71 il müddətində “beynəlmiləlçi sosialist ittifaqı”nın tərkibində məhz həmin ittifaqın ideoloji əsaslarını yaradan, sosializmin dünyanın hansısa nöqtəsində yaşıl ada kimi qalmayacağına inanan Vladimir Ulyanovun- Leninin vaxtilə Çar Rusiyası haqqında dediyi “xalqlar həbsxanası”ndan azad olan digər 15 müttəfiq respublikalardan biri kimi dövlət müstəqilliyini elan edən Azərbaycan da “uğur başgicəllənməsi” sindromundan azad ola bilmədi. Cəmiyyətdə bu sindroma, hətta, 1988-ci ildən Azərbaycana qarşı ərazi iddialarını nəinki ortaya qoyan, habelə həmin iddiaları qan axıtmaq hesabına reallaşdırmaqda israrlı olduğunu nümayişkaranə ortaya qoyan Ermənistanın hədələri belə, təsirsiz görünürdü.
Sözsüz ki, həmin dövrün ən populyar sovetoloqları bu gerçəkliyin inkarolunmaz fakta çevrilməsini zəngin və rəngarəng tarix yaşamış xalqların uzun sürən fasilələrlə öz milli dövlətçilik ənənələrindən “uzaq salınması” sindromu ilə izah etməyə çalışırdılar. Sosial psixologiyada hansısa nəzəriyyə bəlkə də bu ideya müəlliflərinin qənaətinə haqq verə bilərdi, lakin həmin 15 müttəfiq respublikada dövlət müstəqilliyinin elan olunmasından sonra yaranan müxtəlif mənzərələrin yaratdığı gerçəkliklər başqa həqiqətləri ortaya çıxardı. O həqiqətlər isə nəinki sosial psixologiyanın haqqında xatırlatdığımız tezislərini kənara qoyur, üstəlik, fəlsəfənin dəmir məntiqinin təkzibolunmaz arqumentləri ilə yanaşmaları qaçılmaz edir.
Bu, tarix və şəxsiyyət tandeminin diktə etdiyi, tarixi min illərlə ölçülən və böyük ehtimalla insanlığın ömrü qədər davam edəcək polemikaların nəticəsini müəyyənləşdirir. Yeri gəlmişkən, bununla bağlı görkəmli qazax şair və yazıçısı, ictimai xadimi, dünyaca məşhur müəlliflər, nəşrindən sonra sosioloqların ciddi marağına səbəb olan “Dünyanı dəyişdirəcək 22 fikir. Görkəmli mütəfəkkirlərlə söhbətlər”in həmmüəllifləri Piotr Dutkieviç və Riçard Sakvanın kitabında əksini tapmış 22 görkəmli mütəfəkkir arasında olan Oljas Süleymenovun fikrini yada salmaq istərdik. Keçmiş SSRİ-də qlobal dünyada gedən ictimai-siyasi proseslərin, özündə ideoloji əksiliklərin mübarizəsini əks etdirən nəticələrin diktə etdiyi situasiyada azad olunmuş xalqlar və ölkələri nəzərdə tutan Süleymenov Azərbaycan xalqının Ümummilli Lideri, adını dünyanın azman siyasətçiləri sırasına həkk etdirmiş Heydər Əliyevə müraciətlə yazırdı: “Çox vacibdir ki, müstəqilliyin təşəkkül tapdığı məhz bu çətin dövrdə xalqlara Sizin kimi yüksək dərəcəli peşəkarlar, bərkdən-boşdan çıxmış insanlar rəhbərlik etsinlər. Çünki belə imkan xalqlara min ildə bəlkə də bir dəfə verilir və onu əldən buraxmaq olmaz. Ondan elə istifadə etmək lazımdır ki, xalq bu dövrdən möhkəmlənmiş halda çıxsın və onun sonrakı nəsilləri irsən müstəqil, sözün əsl mənasında azad və məşhur insanlar olsunlar. Heydər Əliyev, Sizin kimi rəhbərlərin xidməti məhz bundan ibarətdir”.
Daha sonra qazax xalqının görkəmli nümayəndəsi Ulu Öndərə müraciətində dağılmış Sovet İttifaqı, ABŞ-ın tarixində seçilən prezidentlərdən biri kimi qalacaq Ronald Reyqanın “Şər İmperiyası” adlandırdığı xalqlar həbsxanasından xilas olmuş çoxmilyonlu xalqları nəzərdə tutaraq qeyd edirdi: “SSRİ-nin “yenidənqurma eşqinə düşən” rəhbərliyi peşəkarları vəzifədən uzaqlaşdıraraq, yeni dövlətlərin müqəddəratını naşıların və kütlənin öhdəsinə buraxmaqla xalqları separatçılıq, vətəndaş müharibələri və etnik təmizləmələr faciəsinə düçar etdilər. Tacikistan, Özbəkistan, Qırğızıstan, Moldaviya, Gürcüstan, Azərbaycan, Çeçenistan... Yüz minlərlə insan öldürüldü, milyonlarla adam vətənindən didərgin salındı” (https://files.preslib.az/projects/heydaraliyev/meshurlar.pdf -səh.13).
Bu, Azərbaycanda yaşamasa da, keçmiş SSRİ-nin parçalanması nəticəsində “imperiyanın ucqarlarında” yaranmış situasiya kontekstində bu coğrafiyada, xüsusilə, 1918-ci ildə 23 aylıq müddət olsa belə, əsrlərlə öz dövlətçiliyindən ayrılan, xalqımızın yaddaşından heç bir gücün silə bilməyəcəyi milli dövlətçiliyinə qovuşmaq ərəfəsində olan Azərbaycanda yaranan mənzərə barədə ən dolğun qiymətdir. Hesab edirik ki, o hadisələri və onunla bağlı gəlinən ümumi qənaətləri vaxtaşırı ölkəmizin ancaq bu günü ilə bağlı deyil, gələcəyinin təminatı olan bügünkü gəncliyə xatırlatmaq cəmiyyətimizin hər bir üzvünün, o cümlədən, ziyalılarımızın əsas vəzifələrindən biridir. Söhbət, 1993-cü ilin iyununda dövlət müstəqilliyinə qovuşmasından 17 ay keçməmiş ölkəmizdə yaranan taleyüklü ictimai-siyasi böhran şəraitində və Azərbaycan xalqının ardıcıl, təkidli tələbləriylə o zamankı siyasi hakimiyyətin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əlirza oğlu Əliyevi Bakıya dəvət etməsindən gedir. 46 yaşında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə yüksələn Ümummilli Lider 1982-ci ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifələrində çalışmış, 1987-ci ildə o zamankı SSRİ rəhbəri, avantürist “islahatları” ilə tarixdə qalan Mixail Qorbaçovun siyasi xətti ilə razılaşmaması səbəbindən partiya və hökumət postlarından istefa verdi. 1990-cı ildə sovet qoşun hissələrinin Bakıya yeridilməsi ilə Azərbaycan xalqına qarşı tutulan divana etiraz əlaməti olaraq kommunist partiyası sıralarından çıxan Heydər Əliyev doğulduğu Naxçıvana getdi, blokada şəraitində olan diyardakı insanlar üçün ümid çırağına çevrildi. 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində Ulu Öndərimiz fədakarlıq nümunələri göstərdi. İndi isə ölüm, ya olum sualı qarşısında dayanan, Ermənistan tərəfin elan etmədən başlayaraq davam etdirdiyi müharibə ilə təkbətək qalmış, vətəndaş müharibəsinin astanasında dayanan Azərbaycanın taleyi böyük siyasətçi, müdrik dövlət adamının verəcəyi qərardan asılı idi. Ümummilli Liderimiz doğma xalqının taleyinə biganə qala bilməzdi və bilmədi, 1993-cü il iyun ayının 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi.
Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil olan o günün əsası tarixi Qayıdışla dövlətçilik tariximizin təqviminə beləcə düşdü.
O faktı vurğulamağı lazım bilirik ki, tariximizə əlamətdar gün kimi yazılan 15 iyun tarixi barədə kifayət qədər yazılmasına və qarşıdakı illərdə də bu mövzunun aktuallığını saxlayacağını qeyd etməklə, Ümummilli Liderin bu çağırışı qəbul edərək siyasi hakimiyyətə qayıdışına taleyüklü qərar kimi yanaşmaq mümkündür. Xalqımız və dövlətimiz üçün həlledici məqamda, silahlı müxalifətin öz istəyini diktə etdiyi, o zamankı ölkə rəhbərliyinin baş verən hadisələrə təsir imkanlarının minimal səviyyədə olduğu, bir-neçə ay əvvəl Ermənistan silahlı qüvvələrinin Kəlbəcəri işğalından sonra, digər rayonlarımızın “hökm saatını gözlədiyi” vaxtda dünyamiqyaslı siyasətçinin qəbul etdiyi qərarı ancaq və ancaq Ümummilli Liderimizin öz xalqına, Vətəninə hüdudsuz sevgisi ilə izah etmək olar. Yeri gəlmişkən, o sevgini əslən bakılı olan, uzun onilliklər boyu SSRİ Dövlət Plan Komitəsinin sədri vəzifəsində işləmiş, birgə iş fəaliyyəti müddətində Ulu Öndəri yaxından tanıyan, müdrik yaşlarında Rusiya - Azərbaycan Dostluq Cəmiyyətinin sədri kimi çalışmış Nikolay Baybakov belə xatırlayırdı: “Mən, Azərbaycanı və Azərbaycan xalqını Heydər Əliyev qədər sevən ikinci adam tanımıram” (https://files.preslib.az/projects/heydaraliyev/meshurlar.pdf - səh.2).
O sevginin miqyasını, dərinliyini Azərbaycan xalqı ancaq öz həyatında deyil, taleyinin gələcəyi üçün qurulan təməllərdə görürdü. Bu, daha çox o vaxtlar aşkar görünürdü ki, Ümummilli Lider siyasi hakimiyyətinin ilk günlərində Azərbaycanı əbədi olaraq dünyanın siyasi xəritəsindən silmək istəyən qüvvələrin addım-addım yaxınlaşdığı məqamlarda- Azərbaycanda yeni separatizm ocaqları yaratmaq cəhdlərinə, hələ formalaşma mərhələsində olan Milli Ordunu siyasi mübarizədə alət rolunda görmək istəklərinə qarşı hansı cavab tədbirləri görülür. Bu, həmin məqamlarda Azərbaycanda səhnələşdirilərək sonacan, bütöv bir millətin gələcək arzularını dəfn etməyi hədəf seçən tragik məqamlarla dolu oynanılan tamaşalarda o qədər aydın görünürdü ki... Belə məqamları olduğu kimi görən və yaxud, tutduğu dünyamiqyaslı məqama görə görməli olan Amerika Birləşmiş Ştatları prezidentinin müşaviri, məşhur politoloq və siyasi xadim Zbiqnev Bjezinski illər keçəndən sonra müasir Azərbaycan Respublikasının qurucusu Heydər Əliyevi bu cür xarakterizə edəcək: “Sovet İttifaqı dövründə Heydər Əliyevlə görüşməmişdim, amma, əlbəttə, onun haqqında eşitmişdim. Mən, xüsusilə, Ağ evdə çalışarkən sovet sistemi ilə maraqlanırdım və sovet liderləri ilə əlaqələrim var idi. Bilirdim ki, Heydər Əliyev aparıcı rəhbərlərdən biridir və onun adı hansısa məqamda hətta partiyanın baş katibi vəzifəsi üçün hallandırılırdı. Mən bilirdim ki, onun geniş siyasi təcrübəsi var. Bu, mənim üçün çox əhəmiyyətli barometrdir. Heydər Əliyev siyasi cəhətdən möhkəm, məntiqli, zəkalı, istədiyini tez çatdıran şəxsiyyət - bir sözlə, şəksiz liderdir. Heydər Əliyev Azərbaycanın beynəlxalq miqyasda mövqeyinin möhkəmləndirilməsi üçün, şübhəsiz, çox müsbət işlər görmüşdür” (https://files.preslib.az/projects/heydaraliyev/ meshurlar.pdf - səh.6).
Əlbəttə, verilən sitatlar qətiyyən Ümummilli Liderin miqyasını qabartmaq üçün deyil, azından, Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə gəlişinin ilk vaxtlarından “Mən ömrümün bundan sonrakı hissəsini də Azərbaycan xalqına həsr etmək üçün gəlmişəm”- deyən Ulu Öndərin həyat fəlsəfəsinə bələd olan insanlarımız özü o ömrün miqyasını bilir. Onlar onu da bilirlər ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başladığı müharibədə 1994-cü ilin may ayından mövcud situasiyanın yaratdığı status kvodan bəhrələnmək iddiasında olan işğalçı dövlət və erməni diasporu dünyanın güc mərkəzləri hesab olunan aparıcı dövlətlərində Azərbaycanı təslimçi sülhə razı salmaq üçün dəridən-qabıqdan çıxırdı. Həmin dövlətlərin birgə paradına isə bu gün də Azərbaycana qarşı münasibətini hər məqamda ortaya qoyan Fransa rəhbərlik edirdi. Belə bir məqamda, 1996-cı ildə Portuqaliyanın Lissabon şəhərində ATƏT üzvü dövlətlərin Zirvə Toplantısında həmin dövlətlər Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevdən ilk sarsıdıcı zərbəni aldı. Məhz Lissabon Sammitində Prezident Heydər Əliyevin etdiyi çıxışı xatırlayan, dəmir məntiqin diqtə etdiyi həqiqətləri unuda bilməyən Amerika Birləşmiş Ştatlarının prezidenti oğul Corc Buş sonradan belə deyəcək: “Dünyada tanınmış görkəmli dövlət xadimi Heydər Əliyevin şəksiz liderliyinə, cəsarətinə, misilsiz dünyagörüşünə və nadir natiqlik istedadına valehəm (https://files.preslib.az/projects/heydaraliyev/meshurlar.pdf - səh. 7)
Ümummilli Liderin xalqına və Vətəninə sevgisini ancaq dövlət xadimləri və siyasətçilər deyil, ədəbiyyat və mədəniyyət xadimləri də duyur, görür, dilə gətirirdilər. Onlardan biri, dünyaca məşhur musiqiçi və ictimai xadim Mstislav Rostropoviç böyük dövlət adamı, siyasi xadim, həmkarlarının yüksək dəyər verdiyi Heydər Əliyevin bu keyfiyyətlərini ilkin görərək ifadə edən şəxslərdən biri olub. Yeri gəlmişkən, bu, həmin Rostropoviçdir ki, Sovet ideologiyasının ən təhlükəli illərində belə sərhədsiz, siyasi təsir və təzyiqlərdən azad, sərbəst fikir azadlığını özündə ehtiva edən şəxsiyyət kimi özünü hələ 1948-ci ildə Moskva konservatoriyasında təhsil aldığı, Stalin tabularının ən sərt şəkildə ifadə olunduğu vaxtlarda göstərir. O, 1970-ci ildə çəkinmədən Sovet ideologiyasının təqiblərinə məruz qalmış yazıçı, sonradan ədəbiyyat üzrə Nobel mükafatçısı Aleksandr Soljenitsına öz evində sığınacaq verir. Mədəni dünyanın birmənalı olaraq hörmət və ehtiramına layiq Rostropoviç Ümummilli Liderimizə üz tutaraq deyirdi: “Sizə çox sağ olun deyirəm ki, olduqca böyük bir iş görmüsünüz - xalqı öz ölkəsinin sahibi etmisiniz, bütövlükdə ölkədə böyük dəyişikliklər edib, onun nüfuzunu yüksəltmisiniz. Bunun misli yoxdur. Siz böyük insansınız. Elə bir insan ki, müharibəni dayandırmışdır, bu torpaqda sülhü, əmin-amanlığı qoruyub saxlaya bilmişdir” (https://files.preslib.az/projects/heydaraliyev/meshurlar.pdf - səh. 10).
Ümummilli Liderin bu keyfiyyətləri ilə bərabər, xarakter bütövlüyü və ardıcıllığı imkan verirdi ki, Azərbaycanı sevən insanlar siyasi qeyri-stabillikdən bəhrələnərək, ona hər cür hərbi, o cümlədən informasiya dəstəyi göstərən himayədarlarının yardımı ilə işğal zonasını genişləndirən Ermənistanın gec, yaxud tez diz çökəcəyinə əminliyini bildirirdi. Heydər Əliyevin qətiyyətinə inanan belə insanlardan birinin, Türk Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı Doğan Gürəşin 90-cı illərin axırlarında dediyi sözlər bu baxımdan ibrətamizdir: “Türk milləti tarix boyunca zaman-zaman böyük sərkərdələrini meydana çıxarmışdır. Heydər Əlirzaoğlu da o böyük sərkərdələrdən biridir. Mustafa Kamal Paşa Türkiyəni düşdüyü girdabdan çıxardığı kimi Heydər Paşa da Azərbaycanı bu bəladan qurtaracaqdır” (https://files.preslib.az/projects/heydaraliyev/meshurlar.pdf - səh. 2).
İbrətamizdir, deyilmi, böyük şəxsiyyətin, dahi siyasətçinin və strategin üzə çıxan keyfiyyətlərinə inamdan doğan bu fikirlər? Buna gedib çıxacağı yolun sonuna inanan dövlət xadiminin qətiyyətinin yaratdığı birmənalı qənaət demək mümkündür.
O qətiyyəti 2003-cü ilin Prezident seçkilərində YAP-ın namizədi Heydər Əliyevin namizədliyini geri götürməsi ilə bağlı seçicilərinə müraciətində açıq-aydın görmək mümkündür. Həmin müraciətində Ümummilli Lider seçicilərini Prezidentliyə namizəd İlham Əliyevə səs verməyə çağırır və çağırışını bu cür əsaslandırırdı: “Mən inanıram ki, başladığım işi İlham Əliyev sona çatdıracaq”.
Bu müraciətdən 17 il sonra Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri dünyanı heyrətə salan konkret hərbi əməliyyatlarla zəngin olan 44 günlük müharibədə 30 ilə yaxın müddətdə Azərbaycan Respublikasının Ermənistanın işğalda saxladığı əraziləri azad etməklə, məcburi köçkün həyatı yaşayan soydaşlarımızın Vətən həsrətinə son qoydu. Qarşı tərəfin məğlubiyyəti rəsmən etiraf etməsinə iki gün qalmış ancaq Azərbaycanın deyil, Cənubi Qafqazın incisi sayılan Şuşanın işğaldan azad edildiyi gün Prezident İlham Əliyevin hansı duyğular keçirdiyini isə özü bu cür təqdim edəcək: “Qarabağı azad görmək Heydər Əliyevin və bütün dünya azərbaycanlılarının əsas arzusu idi. Biz bu arzunu, Azərbaycan xalqının arzusunu yerinə yetirdik. 2020-ci il 8 noyabr tarixdə əbədi qalacaq. O gün mənə, bax, bu meydandan Şuşanın azadlığı ilə bağlı hərbi raport veriləndən sonra, bu binanın üstünə Bayrağımız qaldırılandan sonra atamın məzarını ziyarət etdim və ürəyimdə dedim ki, “Tapşırıq yerinə yetirildi. Məruzə edir Ali Baş Komandan İlham Əliyev!”. Ondan sonra Şəhidlər xiyabanını ziyarət etdim, şəhidlərimizin ruhu qarşısında baş əydim, ürəyimdə dedim ki, qanınız yerdə qalmadı” (Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə müraciətindən. “Azərbaycan” qəzeti, 11 may 2023-cü il).
20 il əvvəl seçicilərinə üz tutan Ümummilli Lider siyasi varisində məhz bu keyfiyyətləri- qətiyyət, analitik düşüncə tərzi və ardıcıllığı əsas gətirərək onları İlham Əliyevə inanmağa, inanaraq səs verməyə çağırırdı. Ulu Öndərin çağırışında ikinci məqam da var, bu məqamı televiziya kanallarından birinə veridiyi müsahibəsində Prezident İlham Əliyev belə ifadə edir: “Mən Heydər Əliyevin oğlu olmağımı özüm üçün böyük xoşbəxtlik sayıram. Böyük insanın oğlu olmaq, habelə mühüm qərarlar qəbul edilən anlarda onun yanında olmaq böyük xoşbəxtlikdir. Bu gün onun işi yaşayır, siyasəti yaşayır və mən əminəm ki, Azərbaycan onun istədiyi kimi inkişaf edir. Əlbəttə ki, mən həmişə ona oxşamağa çalışmışam. Çünki siyasətçi keyfiyyətləri ilə yanaşı, o, həyatda hamıya nümunə ola biləcək adam idi. Səni maraqlandıran bir suala cavab almadan ondan aralanmaq mümkün deyildi” (“Rossiya” telekanalında “Formula vlasti” proqramına müsahibəsindən. 14 fevral 2009-cu il).
Bu, böyük şəxsiyyətin həyatının ən məsuliyyətli qərarlarından birini qəbul etdiyi vaxtdan- müasir Azərbaycan tarixinin yeni və şanlı səhifələrinin yazıldığı zamandan ayrıldığımız 30 illik müddətdə ölkəmizin və xalqımızın birgə yaşadığı həyəcanlı, həyəcanla bərabər qürur yaşanan anlarımızın müəyyən faktlarındandır. Onun ən böyük faktı isə budur: 35 il əvvəl, imperiyalardan birinin çöküşü ərəfəsində müstəqillik eşqi ilə çırpınan, siyasət avantürüstlərinin məchul gələcək barədə dediklərinə səmimiyyətlə inanan və göstərilən yolla addımlayan hər bir cəmiyyətin düşə biləcəyi situasiya heç də, həmişə qorxulu nağıllardakı kimi, xoş sonluqla bitmir. Bu, tarixin dəfələrlə təsdiq etdiyi gerçəklikdir: hər bir xalqın yüz iilərlə müddətdə bir dəfə işıqlı yola çıxmaq şansı var. Biz, azərbaycanlılar bu yola 1993-cü ilin 15 iyununda çıxmışıq.
Mahirə HÜSEYNOVA,
ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor
“Azərbaycan müəllimi” qəzeti, 15 iyun 2023, № 23 (9031), səh. 8.