Previous Next

10 İyul dünyada "Hüquq" günüdür

10 iyul dünyada hüquq günü kimi qeyd edilir. Hüquq hər bir insanın həyatında mühüm rol oynayır. İnsanlar hüquq münasibətlərinə daxil olmaqla öz hüquqlarından yararlanırlar. İxtisasından, peşəsindən, sənətindən asılı olmayaraq, bütün vətəndaşlar, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər hüququn normalarına əməl etməyə borcludurlar. İnsanın hüquq qabiliyyəti onun dünyaya gəldiyi andan başlanır və insan 18 yaşa çatdıqda tam fəaliyyət qabiliyyəti əldə etmiş olur. 18 yaşdan etibarən vətəndaşlar nigaha daxil ola bilər, mülk əldə edib mülkiyyətə sərəncam verə bilər, mülkiyyətdən istifadə edə bilər və s. Bir sözlə, hüquq insan doğulduğu andan insanın çiyinlərində mələklər kimi insanı təqib və müşayət etməklə onu dünyasını dəyişənədək təqib edir. İnsanlar gündəlik olaraq müxtəlif hərəkətlər və hərəkətsizliklər edirlər. Bu hərəkət və hərəkətsizliklər qanunlara uyğun olmalıdır ki, hüquq pozğunluqları baş verməsin. Hüquqa zidd hərəkətlər törədildikdə hüquqi məsuliyyət ortalığa çıxır və vətəndaş müvafiq qaydada məsuliyyətə cəlb olunur, dövlət və cəmiyyət qarşısında cavabdehlik daşıyır. Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsinə görə ölkəmizdə daxili məsələlər hüquqla tənzimlənir. Belə olduğu halda, hüquq həyatımızın bütün sahələrinə sirat etmiş olur. Yəni yeni ictimai münasibətlər ortaya çıxır ki, insanlar bu münasibətlərin daşıyıcıları olurlar. İbtidai icma quruluşu dövründə qəbilə üzvləri arasındakı münasibətlər o vaxt mövcud olan adətlər vasitəsi ilə nizama salınırdı. Adətlərin tərkibinə əxlaq normaları, etik normalar və dini qaydalar daxil idi. Tarixi inkişafla bağlı olaraq, sonralar ictimai normaların bir növünü təşkil edən hüquq meydana gəlməyə başladı. Beləliklə, həm sosial normalar, həm də hüquq insanların davranışını müəyyən qaydalarla tənzimləmək zərurəti ilə əlaqədar yaranmışdır.

Sosial normaların əlamətləri aşağıdakılarla səciyyələnir:

1. Sosial normalar insanların davranış qaydalarıdır.

2. Sosial normalar (fərdi qaydalardan fərqlənərək) ümumi xarakterli davranış qaydalarıdır. Sosial normalar bir şəxsə yox, çoxlu insana şamil edilməsində ifadə olunur.

3. Sosial normalar nəinki ümumi, həm də məcburi davranış qaydalarıdır. Həm hüquq normaları, həm də digər sosial normalar kimə aiddirsə, onlar üçün məcburidir. Hüquq normaları pozulduqda, dövlət məcburetmə tədbirləri tətbiq olunur.

Sosial normaların növləri aşağıdakılardan ibarətdir:

1. Hüquq normaları. Bu normalar dövlət tərəfindən qəbul olunur və mühafizə edilir.

2. Əxlaq normaları. Bu normalar xeyir-şər, ədalət və ədalətsizlik, borc, şərəf, ləyaqət haqqında insanların təsəvvürlərinə uyğun olaraq müəyyən edilir və daxili inamla mühafizə edilən davranış qaydalarıdır.

3. İctimai təşkilatların normaları. İctimai təşkilatlar tərəfindən yaradılıb, onların nizamnamələrində öz əksini tapan normalardan ibarət olub, insanların vərdiş gücü ilə təmin olunur.

4. Ənənə normaları. Müəyyən ictimai mühitdə təşəkkül tapan və dəfələrlə təkrarlanması nəticəsində insanların vərdişinə çevrilən davranış qaydaları başa düşülür.

5. Mərasim normaları, insanların mərasim keçirilən zaman davranış qaydalarını əks etdirir.

Yuxarıda göstərilən sosial normalardan fərqli olaraq hüququn əlamətləri aşağıdakılardan ibarətdir:

1. Hüquq yalnız dövlət tərəfindən müəyyən edilir. Dövlətin hüquqyaratma fəaliyyəti nəticəsində, ya da mövcud qaydaların sanksiyalaşdırılması nəticəsində dövlət buna nail olur.

2. Hüquq həmişə dövlətin məcburetmə qüvvəsi ilə təmin olunur. Lakin bu xüsusiyyət sosial normalarda yoxdur.

3. Hüquq normaları sistemliliyi ilə seçilir və vahid hüquq sisteminin sahələrini əmələ gətirir.

4. Hüquq rəsmi müəyyənliyi ilə seçilir. Dövlət hüququn köməyi ilə adamların davranışının həddini dəqiq müəyyənləşdirir, hüquqi mümkünlüyü və hüquqi qadağanetməni dəqiq əks etdirir.

Adət və əxlaq normalarından fərqli olaraq, hüquq normaları sanksiyalaşdırılmışdır, yəni dövlət hakimiyyətinin qanuni aktları ilə təsdiq edilmişdir.

Hüquq normalarının anlayışı

Hüquq normaları hüququn məzmununun ilkin əsas elementini təşkil edir. Ona görə də hüquq normalarında hüququn əsas məzmunu əks olunur. Bütün hüquq normaları birlikdə hüquq sistemini əhatə edir.

Hüquq normalarının özü sosial norma olub, insanlar arasında ictimai münasibətləri nizama salır. Lakin hüquq normalarından da başqa digər sosial normalar insanlar arasında ictimai münasibətləri nizama salır: sosial norma sayılan əxlaq normaları, adətlər və s. Hüquq normaları göstərilən sosial normalardan bir sıra əlamətlərinə görə fərqlənir. Əvvəla, hüquq normaları ümumi xarakterli davranış qaydasıdır və müəyyən növ ictimai münasibətlərə tətbiq edilir.

Hüquq normaları dövlət tərəfindən sanksiyalaşdırılır və yaradılır. Ona görə də bu normalar məcburi xarakter daşıyır. Məhz hüquq normalarına xas olan məcburilik onu digər sosial normalardan əsaslı şəkildə fərqləndirir.

Eyni zamanda, dövlət hüquq pozğunluqlarına, qanunla nəzərdə tutulan normaların düzgün tətbiq olunmasına nəzarət edir. Lakin bütün bunlara baxmayaraq, çox hallarda hüquq normalarına vətəndaşlar və təşkilatlar dövlət orqanlarının məcburi tədbirləri olmadan könüllü olaraq özləri riayət edirlər. Bəzi hallarda hüquqlar pozulduqda, mübahisə yarandıqda, öhdəliklər yerinə yetirilmədikdə dövlət orqanları məcburiyyət tədbirlərindən istifadə edirlər.

Hansı hallarda məcburiyyət təbdirinin tətbiq olunması qanunlarda öz əksini tapmışdır.

Hüquq normaları, eyni zamanda, forma müəyyənliyi ilə sosial normalardan fərqlənir. Bu normalarda konkret ixtiyarverici hərəkətlərin, qadağaların və vəzifələrin, həmçinin qanun-qaydanın pozulmasına görə məsuliyyət tədbirlərinin növləri formulirovka olunur.

Əxlaq normalarında bu və ya digər davranışın ümumi prinsipləri əks olunur. Hüququn formal müəyyənliyinin mövcudluğu məhkəmə fəaliyyətində prosedur fəaliyyətdə xüsusi əhəmiyyət kəsb edir. Bunlara misal ola bilər cinayət-prosessual, mülki-prosessual məcəllələri və s.

Beləliklə, hüquq norması dedikdə, dövlət tərəfindən sanksiyalaşdırılan və müəyyən edilən ümumi məcburi rəsmi xarakter daşıyan, dövlət orqanları tərəfindən təmin olunan hüquq normaları başa düşülür.

Hüquq normalarının quruluşu

Hər bir hüquq norması daxili quruluşa malikdir və tərkib ünsürlərdən ibarətdir. Bu ünsürlər normanın anlaşılmasına, hansı halda tətbiq olunmasına, normanın hansı göstərişlərdən ibarət olmasına, norma pozulduqda hansı hüquqi nəticələrin ortalığa çıxmasına yardım edir. Normada olan ünsürlər arasında sıx məntiqi əlaqə mövcud olur.

Hər bir norma öz təyinatına görə ictimai münasibətləri nizamlamağa, qayda-qanun yaratmağa xidmət edir. Hər bir norma düzünə, yaxud da dolayısı ilə davranış qaydalarının mahiyyətini əks etdirən qadağanedici, yaxud icazəverici xüsusiyyətlərə malikdir. Məsələn, Azərbaycan Konstitusiyasının 32-ci maddəsinin 1-ci bəndində deyilir: ''Hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır''.

Azərbaycan Mülki Məcəlləsinin 752-ci maddəsinin 1-ci bəndinə nəzər salaq:

“Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işçi işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür”.

Hüquq norması üç ünsürdən - hipoteza, dispozisiya və sanksiyadan ibarətdir. Hüquq normasının hipotezası dedikdə, normanın hansı şərtlər daxilində icra edilməli olmasını izah edən hissə başa düşülür. Hüquq normasının hipotezası ictimai münasibətlərin iştirakçılarının hüquq və vəzifələrinin əmələ gəlməsi, dəyişməsi və xitam olunmasının əsasını təşkil edən hüquqi hallardan ibarətdir.

Məsələn, Azərbaycan Mülki Məcəlləsinin 28-ci maddəsinin 28.4-cü bəndinə diqqət yetirək. On altı yaşı tamam olmuş yetkinlik yaşına çatmayan əmək müqaviləsi üzrə işləyirsə və ya valideynlərinin, övladlığa götürülənlərin qəyyumunun razılığı ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olursa (hipoteza) tam fəaliyyət qabiliyyətli sayıla bilər (dispozisiya). Cinayət hüququnda hipoteza normaları da ''əgər'' sözü ilə, yaxud “tamah məqsədilə və ya sair şəxsi niyyətdə edilmişsə” ifadələri ilə əks olunur.

Hüquq normasında qanunun göstərişləri ifadə olunan hissə dispozisiya adlanır. Dispozisiya münasibət iştirakçılarının davranış qaydalarını əks etdirməklə hərəkət və ya hərəkətsizliklə ifadə olunur. Bir sözlə, dispozisiya hüquq subyektinin konkret hüquq və vəzifələri haqqında göstərişi əks etdirir.

Azərbaycan Cinayət Məcəlləsinin 178-ci maddəsinə nəzər salsaq görərik ki, dispozisiya dələduzluqdan, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmədə ifadə olunur. CM-in 313-cü maddəsinin dispozisiyası vəzifə saxtakarlığından ibarətdir. Yəni vəzifəli şəxs tərəfindən rəsmi sənədlərə bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi nəzərdə tutulur.

Hüquq normasının tərkib ünsürlərindən birisi də sanksiyadır. Sanksiya hüquq normalarını pozan şəxslərə tətbiq olunur və dövlət məcburiyyət tədbirləri ilə müşayət olunur.

Mülki hüquqda sanksiyaya misal göstərmək olar: “Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi, əmlaka vurulmuş zərərin ödənilməsi”. Əmək hüququnda icra intizamının pozulmasına görə intizam tənbehinin tətbiq edilməsi sanksiyaya misal ola bilər. İnzibati hüquqda sanksiyaya misal ola dilər: cərimələr, inzibati həbs və s.

Cinayət hüququnda sanksiyaya misal ola bilər: cinayət törətmiş şəxslərə tətbiq olunan cəza növləri.

Hüquq normalarının quruluşunu təşkil edən ünsürlər bir-biri ilə sıx bağlıdırlar. Lakin bu ünsürlərin heç də hamısı hüquq normalarında dəqiq şərh olunmur. Elə hallar ola bilər ki, dispozisiya və sanksiya bir-birisinə qarışa bilər.

Hüquq normalarının növləri

Hüquq normaları onların nizama saldığı ictimai münasibətlərin növlərinə görə fərqləndirilir. Hüquqi nizamasalmanın predmetinə görə hüquq normaları hüququn sahələrinə görə təsnifləşdirilir. Bunlara misal ola bilər Konstitusiya hüquq normaları, inzibati hüquq normaları, cinayət hüquq normaları, mülki hüquq normaları, əmək hüquq normaları və s.

Hüquq normalarının göstərişlərinin xarakterindən asılı olaraq, onları məcburedici, qadağanedici və səlahiyyətverici normalara bölmək olar.

Məcburedici normalarda hüquq subyektinə görə müəyyən hərəkətləri etmək göstərişi verilir. Bu normalarla subyektin davranış həddi dəqiq müəyyən edilir və onun üzərinə müəyyən vəzifələr qoyulur. Məsələn, vergilərin ödənilməsi və qanunlara riayət etməklə bağlı hüquq normaları buna misal ola bilər. Azərbaycan Ailə Məcəlləsinin 80-ci maddəsində deyilir: “Valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar”. Bu norma məcburedici normadır. Qadağanedici normalarda adından məlum olduğu kimi, subyekt tərəfindən hər hansı hərəkətin və ya hərəkətsizliyin qadağan olunması barədə göstəriş ifadə olunur.

Azərbaycan Cinayət Məcəlləsinin ümumi hissəsində nəzərdə tutulan normalar qadağanedici normalara misal ola bilər. Bunlardan başqa, qadağanedici normalara inzibati hüquqda daha çox təsadüf olunur. Azərbaycan Ailə Məcəlləsinin 60-cı maddəsində deyilir: “Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz”. Bu norma qadağanedici normadır.

Səlahiyyətverici normalar dedikdə, müəyyən hərəkətləri etmək hüququ verən normalar anlaşılır. Bu normalar subyektin hüquqlarından istifadə mümkünlüyünü əks etdirir. Buna misal ola bilər Azərbaycan Mülki Məcəlləsinin 213-cü maddəsinin 213.2 bəndi. Burada deyilir: “Əşya mülkiyyət hüququnda mülkiyyəçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər”.

Onlardakı göstərişlərin ifadə olunması formasından asılı olaraq, hüquq normaları imperativ, dispozitiv və tövsiyəedici normalara bölünür.

İmperativ normalar normada nəzərdə tutulan qaydadan geri çəkilməyə qətiyyən yol vermir. Bu normadakı göstərişlər hüquq subyektlərinin iradəsi ilə dəyişdirilə bilməz. Məsələn, ailə hüququna görə nigahın məhkəmə qaydası ilə etibarsız hesab edilməsi və s. İmperativ normalar konstitusiya, inzibati, cinayət, maliyyə hüquq normalarında daha çox nəzərdə tutulur. Əmək hüququnda imperativ normaya misal ola bilər əmək müqaviləsinin yazılı formada bağlanması (Əmək Məcəlləsi, maddə 44).

İmperativ normalardan fərqli olaraq, dispozitiv normalarda subyektə öz hüquq və vəzifələrinin həcmini və məzmununu müəyyənetmə ixtiyarı verilir. Bu normalar mülki, ailə, əmək hüquqları üçün daha çox xarakterikdir.

Tövsiyəedici normalarda bu və ya digər hərəkəti etmək tövsiyə olunur. Tövsiyəedici normalar müəyyən dərəcədə vəzifə də törədir.

Hüquq normaları içərisində həvəsləndirici normalar da vardır. Bu normalar orden, medal və təltiflərlə bağlı normalardır və fərdi xarakter daşıyır.

 

Hüquq münasibətləri

İnsanlar arasında icitmai münasibətlərin hüquq normaları ilə nizama salınan hissəsi hüquq münasibətlərini təşkil edir. Hüquq münasibətləri – iqtisadi, siyasi, idarəçilik, sosial, ailə, əmək və s. sahələri əhatə edir.

Hüquq münasibətləri hüquq normalarına əsaslandığı üçün əxlaq və etika normalarına əsaslanan münasibətlərdən fərqlənir.

Hüquq münasibətləri – hüquq normalarına əsaslanan elə ictimai normalardır ki, onların iştirakçıları dövlət tərəfindən təmin edilən subyektiv hüquqları həyata keçirilən və hüquqi vəzifələr daşıyırlar.

Hüquq münasibətləri fiziki və hüquqi şəxslər arasında meydana gəlir və hüquqi xarakter daşıyır. Hüquq ictimai münasibətlərə nüfuz edərək insanlar arasındakı faktiki ictimai əlaqələrə hüquqi forma verir. Bu əlaqələr konkret və ümumi xarakter daşıya bilər. Əgər iştirakçılar arasında hüquq münasibətləri konkret olaraq müəyyən olunmuşsa, bu konkret hüquq münasibəti deməkdir. Konkret hüquq münasibətlərinə mülki, ailə, əmək hüquq normalarında daha çox təsadüf olunur. Məsələn, Azərbaycan Mülki Məcəlləsinin 567-ci maddəsinə nəzər salaq:

Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

Konkret hüquq münasibətəlrinə nisbətdə ümumi hüquq münasibətləri aparıcı rol oynayır. Ümumi hüquq münasibətlərinə misal ola bilər dövlət və vətəndaşlar arasında olan hüquq münasibətləri. Dövlət vətəndaşların hüquq və azadlıqlarını qorumaqla bərabər hüquq və azadlıqlara təminat verir.

Hüquq münasibətləri iradəvi xarakterə malikdir. Hüquq münasibətləri hüquq normalarına uyğun həyata keçirilir. Hüquq münasibətləri hər şeydən əvvəl, subyektiv hüquqların həyata keçirilməsinə yönəldilmiş münasibətlərdir. Burada şəxsin öz hüquqlarını həyata keçirmək arzusu mühüm əhəmiyyət kəsb edir. Ona görə də, iradə ifadəsinin azadlığı hüquq münasibətinin xüsusiyyətini təşkil edir.

Hüquq münasibətləri ictimai münasibətlərin xarakterindən asılı olaraq müxtəlif hüquq sahələrini əhatə edir. Xarakterinə və funksional qabiliyyətinə görə hüquq münasibətləri nizamlayıcı və mühafizəedici hüquq münasibətlərinə bölünür. İştirakçıların sayına görə hüquq münasibətləri sadə və mürəkkəb olur. Əgər hüquq münasibətlərində iki iştirakçı mövcuddursa, bu sadə, ikidən çox iştirakçı vardırsa, bu mürəkkəb hüquq münasibəti sayılır.

Hüquq münasibətlərinin özünəməxsus quruluşu və tərkib hissələri vardır. Bu tərkib hissələrinin ünsürləri aşağıdakılardan ibarətdir: subyekt, obyekt, subyektiv hüquqlar və hüquqi vəzifələr. Hüquq münasibətinin iştirakçıları onun subyekti adlanır. Subyektlər vətəndaşlar, xarici ölkə vətəndaşları, vətəndaşlığı olmayan şəxslər, dövlət özü, dövlət orqanları, hüquqi şəxslər və s. ola bilər.

Hüquq münasibətinin iştirakçıları həm hüquq qabiliyyətinə, həm də fəaliyyət qabiliyyətinə malik olmalıdırlar. Hüquqi şəxslər hüquq qabiliyyətinə malik olurlar. Məsələn, Mülki Məcəllədə, 44-cü maddədə, 44.1-ci bəndində deyilir: “Hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir”.

Hüquq qabiliyyəti dedikdə, şəxsin hüquqlara malik olmaq və vəzifələr daşıya bilmək qabiliyyətini başa düşmək lazımdır. Hüquqları məhkəmədə məhdudlaşdırılmayan hər bir kəs hüquq qabiliyyətli sayılır. Fəaliyyət qabiliyyətinə malik olmaq üçün müəyyən yaş həddi qanunda nəzərdə tutulmuşdur. Bir sıra şəxslər fəaliyyət qabiliyyətli hesab olunmurlar. Bunlara misal ola bilər ruhi xəstələr, ağıldan zəif olan xəstə şəxslər. Onların hüquqlarını onların himayəçiləri həyata keçirirlər.

Hüquq münasibətinin obyekti dedikdə, həmin münasibətin iştirakçılarının hüquq və vəzifələrinin nəyə yönəldiyi başa düşülür. Hüquq münasibətinə daxil olan subyektlər müəyyən məqsədlər güdürlər. Məsələn, əmlaka hüquq əldə etmək, istifadə və sərəncam hüququnu başqasına vermək, hər hansı hərəkətləri etmək və yaxud bunları etməkdən çəkinmək və s.

Hüquq münasibətinin məzmunu dedikdə, bu münasibətlərin iştirakçılarının subyektiv hüquqlarını və hüquqi vəzifələrini başa düşmək lazımdır. Hüquq münasibətinin məzmununu təşkil edən subyektiv hüquqlar və hüquqi vəzifələr hüquq iştirakçılarının tələbatları və mənafeləri ilə şərtlənib, onların hüquqi mənafelərini təmin etmək məqsədini güdür.

Hüquq pozğunluğu

Hüquq normalarını pozan qanunazidd xarakter daşıyan hərəkət və hərəkətsizlik hüquq pozğunluğu adlanır. Hüquqauyğun hərəkətlərdən fərqli olaraq, hüquq pozğunluğu öz sosial təbiətinə görə cəmiyyətə qarşı yönəlmiş hərəkətlərdən ibarət olub, bu və ya digər dərəcədə hüquqları, azadlıqları pozur, insan və vətəndaşların qanuni marağına, cəmiyyətə, dövlətə, ayrı-ayrı təşkilatlara zərər vurur.

Qanunda hüquq pozğunluğunun mühüm əlamətləri aşağıdakılardan ibarətdir:

a) hərəkətin hüquqazidd və qadağan olunması;

b) hüquq pozğunluğunun subyektinin olması;

c) təqsirin olması, qəsd və yaxud ehtiyatsızlıq üzündən hüquqazidd əməlin törədilməsi;

ç) qəsdedilən və zərər çəkən obyektin olması.

Bu əlamətlər bir yerdə hüquq pozğunluğunun tərkib hissələrini təşkil edir. Hüquq pozğunluğunun tərkib hissəsi subyekt, subyektiv cəhət, obyekt və obyektiv cəhətdən ibarətdir. Bu tərkib əlamətlərindən hər hansı birisinin olmaması əməlin hüquq pozğunluğu olmadığını göstərir.

Qanunla qadağan olunmayan cəmiyyət əleyhinə hər hansı hərəkət və hərəkətsizlik hüquq pozğunluğu sayılmır. Hüquq pozğunluğu şəxsin cəmiyyət üzvlərinin ümumi ifadəsi, onların ümumi mənafeyi əleyhinə yönəlmiş hüquqazidd davranışıdır. Məsələn, yalan danışmaq, şəxsi münasibətlərdə kobudluq - bunlar hüquq pozğunluğu sayılmır.

Hüquq pozğunluğu vurduğu zərərin ağırlıq dərəcəsindən asılı olaraq iki yerə bölünür: cinayət və xəta.

Cinayət – daha ağır ictimai təhlükəli əməl olub, Azərbaycan Cinayət Məcəlləsi ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və hərəkətsizliyin) təqsirli olaraq törədilməsindən ibarətdir.

Cinayət qanununda nəzərdə tutulan hər hansı əməlin (hərəkət və hərəkətsizliyin) əlamətləri formal cəhətdən mövcud olsa da, lakin az əhəmiyyətli olduğuna görə icitmai təhlükəli sayılmayan, yəni şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirməyən və zərər yetirmək təhlükəsi yaratmayan əməl cinayət hesab edilmir (ACM. m. 14.2.).

Azərbaycan Cinayət Məcəlləsi ilə cinayət sayılmayan əməllər hüquqazidd xətalar sayılır. Xəta, cinayətlə müqayisədə ictimai təhlükəlilik dərəcəsinə görə az təhlükəli hesab olunur və zərərlilik dərəcəsinə görə cinayətdən fərqlənir.

İcitmai həyatın müxtəlif sahələrində baş verən xətalar, inzibati intizam və mülki hüquq sahələrini əhatə edir. Bu xətalar inzibati, əmək və mülki hüquq sahələrində nəzərdə tutulmuşdur. Xətalar ictimai zərərlilik əlamətinə malikdir.

Xətalarda bu və ya digər ictimai münasibətlərə zərər yetirilir. Lakin xəta törədənlərə nisbətən yüngül məsuliyyət tədbirləri nəzərdə tutulmuşdur. Bundan fərqli olaraq, cinayət hüquq pozğunluqlarında şəxsi cəmiyyətdən təcridetmə, azadlıqdan məhrumetmə və s. nəzərdə tutulmuşdur.

Zakir NAĞIYEV,

ADPU-nun Baş hüquqşünası

 

Gülnar XƏLİLOVA,

ADPU-nun  hüquqşünası

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search