Previous Next

Ümummilli Lider Heydər Əliyev Azərbaycan ziyalılarının inkişafına daima diqqət yetirib

Tarixinin müxtəlif taleyüklü mərhələlərində xalqları ağır sınaqlardan çıxarmaq vəzifəsi həmişə müvafiq dövrlərin böyük şəxsiyyətlərinin üzərinə düşmüşdür. Dövlətçilik ənənələrimiz sübut edir ki, ölkəmizin ərazisində mövcud olmuş qədim dövlətlər də, orta əsrlərdəki böyük imperiyalar da, müstəqil dövlət qurumları olan xanlıqlar da, respublikalar da, Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan Sovet Sosialist Respublikası, bugünkü müstəqil Azərbaycan da milli dövlətçiliyin ayrı-ayrı müstəqil təzahürləridir.

Müasir Azərbaycan tarixinində isə bu böyük şəxsiyyət dövlətimizin memarı və qurucusu, ölkəmizin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş, Ümummilli Lider Heydər Əliyevdir. Gələcəyimizin naminə Heydər Əliyev siyasətinin fəlsəfi mahiyyətini açıb göstərmək, onu yaşatmaq və nəsillərə ötürmək olduqca vacib və əhəmiyyətlidir. Çünki  Heydər Əliyevin siyasi, dövlətçilik və milli ideologiya ilə bağlı baxışları, fəlsəfi-nəzəri irsi Azərbaycan ictimai-siyasi fikrinin inkişafına təsir edir və xüsusi mərhələ təşkil edir. Heydər Əliyevin gərgin zehni və fiziki əməyinin, uzaqgörənliyinin nəticəsində Azərbaycanın ictimai-siyasi, iqtisadi mənzərəsi önəmli şəkildə dəyişmişdir.

Əminliklə deyə bilərik ki, 14 iyul 1969-cu il tarixdə Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi ilə xalqımızın tarixi üçün yeni epoxa başlanıldı. Heydər Əliyev hakimiyyətə gəlməsindən cəmi 4 ay sonra (2 noyabr 1969-cu il) Bakı Dövlət Universitetinin 50 illik yubileyinin keçirilməsinə nail olur. Burada Heydər Əliyev Azərbaycan dilində çıxış edir. Müttəfiq respublikaların rəhbərlərinin əksəriyyətinin rus dilində danışmasına baxmayaraq, Heydər Əliyevin ana dilində ziyalılar qarşısında çıxış etməsi onun milli düşüncəsindən irəli gələn strateji hədəflərə söykənən bir jest idi. Bu, Heydər Əliyevin milli dil siyasəti ilə bağlı gələcəkdə həyata keçirəcəyi doktrinanın ən vacib komponenti idi.

Azərbaycanda da ötən əsrin 60-70-ci illəri milli hisslərin coşduğu bir dövr idi. Heydər Əliyevin rəhbər kimi ana dilində danışması, ziyalıları himayə etməsi milli hissləri daha da coşdururdu.

 Xalq şairi Bəxtiyar Vahabzadənin 1958-ci ildə Şəkinin "İpəkçi" qəzetində çap olunan  "Gülüstan" poemasında milli azadlıq və müstəqillik ideyaları aşılanırdı. Poema getdikcə populyarlıq qazanmışdı və Heydər Əliyevin hakimiyyəti dönəmində "Gülüstan" poeması həddindən artıq geniş yayılmışdı. Artıq Bəxtiyar Vahabzadənin həbs edilməsi məsələsi Azərbaycan SSR-nin DTK-də müzakirə edilirdi.
Heydər Əliyev özü bu hadisələri belə xarakterizə edir: "Mən Dövlət Təhlükəsizlik Komitəsində işləyən zaman Bəxtiyar Vahabzadənin həbs olunması məsələsi meydana çıxmışdı. O vaxtı mən onu xilas etdim. Mən qoymadım o həbs olunsun. Nəinki qoymadım, onunla dəfələrlə söhbət apardım. Ona öz məsləhətlərimi verdim. Hamısı onun xatirindədir. Belə bir insan o vaxtları böyük bir fəlakət qarşısında idi. Nəyə görə? Heç bir cinayəti yox idi. Nəyə görə? Ona görə ki, o, millətini sevirdi. Millətin qayğıları haqqında yazılar yazırdı, şeirlər yazırdı. "Gülüstan" poeması yazmışdı. Ondan ötrü onun həbs olunmaq məsələsini qoymuşdular. Xəlil Rzanı həbs etmək məsələsini qoymuşdular." 

Azərbaycan klassik bədii ədəbiyyatı da hər zaman Ümummilli Lider Heydər Əliyevin diqqət mərkəzində olub. O, ən çətin dövlət vəzifələrini icra edəndə də, ağır diplomatik missiyaları yerinə yetirəndə də həmişə klassiklərlə maraqlanmış, onların ədəbi-tarixi əhəmiyyətini ön plana çəkib. Elə buna görə də klassik ədəbiyyatımıza və onun nümayəndələrinə böyük diqqət və qayğı göstərən, bu ədəbiyyatın ictimai inkişafda, yeni insan tərbiyəsində oynadığı rolu yüksək qiymətləndirən və buna görə də onların sənətinin ölməzliyinin qarantı kimi çıxış edən Heydər Əliyevin özü də klassiklərin cərgəsinə daxil olmuşdur. Ümummilli Lider Azərbaycanın klassiklərini yaşatmağın Azərbaycanı yaşatmaq olduğunu vurğulayaraq demişdir: “Biz Nizamidən, Füzulidən danışarkən onları təkcə şair kimi deyil, böyük filosoflar kimi, dünyaya, dünya mədəniyyətinə, elminə böyük töhfələr vermiş mütəfəkkirlər kimi tanıtmalıyıq. Məhz Azərbaycan xalqına mənsub olan Nəsimi kimi nadir bir şəxsiyyəti dünya ictimaiyyətinə, elminə, dünya mədəniyyətinə tanıtmaq, şübhəsiz ki, xalqımızın hörmətini qaldırmaq deməkdir”.

Ümummilli lider bütün fəaliyyəti boyunca tarixə, ədəbiyyata, mədəniyyətə, ümumilikdə ölkə ziyalılarına yüksək qiymət və əhəmiyyət vermiş, onların xalqın mənəvi həyatında oynadığı rolu layiqincə dəyərləndirmişdir. Öz xalqını və ziyalısını dərindən sevən Heydər Əliyev fəaliyyəti dövründə respublika elm və mədəniyyətinin yüksəlişi, xalqın güzəranının yaxşılaşması uğrunda mübarizə aparmış, Azərbaycan ziyalılarının inkişafına da daima diqqət yetirmişdi. Bunun əvəzi olaraq ziyalılar hər zaman Ulu öndərin yanında olmuş, onun bütün işlərini dəstəkləmişlər.

Ulu Öndər Heydər Əliyevin müdrikliklə müəyyən etdiyi və həyata keçirdiyi siyasət bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğur və müvəffəqiyyətlə davam etdirilir. Ölkədə elm, təhsil, mədəniyyətin inkişafına, həmçinin Azərbaycan ziyalısına göstərilən yüksək diqqət və qayğı eyni zamanda Azərbaycanın güclənməsinə, inkişafına, dünya miqyasında tanınmasına və layiqli yerinin təmin olunmasına xidmət edir.

Cavid Hüseynov - ADPU-nun ictimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri, mətbuat katibi

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search