Noyabrın 2-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Gənc İnformatika Müəllimlərinin I Forumu” keçirilib.
Pedaqoji Universiteitn ev sahibliyi etdiyi, “Məktəb guşəsi” jurnalı və eyni adlı portalın təşkilatçılığı ilə reallaşan forumda “Məktəb guşəsi” jurnalının baş redaktoru Məzahir Məmmədovun moderatorluöu ilə Dövlət İmtahan Mərkəzi (DİM), Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ), “Bələdçi” İnformatika Mərkəzi, “RM” nəşriyyatı və bu sahə üzrə ADPU, BDU, AzTU və AMEA-nın mütəxəsislərinin iştirakı ilə informatika fənninin tədrisi ilə bağlı aktual müzakirələr aparılıb.
Forumda ali təhsil müəssisələrinin “İnformatika müəllimliyi” ixtisasında təhsil alan IV tədrisi ili tələbələri, məzunlar, eləcə də ümumtəhsil məktəblərinin nümayəndələri və gənc müəllimlər iştirak ediblər.
Tədbirdə geniş nitq söyləyən ADPU-nun rektoru, professor Cəfər Cəfərov diqqətə çatdırıb ki, son illərdə Ölkədə təhsilin inkişafı istiqamətində mühüm addımlar atılır. Azərbaycan Respublikası Prezidentinin sərəncamları əsasında müxtəlif şəhər və rayonlarda 2500-ə yaxın məktəb binası tikilmiş və mövcud təhsil obyektlərində əsaslı təmir-bərpa işləri uğurla aparılmışdır. Təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi əhəmiyyətli dərəcədə genişlənmişdir. İnnovasiyalar və modernləşmə nəticəsində praktiki bilik və vərdişlərlə zənginləşməyən, sırf nəzəri xarakter daşıyan təhsil öz fundamental əhəmiyyətini itirməkdədir. Bu baxımdan təhsilin məzmununun formalaşmasında akademik göstəricilər və dil bilikləri ilə yanaşı, praktik bilik və bacarıqların, eyni zamanda səriştənin (kompetensiya), İT biliklərinin vacibliyi ön plana çıxır.
Bu baxımdan ADPU-da da ardıcıl tədbirlərin icra olunduğunu diqqətə çatdıran rektor qeyd edib ki, Elm və Təhsil Nazirliyi və “Alqoritmka” beynəlxalq təhsil şirkəti tərəfindən icra olunan “Rəqəmsal bacarıqlar” pilot layihəsi çərçivəsində Elm və Təhsil Nazirliyi tərəfindən ADPU-da 160 kompüterdən ibarət yüksək səviyyəli 5 laboratoriya yaradılıb, artıq iki ildir Universitetin müvafiq ixtisasda təhsil alan tələbələri təlimlərə cəlb olunur. “Twinninq” layihəsi çərçivəsində “İnformatika müəllimliyi” ixtisası üzrə tədris planının təkmilləşdirilməsi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi istiqamətində tədbirlər həyata keçirilib. Universitetdə 2023/2024-cü tədris ilinin payız semestrində “İnformatika müəllimliyi” ixtisasında “Rəqəmsal bacarıqlar” fənni (IV kurs) və “Alqoritmika -Rəqəmsal bacarıqların inkişafı” təlimi çərçivəsində “Python proqramlaşdırma dili” kursu həyata keçirilir (V kurs). Universitetin professor-müəllim heyəti “Moodle” platformasında öz kurslarını yaradıblar. Universitetin STEAM Mərkəzi tərəfindən “STEAM metodikası və layihələrin qurulması“ təlimi keçirilir, müəllim və tələbələr beynəlxalq texnoloji festivallarda uğurla iştirak edirlər. Elm və Təhsil Nazirliyi ilə “Certiport” şirkəti arasında əməkdaşlıq sahəsində ADPU-da təhsil alan tələbələr və əməkdaşlar üçün “Microsoft Sertifikatlı Təlimçi” imtahanı təşkil olunub və s.
Prof. C.Cəfərov deyib ki, Azərbaycanda həm ali təhsilin, həm də ümumtəhsilin səviyyəsinin müasir dünya trendlərinə uyğunlaşdırılmasında informatika müəllimlərinin üzərinə daha böyük yük düşür. Ona görə də gənclərdə İT bacarıqlarının formalaşdırılması həm yüksək nəzəri biliyə, həm də praktik bacarıq və vərdişlərə tam səviyyədə yiyələnmiş informatika müəllimlərinin yetişdirilməsi nəticəsində mümkündür.
Daha sonra çıxış edənlərdən DİM-in, ARTİ-nin, “RM” nəşriyyatının, “Alqoritmika” şirkətinin, BDU-nun, AzTU-nun, Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun, Gənclər və İdman Nazirliyinin nümayəndələri, dərslik müəllifləri və dərsliklərin hazırlanması və piarı üzrə mütəxəsislər müasir dövrdə informatika üzrə dərslik və dərs vəsaitləri və praktik alətlərin vəziyyəti, informatika fənninin ali məktəblərə qəbul imtahanları proqramına daxil edilməsi ilə bağlı yaranan yeni situasiya, ali məktəblərdə informatika tədrisi və ümumən İT bilik və bacarıqlarının inkişafı ilə bağlı fikirlərini bölüşüblər, mövzu ətrafında müzakirələr aparılıb.
Sonda iştirakçılara “RM” nəşriyyatı və “Bələdçi” İnformatika Mərkəzinin informatika üzrə müəllim və abituriyentlər üçün nəşr etdiyi vəsaitlər hədiyyə olunub.