Noyabrın 6-da Azərbaycan Respublikasının Gənclər Fondunun (ARGF) dəstəyi, Böyük Qayıdış Gənclər Təşkilatı İctimai Birliyinin (BQGT İB) və Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatının (ADPU TGT) birgə təşkilatçılığı ilə Pedaqoji Universitetdə Zəfər Gününə həsr olunmuş görüş keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Vətən uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış nitqi ilə çıxış edən ADPU TGT-nin sədri Təhmasib İmaməliyev qalib xalqın vətəndaşları olaraq qürurlu olduğumuzu qeyd edib, canlı şəhidlər olan qazilərimizlə fəxr etdiyimizi vurğulayıb.
BQGT İB-nin sədri Nail Şükürov çıxış edərək bildirdi ki, qazandığımız böyük qələbə, Vətən müharibəsində həyata keçirilən siyasət və bu siyasətin uğuru hər bir gəncin diqqətlə öyrənməli olduğu önəmli məqamlardandır.
Tədbirin gedişində ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektorluğun nəzdində fəaliyyət göstərən Türkoloji Mərkəzin Türk tarixi bölməsinin müdiri, dosent Dəyanət Musayev tarix boyu Azərbaycanda, xüsusilə Qarabağ ərazisində baş verən hadisələr və xalqımızın ona qarşı haqsızlıqlarla mübarizəsindən bəhs etdi.
BQGT İB-nin İdarə Heyətinin üzvü, Aprel döyüşləri qazisi, Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan baş leytenantı Əhliyət Mehdiyev öz nitqində vurğuladı ki, bizim Qarabağa qayıdışımız milli şüurumuza qayıdışımızdır. O həmçinin şəhid ailələrinə və övladlarına olan diqqəti, bu istiqamətdə keçirilən ictimai layihələri xüsusi qeyd edib.
Aprel döyüşlərinin iştirakçısı, mayor Elşad Təhməzov, Vətən müharibəsi qazisi, kapitan Hüseynalı Hüseynalıyev və Xüsusi Təyinatlı Qüvvələrin zabiti Şəmsəddin Qurbanov də tədbirdə öz təəssüratlarını, Zəfər xatirələrini bölüşdülər, şəhid olan döyüş yoldaşlarını yada saldılar.
Sonda Vətən müharibəsinin canlı şahidləri olan qazilərlə tələbələrin maraqlı sual-cavab sessiyası olub.