Previous Next

Zəfər Günü münasibəti ilə Pedaqoji Universitetdə tədbir keçirilib

Noyabrın 3-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayon təşkilatının “Ü.Hacıbəyli-68” Ərazi Partiya Təşkilatının (ƏPT) təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə universitet rəhbərliyi, şəhid valideynləri və qazilər, eləcə də, professor-müəllim heyəti və tələbələr iştirak ediblər. 
Əvvəlcə, rektor professor Cəfər Cəfərov Vətən müharibəsi şəhidləri Xudayar Yusifzadənin anası Radə Qurbanova, Arəstə Baxışovanın anası Məktubə Baxışova və Xocalı soyqırımının canlı şahidi Dürdanə Ağayeva ilə görüşüb, Universitetin foyesində Ümummilli Lider Heydər Əliyevin abidəsi, “Zəfər stendi” və “Zəfər guşəsi” ziyarət olunub. 
Tədbir Dövlət Himninin səsləndirilməsi və şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Zəfər Günü ilə bağlı videoçarx nümayiş olunub. 
YAP “Ü.Hacıbəyli-68” ƏPT-nin sədri dosent Sultanəli Qurbanovun giriş sözündən sonra Universitetin rektoru prof. Cəfər Cəfərov bu gün tariximizin ən möhtəşəm qalibiyyət salnaməsini  - Böyük Zəfərimizin üçüncü ilini qeyd etdiyimizi vurğulayıb. Rektor deyib ki, 2022-ci ilin sentyabr döyüşləri və cari ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində qondarma rejim tamamilə tərksilah edildi və özünü buraxmağa məcbur oldu. Bununla da bir əsrdən artıq davam edən təcavüzə son qoyuldu və Azərbaycan ərazi bütövlüyü ilə yanaşı suverenliyini də tam bərqərar etdi. Bundan sonra arıtq ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoyub.
Böyük mübarizələrin itgisiz olmadığını qeyd edən prof. C.Cəfərov Vətən müharibəsində 3 minə yaxın vətən övladının canlarından keçdiyini, şəhidlərimizin arasında Pedaqoji Universitetin 15 tələbə və məzununun da yer aldığını vurğulayıb. Bildirilib ki, onlardan iki nəfəri “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib. Eyni zamanda, Zəfər salnaməmizin yeganə xanım şəhidi olan Arəstə Baxışova da Pedaqoji Universitetin yetirməsi, ADPK-nın məzunudur. 
Şəhidlərimizin xatirələrini ədəbiləşdirmək üçün silsilə fəaliyyətlər icra olunduğunu, canlarını vətən yolunda fəda edən vətənpərvər gəncliyi tərbiyə edən müəllimlərin yetişdirildiyi Pedaqoji Universitetdə də bu istiqamətdə ardıcıl iş aparıldığını diqqətə çatdıran rektor deyib ki, eyni zamanda universitetin 100 illiyində “Pedaqoji Universitetin Qəhrəmanları” ensklopedik toplusu hazırlanaraq nəşr olunub, ADPU-da “Zəfər stendi”, “Zəfər qorelyefi” və bu yaxınlarda isə Pedaqoji Universitetin I və II Qarabağ müharibəsində şəhid olan tələbə və məzunlarının adlarının əbədiləşdirildiyi “Zəfər guşəsi”nin açılışı olub.
Daha sonra çıxış edənlərdən Vətən müharibəsi şəhidləri Xudayar Yusifzadənin anası Radə Qurbanova, Arəstə Baxışovanın anası Məktubə Baxışova, Xocalı soyqırımının canlı şahidi Dürdanə Ağayeva, Şəhid Ailələri, Əlillər və Müharibə Veteranlarının Müdafiəsi İctimai Birliyinin sədri, I Qarabağ və Vətən müharibəsi veteranı Tahir Məmmədov, eləcə də digər şəhid ailəsi üzvləri və qazilər göstərilən diqqətə və qayğıya görə minnətdarlıq edərək, canını fəda edən qəhrəmanlarımızın qanının yerdə qalmadığını, torpaqlarımızın işğaldan azad edildiyinin fərəhini yaşadıqlarını qeyd ediblər.
Sonda fəal gənclərə partiya biletləri təqdim olunub.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search