaların sərgisi keçirilib

Fevralın 15-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Kitabxana-İnformasiya Mərkəzinin təşkilatçılığı ilə universitetin kitabxana fondunda qorunan nadir kitabların sərgisi keçirilib.
Tədbirdə ADPU-nun rəhbərliyi və professor-müəllim heyəti ilə yanaşı AMEA-nın müvafiq institutlarının rəhbər şəxsləri və əməkdaşları, millət vəkilləri, müxtəlif universitetlərin alimləri, Azərbaycan Milli Kitabxanasının və AMEA Elmi Kitabxanasının nümayəndələri və digər ziyalılar iştirak ediblər.
Tədbirdə çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov diqqətə çatdırıb ki, Pedaqoji Universitetin kitabxanası ölkəmizin ən zəngin ikinci universitet kitabxanası olmaqla, eyni zamanda xeyli sayda qədim və nadir kitabların, əlyazmaların da qorunduğu unikal bir məkandır. Rektor qeyd edib ki, kitabxananın nadir kitablar fondunda müxtəlif dövrlərə aid 1000 nüsxəyə yaxın nadir kitab və əlyazmalar qorunur ki, onların 121 nüsxəsi “Azərbaycan Kitab Abidələri” elektron reyestrində qeydiyyata alınıb, digər kitabların da işlənilməsi məqsədi ilə ADPU-nun peşəkar kitabxanaçıları sahə üzrə mütəxəssislərin cəlb edilməsi ilə intensiv iş aparırlar.
Nadir kitablar haqqında ətraflı məlumat verən sosial və humanitar məsələlər üzrə prorektor prof. Fikrət Rzayev diqqətə çatdırıb ki, universitetdə yenidənqurma və təkmilləşdirmə işləri ilə bağlı kitabların saxlanılması və qeydiyyatı sahəsində də təkmilləşdirmələr aparılır. O vurğulayıb ki, hazırda ADPU kitabxanasının fondunda ərəb, fars, rus, əski əlifbalı Azərbaycan dili və bir neçə Avropa dillərində nəşr olunmuş müxtəlif sahələrə aid nadir nəşrlər qorunur. Onlar arasında ən qədim nəşr 1741-ci ildə Sankt-Peterburqda nəşr olunmuş Rikotanın o dövr Osmanlı imperiyasından bəhs edən 278 səhifəlik kitabıdır.
Millət vəkilləri Anar İsgəndərov və Etibar Əliyev belə bir irsin mühafizə olunmasının önəminə diqqət çərəkərək, bu əsərlərin hər birinin üzərində mütəxəssislərin işləyərək onların reyestrə salınması, transliterasiyası və s. məsələlərin vacibliyini qeyd ediblər.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search