Müasir dövrdə pedaqoji kadr hazırlığı prossesi qarşısında qoyulan tələblər daim öz bacarıqlarını yeniləməyi bacaran, yüksək kvalifikasiyalı, yaradıcı təfəkkürə malik kompetent mütəxəssislərin, müəllimlərin, tərbiyəçi pedaqoqların hazırlanmasını şərtləndirir. Pedaqoji kadr hazırlığında təcrübə təlim prossesinin ayrılmaz hissəsidir. Bu səbəbdən Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) kadr hazırlığında təcrübə tələbələrin universitetdə pedaqogika, psixologiya və xüsusi metodikalar üzrə əldə etdiyi elmi-nəzəri biliklərinin aktiv mənimsəməsini reallaşdıran bir mərhələdir.
ADPU üzrə 2022-2023-cü tədris ilinin yaz semestrində tədris qrafiki üzrə 16 fevral-24 may tarixlərində 14 həftə müddətində pedaqoji təcrübə təşkil edilmişdir. Təcrübədə ADPU-nun fakültələri, Pedaqoji Kollec (ADPK), filiallar və Magistratura və doktorantura şöbəsi üzrə 4426 nəfər tələbə iştirak etmişdir. Bunlardan 2330 nəfəri ADPU tələbələridir ki, onların təcrübəsinin təşkili üçün bu il universitet müxtəlif təhsil müəssisələri, tam orta məktəblər, özəl müəssisələr, o cümlədən beynəlxalq təhsil müəssisəsi olan “Azərbaycan British Collge” Təhsil Kompleksi ilə ikitərəfli müqavilələr imzalamışdır.
“Azərbaycan British Collge” Təhsil Kompleksində müsabiqə yolu ilə müxtəlif ixtisaslar üzrə tələbələr təcrübə keçmək imkanı qazanmışdır. Kollecdə tələbələrin təcrübəsi silsilə tədbirlər planı üzrə həyata keçirilmiş, təcrübəçi tələbələrə öz nəzəri biliklərini xüsusi ustalıqla, həvəslə və yaradıcı şəkildə tətbiq etmək üçün münasib mühit təqdim olunmuşdur. Həmçinin, təcrübə proqramının sonunda tələbələ işlə təmin olunma imkanı yaradılıb.
Ümumilikdə pedaqoji təcrübə nəzəri bilikləri dərinləşdirir, tələbələrdə təlim-tərbiyə prossesinin müstəqil təşkilində professional-pedaqoji bacarıq və vərdişlər formalaşdırır. Pedaqoji təcrübə tələbələrin uşaqların təlim-tərbiyəsində, dərslərin, məşğələlərin hazırlanması və keçirilməsində iştirakını nəzərdə tutur. Həmçinin, pedaqoji təcrübə tələbəyə gələcək peşə seçiminin nə qədər doğru olduğunu dərk etməyə kömək edir.