Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) strateji inkişaf məsələləri üzrə prorektoru Könül Pirverdiyeva Amerika Birləşmiş Ştatlarının (ABŞ) paytaxtı Vaşinqtonda Beynəlxalq Təhsil İşçiləri Assosiasiyasının (NAFSA) "İnklüziv Gələcəyə İlham Vermək" (“Inspiring an Inclusive Future") başlığı ilə keçirilən 75-ci İllik Konfransı və Sərgisində iştirak edib.
Qeyd edək ki, NAFSA - Beynəlxalq Təhsil İşçiləri Assosiasiyası beynəlxalq təhsil və mübadilə ilə məşğul olan dünyanın ən böyük assosiasiyasıdır. Həmçinin, NAFSA beynəlxalq ali təhsili inkişaf etdirməyə çalışan peşəkarların ən böyük və hərtərəfli birliyidir. NAFSA 160-dan çox ölkədə 3500-dən çox qurumda 10 000-dən çox üzvün təhsil və peşəkar inkişafla bağlı ehtiyaclarına xidmət göstərir. NAFSA beynəlxalq təhsil və əməkdaşlıq vasitəsilə daha yaxşı bir dünya üçün təbliğat işinə liderlik edir. Assosiasiya beynəlxalq təhsil işçilərinə və onların peşə inkişafına xidmət etməklə ali təhsil müəssisələrində beynəlxalq təhsili inkişaf etdirməyi və onun ictimai arenada həyata keçirilməsini təmin edən təhsil siyasətlərini təbliğ edir.
May ayının 29-dan iyun ayının 2-nə qədər keçirilən konfransdq prorektor Könül Pirverdiyeva ABŞ-nin və qlobal universitetlərin beynəlxalq təhsil liderləri ilə görüşlər keçirmiş, institusional tərəfdaşlıq quraraq, Azərbaycan universitetlərini ABŞ universitetləri üçün potensial tərəfdaş kimi təmsil etmişdir.
Bundan əlavə, Vaşinqtona səfər çərçivəsində K. Pirverdiyeva Azərbaycan Respublikasının ABŞ-dəli səfirliyinin dəvətilə Azərbaycan Respublikasının Müstəqillik Günü və Silahlı Qüvvələr Günü münasibətilə keçirilən rəsmi tədbirdə iştirak etmişdir. Tədbirdə ABŞ tərəfini Avropa və Avrasiya məsələləri üzrə baş katibin köməkçisinin müavini Erika Olson, Rusiya, Ukrayna və Avrasiya üzrə müdafiə nazirinin köməkçisinin müavini Laura Kuper, Oklahoma Milli Qvardiyasının baş qərargah rəisi, briqada generalı Kolbi Uott təmsil etmişdir. Eyni zamanda, tədbirdə 600-dən çox qonaq, o cümlədən 30-a yaxın ölkənin səfirləri, çoxsaylı hərbi attaşelər, müxtəlif tədqiqat mərkəzlərinin və təşkilatlarının rəhbərləri və nümayəndələri, o cümlədən ABŞ-də yaşayan Azərbaycan icmasının üzvləri iştirak etmişdir.