Aprelin 20-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) birgə layihəsi olan “Gələcəyin müəllimi” II musiqi müsabiqəsinin açılış konserti keçirilib.
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş müsabiqənin açılış konsertində hər iki ali məktəbin rəhbərliyi, professor-müəllim heyəti, tələbələr, musiqisevərlər və media nümayəndələri iştirak ediblər.
ADMİU-nun “Xəzər” tələbə xor kollektivinin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Mərasimi giriş sözü ilə ADPU-nun rektoru professor Cəfər Cəfərov və ADMİU-nun rektoru professor Ceyran Mahmudova açıblar.
Ceyran Mahmudova qonaqları salamlayaraq, müsabiqə iştirakçılarını əlamətdar hadisə münasibəti ilə təbrik edib, həm ADMİU-nun, həm də ADPU-nun tələbələrinə təhsildə və gələcək fəaliyyətlərində uğurlar arzulayıb. O bildirib ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Gələcəyin müəllimi” II Musiqi Müsabiqəsi analoqu olmayan bir müsabiqədir. 2019-cu ildə birincisi keçirilən müsabiqə ölkədə böyük marağa səbəb oldu, layiqli musiqi müəllimlərinin özlərini tanıtmasına kömək etməklə bərabər, fəaliyyətləri üçün də böyük stimul rolunu oynadı.
ADPU-nun rektoru professor Cəfər Cəfərov bildirib ki, iki universitet tərəfindən təşkil olunan “Gələcəyin müəllimi” I Açıq Musiqi Müsabiqəsinin keçirilməsi çox gözəl təşəbbüsdür və bundan sonra da davamlı olacağına inanır.
Daha sonra konsert proqramı başlayıb.
Konsertdə ADPU-nun və ADMİU-nun tələbələrinin ifasında “Bakı haqqında mahnı”, “Elegiya”, “Sahildə”, “Şükriyyə”, “Zəfər marşı”, “Ulu Öndər” və sair kimi mahnılarla yanaşı, xarici musiqilər də ifa olunub.
Konsertdə tələbələrlə yanaşı, ADPU-nun tələbə xor kollektivi, ADMİU-nun “Meloritm” tələbə ansamblı da çıxış ediblər. Əməkdar artist Elnur Zeynalovun “Dilkeş” təsnifi ifası gecəyə xüsusi rəng qatıb.