Sentyabrın 12-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Tarix və coğrafiya fakültəsinin Azərbaycan tarixi kafedrası və AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun birgə təşkilatçılığı ilə “Bakının işğaldan azad edilməsi Azərbaycan-Türkiyə qardaşlığı tarixinə yazılan şanlı səhifələrdəndir” adlı elmi seminar keçirilib.
Seminarı açan universitetin rektoru professor Cəfər Cəfərov 15 sentyabr 1918-ci ildə Bakının işğaldan azad olunmasının Azərbaycan tarixində önəmli hadisələrdən olduğunu vurğuladı. O, qeyd etdi ki, Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu tərəfindən Bakının daşnak-bolşevik əsarətindən qurtulması Azərbaycan dövlətinin tarixinə şərəfli gün kimi yazılmışdır.
Elmi seminarda çıxış edən ADPU-nun Azərbaycan tarixi kafedrasının müdiri dosent Naibə Əhmədova “Azərbaycan-Türkiyə: dövlətlərarası münasibətlər. Bakının qurtuluşu” adlı məruzəsində Azərbaycan-Türkiyə münasibətlərinin önəmindən bəhs etdi və qeyd etdi ki, Azərbaycan və Türkiyə arasında 1918-ci ildə dövlətlərarası münasibətlər başlanğıc mərhələsində idisə, Vətən müharibəsində bu münasibətlər özünün ən yüksək zirvəsinə çatdı və 15 iyun 2021-ci ildə tarixi Şuşa Bəyannaməsi imzalandı.
Tarix İnstitutunun Azərbaycan Xalq Cümhuriyyəti tarixi şöbəsinin aparıcı elmi işçisi, tarix elmləri doktoru Vasif Qafarov “Qafqaz İslam Ordusunun Azərbaycan hərəkatı və Bakı nefti uğrunda beynəlxalq mübarizə” adlı çıxışında arxiv materialları əsasında bu dövrə aid əldə etdiyi məlumatlar haqqında dolğun məlumat verdi və Bakı uğrunda gedən döyüşlərdən təfərrüatı ilə bəhs etdi. Şöbənin aparıcı elmi işçisi, ADPU-nun Azərbaycan tarixi kafedrasının dosenti Mübariz Ağalarlı isə “Azərbaycandan Anadoluya uzanan mənəviyyat körpüsü. Qardaşlıqdan strateji müttəfiqliyə doğru” mövzusunda məruzəsində Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycan tarixindəki yerindən danışılmış, Türkiyə-Azərbaycan arasında mədəni və mənəvi əlaqələr qeyd olunaraq, Heydər Əliyevin Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı bir neçə fikri də tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Məruzələrdən sonra müzakirələr aparıldı.