Son günlərdə sosial şəbəkələrdə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyevin Azərbaycan Dövlət Pedaqoji Universitetinin magistratura səviyyəsində təhsil alan zaman eyni anda müxtəlif vəzifələrdə işlədiyi bildirilib. Məsələ tərəfimizdən araşdırılmışdır. Qeyd edək ki, R.Hacıyev 2016-cı ildə ADPU-nun "İbtidai sinif müəllimliyi" ixtisasının "İbtidai sinifdə tədrisin təşkili və metodikası" ixtisaslaşmasının əyani təhsil formasına Dövlət İmtahan Mərkəzi xətti ilə qəbul olunmuş, 2018-ci ildə isə bitirmişdir. R.Hacıyev təhsil aldığı müddətdə təsdiq edilmiş cədvəl üzrə dərslərdə iştirak etmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil müəssisələrinin bakalavriat və magistrstura səviyyələrində, AMEA-nın magistratura səviyyəsində kredit sistemində tədrisin təşkili Qaydarına"nın təsdiq edilməsi haqqında 2013-cü il 24 dekabr tarixli qərarının 3.2.23-cü bəndinə əsasən, tələbə fənn üzrə ayrılmış auditoriya saatlarının 25%-dən çoxunda iştirak etmədikdə, həmin fəndən imtahanlarına buraxılmır. R.Hacıyevin bütün dərslərdə iştirakı qənaətbəxş olduğu üçün imtahanlara buraxılmış və müvəffəqiyyətlə qazanmışdır.
Məlumat üçün bildiririk ki, hazırda da müxtəlif regionlardan olan və işləyən tələbələrimiz var və onlar qrafikə uyğun olaraq dərslərdə iştirak edirlər. Dövlət İmtahan Mərkəzinin xətti ilə qəbul imtahanı verib magistrant adını qazanan və dərslərdə iştirak edən tələbələrin təhsilini davam etdirməsində hər-hansı hüquqi məhdudiyyət yoxdur. Vəzifəsindən asılı olmayaraq universitetdə təhsil alan heç bir tələbəyə xüsusi imtiyaz verilmir və müvafiq davamiyyət limitini gözləyən şəxslər təhsillərini normal davam etdirirlər.