Previous Next

Heydər Əliyev və Azərbaycan Dövlət Pedaqoji Universiteti

Bir əsrlik şərəfli tarixini arxada qoyan Azərbaycan Dövlət Pedaqoji Universitetinin son 50 ilinin inkişafı Ulu Öndər Heydər Əliyevin və onun siyasi varisi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin titanik fəaliyyəti ilə bağlıdır. İnkişafımızın memarı, müstəqillik konsepsiyasının müəllifi,Azərbaycan ruhunun simvolu olan Ulu Öndər siyasi hakimiyyətinin birinci dövründə ayrı-ayrı vaxtlarda 5 dəfə Pedaqoji Universitetə gəlmiş, 14 avqust 1978-ci ildə isə Bolqarıstan Xalq Respublikasında əmək semestrində  (Tələbə inşaat dəstəsi) iştirak edən universitetimizin tələbələri ilə Sofiya şəhərində görüşmüş, gənclərə əməkdə və təhsildə müvəffəqiyyətlər arzulamışdır. 1969-cu ildə Azərbaycan KP MK-nın birinci katibi  seçilən Heydər Əliyev qısa bir müddətdə iqtisadi, siyasi, sosial sahədə olduğu kimi, elmin, təhsilin, mədəniyyətin inkişafının strategiya və taktikasını hazırladı və həyata keçirilməsinə bilavasitə rəhbərlik etdi. Cəmiyyətin mənəvi inkaşafına, milli şüurun oyanışına, milli özünüdərk prosesinin güclənməsinə misilsiz töhfələr verdi. Azərbaycanı İttifaq məkanında 1922-ci ildən bu yana nail olmadığı ən yüksək mərtəbəyə qaldırdı. Milli tərəqqinin mühüm şərti olan təhsil Ulu Öndərin bilavasitə diqqət və qayğısı sayəsində sürətlə inkişaf etməyə başladı.

Heydər Əliyevin ADPU-ya ilk gəlişi

1971-ci ilin dekabrında  Pedaqoji İnstitutun kommunistlərinin ümumi yığıncağı  keçirildi. Yığıncaqda respublika ali məktəblərinin rektorları və partiya təşkilat katibləri də  iştirak edirdi. Ümumi yığıncaqda institut partiya komitəsinin katibi İ.Süleymanov “Azərbaycan KP MK-nın Oktyabr plenumu və Azərbaycan Pedaqoji İnstitutunun  partiya təşkilatının qarşısında  duran vəzifələr” mövzusunda  məruzə etdi. Sonra Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev Sov.İKP XXIV və Azərbaycan KP-nın XXVIII qurultaylarının qərarlarının həyata keçirilməsi sahəsində respublika ali məktəblərinin və bütün kollektivin qarşısında duran vəzifələri geniş təhlil edərək dedi: “Ali məktəblərə qəbulun təşkilini yaxşılaşdırmaq  və ali məktəblərdə  təlim-tərbiyə işini təkmilləşdirmək sahəsində  müəyyən işlər görülmüşdür. Lakin bu sahədə  hələ çox işlər görmək lazımdır. Biz çalışmalıyıq ki, hər bir ali məktəb müəllimi nümunəvi mütəxəssis olsun, son dərəcə təmiz və əqidəli bir insan olsun. Elə insan ki, tələbələr onun kimi olmağa çalışsınlar, ondan nümunə götürsünlər”.  Heydər Əliyevin  məruzəsi   kollektivin qüvvəsinin  institutda tədris və elmi işlərin keyfiyyətini yüksəltməyə, yüksəkixtisaslı müəllim kadrları hazırlamağa, tələbələrin təhsil-tərbiyəsini günün tələbləri səviyyəsində qurmağa, institutda mənəvi-psixoloji mühiti yaxşılaşdırmağa   istiqamətləndirilməsində mühüm rol oynadı.    Həmin il institutda tələbə yataqxanası istifadəyə verildi. Yeni kafedralar yaradıldı, tədris laboratoriya və emalatxanaları zəruri avadanlıqlarla  təchiz edildi.

 

50 illik yubiley: keçirmək mümkün olacaqmı?

Azərbaycan K(b)P MK-nın 1946-cı ilin may ayının əvvəlində keçirilən iclasında “V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun 25 illik yubileyi haqqında” məsələnin  müzakirəsində institutun 25 illik fəaliyyəti yüksək dəyərləndirildi, yubileyin təntənəli şəkildə keçirilməsi ilə bağlı hazırlanan layihənin ilkin variantı  bəyənildi. Pedaqoji İnstitutun 25 illik yubileyinin  keçirilməsi ilə bağlı Azərbaycan K(b)P MK katibi M.C.Bağırov ÜİK(b)P MK-nın katibi A.A.Jdanova  bununla bağlı  məktub  ünvanladı. Lakin  Azərbaycan K(b)P MK-nın təşəbbüsü ÜİK(b)P MK tərəfindən dəstəklənmədi, yubileyin keçirilməsinə icazə verilmədi. 1946-cı ildə Pedaqoji İnstitutun yubileyinin keçirilməsinə  Moskvanın icazə verməməsi  50 illik yubileylə də bağlı suallar yaratmışdı: yarıməsrlik yubileyi keçirmək mümkün olacaqmı?

Yubiley ənənələrinin  yaranması

Heydər Əliyev siyasi hakimiyyətə ilk gəlişi ilə digər sahələrdə olduğu kimi, ali təhsil sahəsində də yeni ənənələrinin yaranmasının  əsasını qoydu.  1969-cu il noyabrın 1-də  ADU-nun (BDU-nun)   yaradılmasının 50 illiyi münasibəti ilə möhtəşəm  yubiley tədbirinin  keçirilməsi Pedaqoji İnstitutun 50 illik  yubileyinin  keçirilməsinə münbit zəmin yaratdı. 22 oktyabr 1971-ci ildə Pedaqoji İnstitutun rektoru Haşım Ağayev  institutun 50 illik yubileyinin keçirilməsi ilə bağlı  Azərbaycan   KP MK-nın elm və təhsil şöbəsinə məktub ünvanladı. 2 fevral 1972-ci ildə  Heydər Əliyevin sədrliyi ilə  keçirilən Azərbaycan KP MK Büro iclasında “Azərbaycan Dövlət Pedaqoji İnstitutunun 50 illiyi haqqında” məsələ müzakirə olundu. Ali və Orta İxtisas Təhsili Nazirliyinin 1972-ci ilin  mayında ADPİ-nin 50 illiyinin keçirilməsi ilə bağlı təklifi  qəbul edildi. Heydər Əliyevin təklifi ilə yubiley komissiyası yaradıldı. Komissiyanın  təkliflərinə uyğun olaraq  yubileyə kimi Pedaqoji İnstitutun  50 illiyi ilə  bağlı   xeyli görüşlər, elmi sessiyalar və konfranslar keçirildi.

Təntənəli yığıncaq

Azərbaycan Dövlət Pedaqoji İnstitutunun 50 illiyi şərəfinə  təntənəli yığıncaq 2 mart 1973-cü ildə  indiki Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində keçirildi. Tədbiri giriş sözü ilə yubiley komissiyanın sədri, Azərbaycan SSR Nazirlər Sovetinin sədrinin müavini Kamran Hüseynov açdı. Azərbaycan KP MK-nın I katibi Heydər Əliyev  kollektivi  Qırmızı Əmək Bayrağı ordeni alması münasibəti ilə təbrik edərək dedi:

“Bu gün institutun yarıməsrlik yoluna yekun vurarkən biz... sovet hakimiyyəti illərində Azərbaycan mədəniyyətinin qazandığı çox böyük müvəffəqiyyətləri iftixar hissi ilə qeyd edirik. Sizin institutunuz böyük və şanlı yol keçmişdir. Nəriman Nərimanovun imzaladığı dekretdə deyildiyi kimi, pedaqoji institutun məqsədi “vahid əmək məktəbinin ideyalarını həyata tətbiq etməyə” qabil olan müəllim kadrları hazırlamaq idi. İnstitutun tarixi Azərbaycanda xalq maarifinin təşəkkülü və inkişafı, onun sosialist mədəniyyətinin tərəqqisi tarixindən ayrılmazdır. Onun kollektivi Azərbaycanda ümumtəhsil məktəbinin inkişafına böyük xidmət göstərmiş, xalq maarifi üçün yüksəkixtisaslı kadrlar ocağına çevrilmişdir. Yarım əsr bundan əvvəl institutda o qədər az tələbə var idi ki,  onlarla cəmi 7 müəllim məşğul olurdu. İndi sizin institutunuz ölkənin ən böyük ali məktəblərindən biridir. Onun 15 fakültəsində  təqribən 15 min tələbə oxuyur, professor-müəllim heyəti isə 800 nəfərdən ibarətdir. Öz varlığı  ərzində institut təqribən 40 min müəllim, xalq maarifi və elmi idarə işçisi hazırlamışdır. Sizinlə birlikdə fəxr edirik ki, institutun yetirmələri arasında SSRİ EA-nın müxbir üzvləri, Azərbaycan  EA-nın həqiqi və müxbir üzvləri, Sovet İttifaqı qəhrəmanları, Sosialist Əməyi qəhrəmanları, xalq yazıçıları və şairləri, yüzlərlə elmlər doktoru və namizədi vardır. V.İ.Lenin adına APİ-nin minlərlə yetirməsi respublikamızın elm və mədəniyyətinin bütün sahələrində və onun hüdudlarından kənarda səmərəli çalışır, Vətən qarşısında öz borcunu şərəflə yerinə yetirir... İnstitut təkcə Azərbaycan SSR üçün deyil, həm də digər respublikalar üçün bir çox ixtisaslar üzrə pedaqoji kadrlar hazırlayan tanınmış mərkəzə çevrilmişdir. Burada Gürcüstan, Ermənistan, Özbəkistan, Türkmənistan, Tacikistan Sovet Sosialist respublikaları, Dağıstan, Kabarda-Balkar, Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikaları üçün pedaqoji və elmi-pedaqoji kadrlar yetişdirilmişdir.

Biz xüsusi razılıq hissi ilə qeyd edirik ki, institut  iri elmi mərkəzdir. Burada Azərbaycan ədəbiyyatşünaslığı və dilçiliyi, pedaqogika tarixi sahəsində və başqa fənlər üzrə qiymətli əsərlər yaradılmışdır. Klassik rus pedaqoji təfəkküründən yaradıcılıqla istifadə edilməklə yazılan bu əsərlər Azərbaycan sovet məktəbinin təcrübəsini zənginləşdirmişdir. İnstitutun alimləri bir çox pedaqoji fənlər üzrə Azərbaycan dilində orijinal dərsliklər, iri monoqrafiyalar və dərs vəsaitləri yazmışlar”.

Pedaqoji və elmi-pedaqoji kadr hazırlığında rus və azərbaycanlı  müəllimlərin əməyini yüksək qiymətləndirən Heydər Əliyev daha sonra dedi: “Gələcək müəllim kadrlarının elmi hazırlıq və peşə ustalığı səviyyəsini əzmlə yüksəltmək... institutun professor-müəllimlərinin müqəddəs borcudur. İnstitut çalışmalıdır ki, onun məzunları daim öz üzərlərində işləməyə və təkmilləşməyə, biliklərini artırmağa və təzələməyə, ixtisaslarını yüksəltməyə tələbat hiss etsinlər”.

Azərbaycan KP MK-nın I katibi Heydər Əliyev çıxışının sonunda V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edilməsi haqqında SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanının mətni ilə yubiley iştirakçılarını tanış edərək  gurultulu alqışlar altında ordeni Pedaqoji İnstitutun bayrağına sancdı.

Ulu Öndər Heydər Əliyev çıxışının sonunda  müəllim kadrları hazırlanmasında xidmətlərinə görə institutun professor-müəllimlərinin bir qrupuna Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə fəxri adların və Fəxri fərmanların verildiyini bildirərək dedi: “İcazə verin, institutun professsorlarını, müəllimlərini, tələbələrini, bütün əməkdaşlarını yarıməsrlik yubiley, yüksək hökumət mükafatı ilə bir daha təbrik edim və əziz yoldaşlar, sizə möhkəm cansağlığı, səadət və xoş güzəran, yeni müəllim kadrlarının hazırlanmasında və tərbiyə edilməsində böyük yaradıcılıq müvəffəqiyyəti arzulayım”.

 

Təltiflər, mükafatlar

Respublikada müəllim kadrlarının hazırlanmasındakı  xidmətlərinə görə V.İ.Lenin adına Qırmızı  Əmək Bayrağı ordenli  Azərbaycan Dövlət Pedaqoji İnstitutunun 50 illiyi ilə əlaqədar olaraq Azərbaycan  SSR Ali Soveti Rəyasət Heyətinin  2 mart 1973-cü il tarixli Fərmanı ilə institut əməkdaşlarından M.Vəkilov, Ə.Dəmirçizadə,  C.İbrahimov, H.Qədirov, R.Qafarova, M.Muradxanov  Əməkdar elm xadimi, Z.Cahangirov Əməkdar iqtisadçı, 11 nəfər Əməkdar müəllim fəxri adına layiq görüldülər. 42 nəfər isə Azərbaycan  SSR Ali Soveti Rəyasət Heyətinin  Fəxri Fərmanı ilə təltif edildi.

Yubiley tədbirində  kollektiv adından rektor, professor Haşım Ağayev, professor Zəhra Şahtaxtinskaya və tələbə Fəridə İsmayılova çıxış edərək  kollektivin öz qüvvəsini və biliyini yüksəkixtisaslı müəllim kadrları hazırlanmasına, xalq maarifi işinin inkişafına həsr edəcəyini bildirdilər. İttifaqın ayrı-ayrı elm və təhsil müəssisələrindən gəlmiş qonaqlar 50 illik yubiley və yüksək mükafat münasibəti ilə  Pedaqoji İnstitutun kollektivini təbrik etdilər.

60 illik yubiley

29 aprel 1981-ci ildə  Azərbaycan SSR Ali və orta ixtisas təhsili naziri Q.Əliyev Azərbaycan Dövlət Pedaqoji İnstitutunun 60 illik yubileyinin keçirilməsi ilə bağlı Azərbaycan KP MK-ya müraciət etdi. Pedaqoji İnstitutun 60 illik yubileyinin keçirilməsi məsələsi Heydər Əliyevin sədrliyi ilə Azərbaycan KP MK-nın büro iclasında  müzakirə edildi, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun həm özünün, həm də əməkdaşlarının  Fəxri fərmanla və fəxri adlarla təltif edilməsi ilə bağlı Ali Sovetin layihəsi bəyənildi.

1981-ci il dekabr ayının 23-də Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində respublikanın hökumət və dövlət nümayəndələrinin, pedaqoji ictimaiyyətin, institutun professor-müəllim heyətinin və görkəmli məzunlarının iştirakı ilə institutun 60 illik yubileyi keçirildi. Yubiley tədbirini Azərbaycan SSR Ali və orta ixtisas təhsili naziri Q.Əliyev açdı. Sov.İKP MK-nın Siyasi Bürosu üzvlüyünə namizəd, Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev  V.İ.Lenin adına ADPİ-nin  60 illik yubileyi münasibəti ilə kollektivi təbrik edərək geniş nitq söylədi: “60 il ərzində institutunuz şanlı yol keçmiş, Azərbaycanın nailiyyətlər qazanmasında böyük rol oynamışdır. Həmin dövrdə 65 min nəfərdən artıq ali təhsilli mütəxəssis hazırlanmışdır. İnstitutun yetişdirmələri  indi respublika həyatının bütün sahələrində fəal işləyirlər. İnstitut tərəfindən hazırlanmış və indi xalq maarifi  sahəsində  çalışan mütəxəssislər 60 il ərzində  respublikanın gənc nəslinin  təlim və tərbiyəsi işində, demək olar ki, əsas aparıcıdırlar. Eyni zamanda institutun yetirmələri  elmi tədqiqat institutlarınnda, müxtəlif müəssisələrdə, mədəniyyət sahəsində və başqa sahələrdə müvəffəqiyyətlə fəaliyyət göstərirlər. Demək olar, respublikada elə bir guşə yoxdur ki, institutun diplomunu almış mütəxəssislər   orada işləməsinlər. Sizin  yetişdirmələriniz hər bir şəhərdə,  hər bir kənddə yaşayır və çalışırlar, hər bir məktəbdə işləyirlər...

Ali məktəbinizin yubileyinin qeyd edilməsi respublikada ümumxalq bayramı olmuşdur. Bu yubileyi qeyd edərkən hər bir kəs öz şəxsi həyatında institutun rolunu böyük iftixar hissi ilə  xatırlayır və qeyd edir. İnstitutda professor və müəllimlərin böyük kollektivi çalışır və 60 il ərzində bu kollektivdə bir neçə nəsil dəyişmişdir.İnstitutun bütün 60 illik yolu, onun indiki müvəffəqiyyətləri respublikanın partiya təşkilatılarını və bütün zəhmətkeşlərini ürəkdən sevindirir. Sizin nailiyyətləriniz göz qabağındadır və biz  bunlar üçün sizinlə birlikdə fəxr edirik.

50 illiyi ilə əlaqədar olaraq və müəllim kadrları hazırlanmasında böyük xidmətlərinə görə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitututu Qırmızı Əmək Bayrağı ordeni ilə təltif olunmuşdur. O vaxtdan 10 il keçmişdir.Bu müddətdə sizin  ali məktəbininz yeni müvəffəqiyyətlər qazanmış və deyə bilərəm ki, 70-ci illərdə onun fəaliyyəti daha da güclənmiş, daha səmərəli və daha faydalı olmuşdur. Biz respublikanın həyatında son 10  ildə baş vermiş müsbət dəyişikliklərdə institutun rolunu böyük razılıq hissi ilə qeyd edirik. İndi  institutunuz Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunmuşdur. Mən səmimi qəlbdən sizi bu mükafat münasibəti ilə təbrik edir və onu sizə təqdim etmək istəyirəm”.

Ulu Öndər Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanının mətnini oxudu.

Sonra  sözünə davam edərək dedi: ”Müəllimlik işi həm şərəfli, həm də çətin işdir. Ali məktəb müəllimi olmaq, müəllimlər hazırlamaq, yəni müəllimlər müəllimi olmaq ikiqat şərəfli və eyni zamanda ikiqat məsuliyyətlidir. Biz yaxşı bilirik ki, 65 min nəfərdən artıq müəllim hazırlamaq üçün professor və müəllimlərin bütün nəsilləri nə qədər zəhmət çəkmişlər. Şadam ki, Qırmızı Əmək Bayrağı  ordenini də, respublikanın yeni yüksək mükafatını da sizə təqdim etmək mənə nəsib olmuşdur. Bu mükafatlar sizin böyük zəhmətinizə verilən yüksək qiymətdir. Bir daha sizi ürəkdən təbrik edirəm, institutun bütün professorlarına, müəllimlərinə, tələbələrinə, bütün kollektivinə cansağlığı, səadət, uzun ömür və böyük əmək müvəffəqiyyətləri arzulayıram”.

Pedaqoji  İnstitutun kollektivi adından rektor, professor Afad Qurbanov, Coğrafiya fakültəsinin IV kurs tələbəsi, Lenin təqaüdçüsü Ruhəngiz Məmmədova  və qonaqlar çıxış edərək  ali məktəbin fəaliyyətinə yüksək qiymət verdilər.

Yüksəkixtisaslı elmi-pedaqoji kadrların hazırlanmasındakı xidmətlərinə və institutun yaradılmasının 60 illiyi ilə əlaqədar olaraq   1 nəfər Əməkdar elm xadimi, 6 nəfər Əməkdar ali məktəb işçisi   fəxri adına layiq görüldü, 11 nəfər  isə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif edildi. Nəzərə alsaq ki, yubileydən  az əvvəl Pedaqoji İnstitutun 4 nəfər professoru (M.Cavadov,  N.Kərimov, A.Qurbanov, N.Paşayev) Əməkdar elm xadimi, 4 nəfəri isə  (N.Abbasova, S.Əliyev, V.V.Popov, K.Tarıverdiyeva) Əməkdar ali məktəb işçisi  fəxri adlarına layiq görülmüşdü.

Bilik yeganə meyardır

1970-1980-ci illərdə  15 mindən artıq gənci İttifaqın  nüfuzlu ali məktəblərinə göndərən Heydər Əliyev yüksəkixtisaslı, peşəkar kadrların hazırlanması məsələsinə də qayğı ilə yanaşırdı. İrəli sürdüyü  “Bilik yeganə meyardır” şüarı ali təhsil sahəsində  ciddi yenidənqurma işlərinə təkan vermişdi.  Subyektiv halların daha çox baş verdiyi  ali məktəblərə tələbə qəbulunun obyektiv və şəffaf şəkildə həyata keçirilməsinə ciddi nəzarət edilirdi. Qəbul kampaniyasının həyata keçirildiyi avqust ayında Ulu Öndər əksər ali təhsil ocaqlarında şəxsən olur, professor-müəllim heyəti, abituriyentlərlə və  onların valideynləri ilə görüşürdü. 1977 və 1981-ci illərin  avqust ayında quruculuq işləri və tələbə qəbulu prosesi ilə yaxından tanış olmaq məqsədilə Pedaqoji İnstitutda olmuş, imtahanlatın obyektiv və şəffaf keçirilməsinə nəzarət etmişdir.

Ənənələr yaşayır

Ulu Öndər tərəfindən əsası qoyulan ali təhsil müəssisələrinin yubileylərinin dövlət səviyyəsində keçirilməsi ənənəsi bu gün də yaşayır. ADPU-nun 85, 90 və 100 illik yubileylərinin keçirilməsi, əməkdaşların böyük bir qisminin dövlət təltiflərinə, orden və medallara, fəxri adlara layiq görülməsi buna bariz nümunədir.

 

ADPU-da Ulu Öndərin  xatirəsi əbədiləşdirilib

Heydər Əliyevin irsində Vətən sevgisi, Azərbaycan sevgisi, azərbaycançılıq hissi, xalq, millət sevgisi, dil sevgisi, milli mədəniyyət sevgisi, xalqına, dövlətinə sədaqət hissi mühüm yer tutur. Bu irsin qorunması və gələcək nəsillərə çatdırılması, hər bir gəncdə azərbaycançılıq hissinin formalaşdırılması ən vacib şərtlərdən biridir. Ulu Öndərin xatirəsinə hörmət və ehtiram əlaməti olaraq universitetimizin foyesində abidəsi qoyulmuş, “Heydər Əliyev məktəbinin lektoriyası” və Heydər Əliyev Mərkəzi yaradılmışdır. Mərkəzin nəzdində 2007-ci ildən Heydər Əliyev Muzeyi fəaliyyət göstərir. Mərkəzdə və Muzeydə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən kitablar, məcmuələr, jurnallar, fotoşəkillər, arxiv sənədlərinin surətləri və digər eksponatlar saxlanılır. Mərkəzin əsas vəzifəsi Ümummilli Liderə  aid materialları sistemləşdirmək və nümayiş etdirməkdən, müvafiq mövzularda tədqiqatlar aparmaqdan, müxtəlif səpkili tədbirlər keçirməklə Ulu Öndərin zəngin həyat yolunu, ideya-nəzəri irsini və nəhəng dövlətçilik təcrübəsini, universitetin əməkdaşları, tələbələri və qonaqları, tərəfdaşlıq etdiyi ümumtəhsil məktəblərin şagirdləri arasında təbliğ etməkdən ibarətdir. Hər tədris ilində olduğu kimi, Ulu Öndərin 100 illik yubileyi ərəfəsində də təsdiq edilmiş iş planı və qrafik əsasında “Heydər Əliyev dərsləri”, konfranslar, seminarlar, “dəyirmi masa”lar, diskussiyalar, müsabiqələr, bilik yarışları keçirilir, dinləyicilərə  Ümummilli Liderin  həyat və fəaliyyəti haqqında ətraflı məlumat verilir. Heydər Əliyevin irsinin dərindən öyrənilməsi, dövlətçilik siyasətinin, azərbaycançılıq ideologiyasının tədqiqi, təbliğ və tədrisi ADPU-nun professor-müəllim kollektivinin  ən ümdə vəzifələrindən biridir.

Fərrux RÜSTƏMOV,

ADPU-nun İbtidai təhsilin pedaqogikası kafedrasının müdiri,  pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi

“Azərbaycan müəllimi” qəzeti, 09 iyun 2023, N 22 (9030), səh. 5.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search