Oktyabrın 12-də Azərbaycan Dövlət Pedoqoji Universitetinin (ADPU) Heydər Əliyev Mərkəzində Turan Araşdırma Mərkəzi İctimai Birliyinin (İB) təsisçisi, mərhum professor Əjdər Tağıoğlunun müəllifi olduğu “Zəngəzur toponiminin qədim etnogenez tarixi” adlı kitabın təqdimat mərasimi keçirilib. Kitab Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi eyniadlı layihə çərçivəsində çap olunub. Nəşrin redaktorları Cavid İsmayıl, Yunus Oğuz və professor Aygün Attardır.
Heydər Əliyev Mərkəzinin əməkdaşı Tərlan Ağayevin moderatorluğu ilə keçən tədbirdə Turan Araşdırma Mərkəzinin əməkdaşları, ADPU-nun professor-müəllim heyəti və tələbələri iştirak edib.
Təqdimat mərasimində çıxış edən ADPU-nun Azərbaycan tarixi kafedrasının müdiri dosent Naibə Əhmədova sözügedən nəşrdə Azərbaycan dövlətçiliyinin qədim ümumtürk tarixi kontekstində araşdırıldığını, Zəngəzur toponiminin miladdan öncəki minilliklərdə formalaşdığını qeyd edib.
Yazıçı-publisist Yunus Oğuz kitabın əhəmiyyətini yüksək qiymətləndirərək onu Azərbaycan tarixinə dəyərli töhfə adlandırıb, Ə. Tağıoğlunun görkəmli alim, vətənpərvər şəxsiyyət olduğunu vurğulayıb.
Müəllifin oğlu, Turan Araşdırma Mərkəzi İB-nin sədri Cavid İsmayıl çıxış edərək bildirib ki, Əjdər Tağıoğlu 1990-cı illərdə ictimai-siyasi proseslərin fəal iştirakçılarından biri kimi hər zaman Ulu Öndər Heydər Əliyevə sadiq olub, Yeni Azərbaycan Partiyasının qurucularından olub. Atasının ömrünün sonunadək yaradıcılıqla məşğul olduğunu vurğulayan C.İsmayıl qeyd edib ki, o, tarixi, siyasi, ədəbi və elmi mövzularda bir çox kitabların müəllifi olub.
Tədbirdə ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşları - baş müəllim Eldar Hacıyev və dosent Elmira Süleymanova Əjdər Tağıoğlunun yaradıcılığı haqqında, eləcə də müxtəlif tarixi mövzularda fikirlərini bölüşüblər.