Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı və Qərbi Azərbaycan İcmasının tərəfdaşlığı ilə reallaşdırılan “BÜTÖV – Qərbi Azərbaycana qayıdış prosesində gənclərin rolunun artırılması” proqramı çərçivəsində görüş keçirilib.
Universitet tələbələrinin iştirakı ilə baş tutan tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, eləcə də Ümummilli Lider Heydər Əliyevin və vətənimizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbiri giriş sözü ilə açan Pedaqoji Univeristetin Heydər Əliyev Mərkəzinin müdiri Tahir Süleymanov “BÜTÖV” proqramı çərçivəsində növbəti görüşün ADPU-da keçirilməsinə görə “İRƏLİ” İctimai Birliyinə təşəkkürünü bildirib. Proqramın icrasında İctimai Birliyə uğurlar arzulayan T. Süleymanov gəncləri layihə müddətində baş tutacaq fəaliyyətlərdə aktiv olmağa çağırıb.
“İRƏLİ” İctimai Birliyinin sədri Şahin Rəhmanlı, Qərbi Azərbaycan İcmasının koordinatoru Sənan Əhmədov və tarixçi, pedaqogika üzrə fəlsəfə doktoru, ADPU-nun dosenti Heydər Cəfərov çıxışları zamanı tarixi Azərbaycan torpaqları olan indiki Ermənistan ərazisində min illər boyu yaşayan soydaşlarımızın etnik mövcudluğuna son qoyulmasından söhbət açıblar. Qeyd olunub ki, qərbi azərbaycanlıların mədəni irsinin məhv edilməsi ötən əsrdə Ermənistanda dövlət siyasəti səviyyəsində həyata keçirilib. Natiqlər “Qərbi Azərbaycana qayıdış konsepsiyası”nın icrasında hər bir Azərbaycan gəncinin iştirakının vacibliyini vurğulayaraq, onları bu istiqamətdə səfərbər olmağa səsləyiblər.
Tədbirin davamında “İRƏLİ” İctimai Birliyinin baş katibi İlqar Axundov proqram çərçivəsində baş tutacaq fəaliyyətlərlə bağlı tələbələrə məlumat verib. Diqqətə çatdırılıb ki, layihənin növbəti mərhələlərində Qərbi Azərbaycanın tarixini, mədəniyyətini, coğrafiyasını gənclərə aşılamaq, Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətə düzgün və ətraflı şəkildə çatdırmaq məqsədilə təşəbbüs qruplarının yaradılması nəzərdə tutulur. Proqram çərçivəsində, həmçinin təşəbbüs qrupları tərəfindən Qərbi Azərbaycanın tarixi həqiqətlərini özündə ehtiva edən videoçarxların hazırlanması da planlaşdırılır.
Qeyd edək ki, “BÜTÖV – Qərbi Azərbaycana qayıdış prosesində gənclərin rolunun artırılması” proqramının icrasında əsas məqsəd Qərbi Azərbaycan tarixinin, Azərbaycan həqiqətlərinin təbliği, yerli və beynəlxalq səviyyədə gənclərin iştirakçılığının artırılması, Qərbi Azərbaycanla bağlı multimedia, elektron resursların bolluğunun yaradılması, eləcə də gənclər arasında tarixi torpaqlarımız haqqında məlumatlılığın artırılmasıdır.