Previous Next

Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş Azərbaycan Ordusu indi dünyanın ən güclü orduları sırasında yer alıb

Tarixə nəzər saldıqda müxtəlif dövrlər ərzində Azərbaycan xalqı müxtəlif siyasi sistem və şəraitlərdə yaşamalı olmuş və çətin sınaqlarla qarşılaşmışdır. Əslində, Azərbaycanın qərar tutduğu bölgə hərb işinin ilkin təşəkkül tapdığı bölgələrdən biri hesab olunur. Bir tərəfdən təsərrüfat həyatının yüksək inkişafı, digər tərəfdən də maraqlı coğrafi məkan obyektiv olaraq burada hərb işinin inkişafını zəruri edirdi. Bu inkişaf isə Azərbaycan xalqına dəyəri bu gün də öz əhəmiyyətini itirməyən və dünya hərbi-elmi fikri tərəfindən də layiqincə qiymətləndirilən zəngin bir irsi miras qoydu.

Azərbaycan Ordusunun əsasının XX əsrin əvvəllərində qoyulmasına baxmayaraq, məlumdur ki, Azərbaycanın qəhrəmanlıq və mübarizlik ənənələrinin çox qədim və zəngin bir tarixi var. Ötən müddət ərzində Azərbaycanın milli hərbi kadrlarının yetişməsi, onun milli ordu quruculuğu tarixi də bu siyasi sistemlərin təsiri altında formalaşmışdır. Ona görə də Azərbaycan Ordusunun 105 illik tarixi enişli-yoxuşlu bir tarixdir və onun obyektiv şəkildə öyrənilməsi kifayət qədər aktual bir məsələdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müxtəlif çıxışlarında bu dövrlərə hərbi-siyasi qiymət verərək və onların obyektiv təhlilini apararaq hərb tariximizin son birəsrlik dövrünün bütün mərhələləri haqqında maraqlı fikirlər söyləmişdir: “XX əsrin sonunda öz dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasının Silahlı Qüvvələri məhz Azərbaycan Xalq Cümhuriyyəti Milli Ordusunun layiqli varisidir”.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev də öz xalqının tarixində müstəsna rola malik və ən mürəkkəb şəraitdə xalqının xilaskarlıq missiyasını üzərinə götürmüş bənzərsiz dövlət xadimlərindən biridir. Ulu öndərin istər sovet hakimiyyəti dövründə, istərsə də müstəqillik illərində Azərbaycana rəhbərliyi belə bir aydın və istisnasız qənaətə gəlməyə imkan verir. Hər iki rəhbərlik dövründə Heydər Əliyev Azərbaycanı inkişafının çox yüksək səviyyəsinə qaldıra bildi. Sovet hakimiyyəti illərində Azərbaycanın hərb tarixi üçün mühüm əhəmiyyət kəsb edən məqamlardan biri Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin sovet Azərbaycanına rəhbərliyi dövründə milli zabit kadrlarının yetişdirilməsi sahəsində gördüyü tarixi fəaliyyətdir. Böyük bir uzaqgörənliklə həyata keçirilən bu işlərin nəticəsində Azərbaycanda yeni bir zabit nəslinin yetişdirilməsi mümkün oldu ki, məhz həmin zabitlər XX əsrin sonlarında müstəqilliyini yenidən qazanmış respublikanın milli ordusunun ilkin və gərəkli zabit bazasını təşkil etdilər.

Sovet hakimiyyəti dövründən fərqli olaraq, XX əsrin sonlarında ümummilli lider Heydər Əliyev əvvəlcə müstəqil Azərbaycanı qurdu və sonra da onu inkişafının yüksək səviyyəsinə çatdırdı. Heydər Əliyevi başqa siyasətçilərdən fərqləndirən başlıca xüsusiyyət ən mürəkkəb vəziyyətdə belə bəlkə də çoxlarının görə bilmədiyi ən doğru, ən təsirli vasitələri tapıb qarşıda dayanan vəzifələrin yüksək icrasına nail ola bilməsi idi. Ulu öndər Heydər Əliyevin 2 noyabr 1993-cü il tarixli müraciəti Azərbaycanda ordu quruculuğunun əsaslarını müəyyənləşdirəcək tarixi bir sənəddir. Strateji planda ordu quruculuğunun istiqamətlərini müəyyənləşdirən elə bir məsələ yoxdur ki, bu müraciətdə öz əksini tapmamış olsun. O cümlədən ordu və dövlət, ordu və maddi baza, ordu və mənəviyyat, ordu və xalq, ordu və milli kadrlar, ordu və nizam-intizam və s. kimi əsaslı məsələlərin vəziyyəti, əhəmiyyəti və əldə edilməsi yolları bu müraciətdə son dərəcə aydın və anlaşıqlı şəkildə qiymətləndirilib. Bu müraciətdən sonra dərin böhrana düşmüş Azərbaycan Ordusuna yeni sağlam bir nəfəs gəldi, bünövrəsi mövcud nöqsanlardan təmizləndi, şəxsi heyətdə canlanma yarandı, yeni hərbi hissələrin formalaşdırılmasına başlandı.

Atəşkəsin əldə edilməsi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin formalaşmasında yeni bir canlanmanın başlanğıcını qoydu. Bunu Heydər Əliyevin özü də çox böyük məmnunluqla qeyd edərək demişdir: “1993-cü ilin sonlarından başlayaraq həyata keçirilmiş xüsusi tədbirlər nəticəsində milli ordu quruculuğu keyfiyyətcə yeni mərhələyə qədəm qoydu, qısa müddətdə vahid komandanlığa tabe olan nizami ordu formalaşdırıldı. Hazırda Azərbaycanın Silahlı Qüvvələri müasir hərbi texnika ilə təchiz edilmiş, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordudur. Milli ordumuz müstəqil dövlətimizin ən böyük dayağı, xalqımızın təhlükəsizliyinin və ölkəmizin ərazi bütövlüyünün təminatçısıdır”.

Təsadüfi deyil ki, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş Azərbaycan Ordusu indi dünyanın ən güclü orduları sırasında yer alıb.  2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı ilə qazandığı Şanlı Qələbə təkcə Azərbaycan tarixində deyil, dünya hərb elminin tarixində də mühüm izlər qoydu. Torpaqlarımızın azad olunması əmrinə daim hazır olan Azərbaycan Ordusu düşmənin təxribatlarının qarşısını alınması ilə bağlı Prezident, Müzəffər Ali Baş Komandanın əmri ilə genişmiqyaslı əks-hücum əməliyyatı zamanı bir addım belə geri çəkilməyərək işğal olunmuş əraziləri işğaldan azad etdi.

Göründüyü kimi, əsasları ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş ordu quruculuğu siyasətinin ardıcıl, davamlı və yaradıcı şəkildə həyata keçirilməsinin nəticəsində hazırda Azərbaycan Ordusu tarixinin ən şərəfli dövrünü yaşayır və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında bu tarix hər gün daha da zənginləşməkdədir.

Cavid Hüseynov - ADPU-nun ictimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri, mətbuat katibi

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search