Previous Next

ADPU-da MBA və SABAH magistratura üzrə ilk elmi-tədqiqat və istehsalat təcrübələri təşkil olunur

Fevralın 16-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) magistrantların Elmi-tədqiqat təcrübəsinin başlanmasına həsr olunmuş konfrans keçirilib.
Açılış nitqi ilə çıxış edən rektor professor Cəfər Cəfərov təcrübəyə başlayacaq tələbələrə uğurlar arzulayaraq qeyd edib ki, son dövrlərdə universitetdə ali təhsilin bütün sahələri üzrə kadr hazırlığında əsaslı irəliləyiş müşahidə olunur, dövrün trendlərinə uyğun olaraq yeni ixtisaslar yaradılır. Rektor qeyd edib ki, “Təhsilin təşkili və idarə olunması (MBA)” və “Təlim və tədrisin təşkili və metodikası (SABAH)” magistratura ixtisaslaşmaları üzrə bu il ilk buraxılışlar olacaq və hər iki ixtisaslaşma üzrə ilk elmi-tədqiqat və istehsalat təcrübəsi təşkil olunur.
Çıxış edən elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov vurğulayıb ki, universitetdə magistr hazırlığının keyfiyyətini artırmaq məqsədi ilə artıq ikinci ildir ki, magistrantların xarici ölkə universitetlərində də təcrübə keçməsinə başlanılıb. Prorektor bildirib ki, magistrantların dissertasiya mövzuları arasında ali təhsilin idarəolunmasının aktual məsələlərinə xüsusi yer verilir və universitetin rəhbər heyəti şəxsən bu mövzulara elmi rəhbərlik edir.
Elmi-tədqiqat təcrübəsinin təşkili barədə geniş məlumat verən Magistratura və doktorantura şöbəsinin müdiri s.e.ü.f.d. Rəşad Sadıqov qeyd edib ki, 2022-2023-cü tədris ilində ümumilikdə 22 ixtisas üzrə 26 ixtisaslaşmada təhsil alan 290 nəfər II tədris ilinin magistrantı ADPU-nun 23 kafedrasında və müvafiq qurumlarda elmi-tədqiqat və istehsalat təcrübəsində iştirak edəcək.
Şöbə müdiri qeyd edib ki, “Təhsilin təşkili və idarə olunması (MBA)” və “Təlim və tədrisin təşkili və metodikası (SABAH)”, “Təhsildə monitorinq və qiymətləndirmə” və “Təhsil menecmenti” ixtisaslaşmaları ixtisasları üzrə təhsil alan tələbələrin təcrübələrində müəyyən fərqlər də olacaq, onlar tədqiqat layihələrində iştirak edəcəklər.
Qeyd edək ki, elmi-tədqiqat təcrübəsi 16 fevral-16 mart 2023-cü il tarixləri aralığında 4 həftə davam edəcək. Elmi-tədqiqat təcrübəsinin nəticəsində magistrant davamiyyətə görə maksimum 20 bal, fərdi iş planının tərtibinə görə maksimum 20 bal, elmi seminarda iştirakı və məruzə ilə çıxışına görə maksimum 20 bal, təcrübə dövründə məqalə hazırlanmasına görə maksimum 30 bal, dissertasiya mövzusu ilə bağlı yeni ədəbiyyatla tanışlığa görə maksimum 10 bal olmaqla, ümumilikdə mümkün 100 balla qiymətləndirilir. Elmi-tədqiqat təcrübəsinin 25%-dən çoxunda iştirak etməyən magistrant təcrübədən keçməmiş hesab edilir.
Sonda təcrübə ilə bağlı fikirlərini bölüşənlərdən professor Mübariz Əmirov, professor Müseyib İlyasov, professor İsa İsmayılov və magistrant Nurxan Rəcəbli magistr hazırlığında keyfiyyətin yüksəldilməsindən, magistrantların iş və tədqiqat imkanlarının genişləndirilməsindən söz açıblar.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search