Mayın 31-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında “Məzun günü” keçirilib.
Tədbiri ADPU-nun Şəki filialının direktoru, r.ü.e.d., dosent Rafiq Rasulov açaraq, məzunları və onların valideynlərini bu əlamətdar gün münasibətilə təbrik edib, gənclərə həyatda və gələcək müəllimlik fəaliyyətində uğurlar arzulayıb. Direktor məzunların həyatında indi çox məsul və şərəfli dövrün başladığını bildirib, onların Azərbaycanın gələcək inkişafı və müstəqil dövlətimizin daha da möhkəmlənməsi naminə uğurlu fəaliyyət göstərəcəklərinə əminliyini vurğulayıb, gəncləri vətənpərvər, milli dəyərlərə sadiq vətəndaş olmağa səsləyib.
Direktor Rafiq Rasulov qeyd edib ki, ADPU-nun Şəki filialında bu il 8 ixtisas üzrə 200-dən çox tələbə müəllimlik peşəsinə yiyələnərək təhsilini başa vurur. Son illər ADPU-da həyata keçirilən islahatlar haqqında məlumat verən direktor qeyd edib ki, ölkəmizdə müəllim peşəsinin nüfuzunun yüksəldilməsi istiqamətində mühüm işlər həyata keçirilir. Ölkə başçısının müəllim əməyinə verdiyi yüksək qiymətdən bəhs edən natiq müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi və onlara dövlət qayğısının artırılması üçün zəruri addımların atıldığını vurğulayıb.
Tədbirdə tədris işləri üzrə direktor müavini dos. Gülarə Abdullayeva, Təbiət fənləri və onların tədrisi texnologiyası kafedrasının müdiri professor Firədun İbrahimov, elmi işlər üzrə direktor müavini dos. Nuralı Çələbiyev, Filologiya fakültəsinin dekanı dos. Ulduz Mürşüdova, Pedaqoji fakültənin dekanı fil.ü.f.d. Xalidə Abdullayeva, Ümumelmi fənlər kafedrasının müdiri dos. Sədrəddin Bədiyev, Dillər və onların tədrisi texnologiyası kafedrasının müdiri Əsmayə Əkbərova, Karyera Mərkəzinin müdiri Xuraman Həmidova, Keyfiyyətin təminatı şöbəsinin müdiri Nərminə Nəsrullayeva çıxış edib, məzunlara xoş diləklərini çatdırıblar.
Sonra təhsildə, ictimai fəaliyyətdə, müxtəlif müsabiqə və yarışlarda xüsusi fərqlənən məzunlara, eləcə də, 2023-2024-cü tədris ili üçün magistraturaya qəbul imtahanında yüksək nəticə göstərərək 96 bal toplamış Elcan Səlimliyə fəxri fərmanlar təqdim olunub.
Tədbir musiqili proqramla davam edib.