Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının kollektivi Quba rayonun Qımıl kəndindən olan 44 günlük Vətən müharibəsi şəhidi Nuran Akif oğlu Mirzəyevin məzarını və ailəsini ziyarət ediblər.
Ziyarətdə fililalın əməkdaşları - direktor müavini, t.ü.f.d. İsmayıl Mahmudov, Riyaziyyat və təbiət elmləri fakültəsinin dekanı vəzifəsini v.i.e. Nübar Bayramova, baş müəllim Rahib Sədullayev, Təcrübə üzrə rəhbər Şəhla İsmayılova, dekanlığın əməkdaşı Nəhayət Şirinova, Tədris şöbəsinin əməkdaşı Fatimə Kiçibəyova və filialın Şəhid Nuran Mirzəyev adına Xarici dil auditoriyasında təhsil alan “Xarici dil müəllimliyi” ixtisasının I tədris ili tələbələri iştirak ediblər.
Şəhid valideynləri Akif ata və Təranə ana filial rəhbərliyinə şəhid ailələrinə qarşı göstərdiyi diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.
Nuran Mirzəyevin məzarını ziyarət etdikdən sonra adına tikilmiş bulağı da ziyarət edən filialın tələbələri orada şeirlər söyləyib, çıxış edib, Nuran Mirzəyevin timsalında bütün şəhidlərimizin xatirələrini yad ediblər.
ADPU-nun Quba filialının əməkdaşları mütamadi olaraq şəhid və qazi ailələrini ziyarət edir, onların qayğıları ilə maraqlanırlar.
Qeyd edək ki, şəhid Nuran Mirzəyev 27 iyul 1999-cu ildə Quba rayonunun Qımıl kəndində anadan olub. Həqiqi hərbi xidmətini iki il əvvəl başa vuran Nuran səfərbərlik çağırışı əsasında Vətən müharibəsinə yollanıb. O, Füzuli, Cəbrayıl, Qubadlı uğrunda gedən ağır döyüşlərdə qəhrəmanlıqla döyüşüb. 21 yaşlı qəhrəman 2020-ci il oktyabrın 19-da Qubadlının azadlığı uğrunda gedən döyüşdə şəhidlik zirvəsinə ucalıb.
Şəhid Nuran Mirzəyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərancamı ilə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.