Aprelin 25-də Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) ilə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksi arasında əməkdaşlığa dair memorandum imzalanıb.
İmzalanma mərasimində ADPU-nun rektoru professor Cəfər Cəfərov, tədris işləri üzrə prorektoru dosent Eldar Aslanov, Tədris depratamentinin direktoru dosent Sənan Əliyev, pedaqoji təcrübə rəhbəri Qəmərxanım Qəribova və Kompleksin direktoru, direktor müavinləri və həmkarlar ittifaqı təşkilatının rəhbərindən ibarət nümayəndə heyəti iştirak ediblər.
Kompleks rəhbərliyi ilə görüşən rektor prof. Cəfər Cəfərov qeyd edib ki, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksi regional milli özəl təhsil sisteminin uğurlu nümunəsi kimi özünü göstərmiş bir təhsil müəssisəsidir və Pedaqoji Universitetlə təhsil kompleksi arasında pedaqoji internatura və digər mexanizmlər əsasında tələbələrin təcrübələrinin təşkili, mədəni-kütləvi və digər sahələrdə geni əməkdaşlıq imkanları var.
Öz növbəsində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksinin icraçı direktoru Aqşin Bağırov kompleks haqqında ətraflı məlumat verərək, 2010-cu ildən fəaliyyət göstərən kompleksə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Milli Qəhrəman Mübariz İbrahimovun adının verildiyini qeyd edib. Bildirilib ki, burada milli və beynəlxalq proqram üzrə Azərbaycan və ingilis bölmələri üzrə yüksək keyfiyyətli təhsil xidmətləri göstərilir və məktəb öz kateqoriyasında regionlarda yeganə belə kompleksdir. Vurğulanıb ki, hazırda vaxtilə məktəbin şagirdləri olmuş 4 nəfər ADPU məzunu məktəbə qayıdaraq pedaqoji fəaliyyət göstərir və bu baxımdan kompleks öz məzunlarının pedaqoqlar kimi geridönüş mexanizmində maraqlıdır.
Daha sonra qonaqlar universitet yaxından ilə tanış olub, icraçı direktor Aqşin Bağırov Pedaqoji Universitetin qonaq kitabına ürək sözlərini yazıb.