Bu ilin birinci yarısında ölkəmizdə sosial-iqtisadi inkişafın göstəriciləri davamlı inkişaf strategiyasının uğurla həyata keçirildiyini deməyə əsas verir. Prezident İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə dövlətimizin başçısının da səsləndirdiyi fakt və rəqəmlər də bunun bariz ifadəsidir.
Ümumiyyətlə, əldə edilən bütün sosial-iqtisadi uğurlar ölkə iqtisadiyyatının dinamik inkişafı, islahatların ardıcıl xarakter daşıması ilə bağlı olub. Hazırda ölkə iqtisadiyyatının dayanıqlılığının şaxələndirilməsi və rəqabət qabiliyyətinin təmin edilməsi qarşıya iqtisadi islahatlar üzrə əsas vəzifə kimi qoyulub. Bu məqsədlə sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, investisiya və biznes mühitinin daha da yaxşılaşdırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, institusional islahatların aparılması, dövlət tərəfindən sahibkarlara hərtərəfli dəstək verilməsi istiqamətlərində bir sıra mühüm qərarlar qəbul edilib. Bütün bunların sayəsində Azərbaycan son illər dünyanın ən sürətlə və dayanıqlı inkişaf edən ölkəsinə çevrilib.
Ölkə rəhbərinin müşavirədə vurğuladığı kimi, hesabat dövründə qeyri-neft sənayesinin 6,5 faiz, qeyri-neft sektorunun isə 3 faizdən çox artması real iqtisadiyyatın yüksələn xətlə inkişafından xəbər verir.
Statistik göstəricilərdən söz düşmüşkən, bu ilin yanvar-iyun aylarında Azərbaycanda əsas kapitala 7 milyard 148 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 10,4 faiz çox vəsait yönəldilib. Son 1 ildə neft-qaz sektoruna investisiyalar 21,4 faiz, qeyri neft-qaz sektoruna investisiyalar isə 4,2 faiz artıb. Bu dövrdə istifadə olunan vəsaitin 4 milyard 322 milyon manatı və yaxud 60,5 faizi məhsul istehsalı sahələrinə, 2 milyard 426 milyon manatı və yaxud 33,9 faizi xidmət sahələrinə, 398,8 milyon manatı və yaxud 5,6 faizi isə yaşayış evlərinin tikintisinə sərf olunub.
İşğaldan azad olunan ərazilərimizin bərpasına ayrılan vəsait cari ilin sonunadək 12 milyard manata çatacağı proqnozlaşdırılıb. Həmin vəsaitin 5,5 milyard manata yaxın hissəsinin də bu il xərclənəcəyi planlaşdırılıb. 2026-cı ilədək Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpasına ayrılan vəsait 20 milyard manatdan çox olacaq. Bu qədər vəsait isə Böyük Qayıdış proqramının daha sürətlə icrasına imkan yaradacaq.
Cari ilin ötən dövrü ərzində dövlət büdcəsinin gəlirlərinin proqnozlara qarşı əhəmiyyətli dərəcədə çox olması bu ilin dövlət büdcəsində əlavə maliyyə resurslarının yaranmasını və onların yenidən bölünməsini gündəmə gətirib. Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin təsdiq olunmuş 33353,3 milyon manat məbləğində xərcləri 3271,5 milyon manat və ya 9,8 faiz artırılaraq 36624,8 milyon manata çatdırılıb. Dürüstləşmə ilə 2023-cü il üçün təsdiq olunmuş büdcəyə 3 milyard manatdan çox vəsait əlavə olunub. Əlavə vəsaitin əhəmiyyətli hissəsi Azərbaycan Respublikasının işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən genişmiqyaslı tikinti, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi ilə bağlı xərclərə, müdafiə xərclərinə yönəldilib.
Bütün bu uğurlu göstəricilər ardıcıl və sistemli surətdə həyata keçirilən şaxələndirmə siyasəti, sahibkarlıq mühitinin yaxşılaşdırılması üzrə görülən tədbirlər aparılan islahatların məntiqi nəticəsidir və nəzərdə tutulan bütün planların yüksək səviyyədə reallaşacağından xəbər verir.
Rəşad Sadıqov
siyasi elmlər üzrə fəlsəfə doktoru,
ADPU-nun Magistratura və doktorantura şöbəsinin müdiri