Previous Next

ADPU-nun Ağcabədi filialında “Heydər Əliyev və Azərbaycan elmi” mövzusunda elmi-praktik konfrans keçirilib

Dekabrın 6-da ADPU-nun Ağcabədi filialının Riyaziyyat, informatika və onların tədrisi texnologiyası və Pedaqogika, psixologiya və onların tədrisi texnologiyası kafedralarının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan elmi” mövzusunda elmi-praktik konfrans keçirilib. 
Əvvəlcə unudulmaz lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin müqəddəs ruhları yad edilib. Dövlət Himni səsləndirilib.
Konfransın plenar iclasını giriş sözü ilə açan filialın direktoru, dosent Mobil Məcidov Ulu Öndər Heydər Əliyevin Azərbaycan elminin inkişafındakı misilsiz xidmətlərindən danışıb. Təhsilə millətin gələcək yüksəlişi nöqteyi-nəzərindən yanaşan Ümummilli Liderin bu sahədə apardığı işin miqyasından danışan M.Məcidov, Azərbaycan elminin bugünkü nailiyyətlərində Heydər Əliyev şəxsiyyətinin rolunun danılmazlığını vurğulayıb. 
Sonra söz məruzəçilərə verilib. “Heydər Əliyev Azərbaycanın elm və təhsil konsepsiyasının banisidir” mövzusunda məruzə edən filialın tədris və elmi işlər üzrə direktor müavini, dosent Seymur Süleymanov bildirib ki, Heydər Əliyevin şəxsi qayğısı sayəsində Azərbaycanda orta məktəblərin sayı, maddi-texniki bazası, kadrlarla təchizi işi xeyli yaxşılaşdırılmış, xüsusən müstəqillik illərində təhsil sahəsində beynəlxalq əlaqələr daha da genişlənmiş, Azərbaycan Respublikası dünyanın 30-dan çox ölkəsinin ali təhsil müəssisələri ilə genişmiqyaslı əməkdaşlıq həyata keçirmişdir. Müxtəlif elm sahələri üzrə gənc tədqiqatçılar araşdırmalar aparmış və əldə etdikləri elmi nailiyyətləri istehsalatın müxtəlif sahələrində tətbiq etməyə müyəssər olmuşlar.
“Azərbaycançılıq ideologiyasının elm və təhsilin inkişafında yeri” mövzusunda məruzə edən filialın tərbiyə işləri üzrə direktor müavini, dosent Mahir Səlimov qeyd edib ki, tarixdə azərbaycançılıq ideyasını irəli sürən görkəmli şəxsiyyətlərdən biri məhz Heydər Əliyev olmuşdur. Milli dövlətçiliyimizin böyük memarı olan Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanda siyasi və iqtisadi islahatlar həyata keçirilmiş, ölkədə insan hüquqlarının qorunması, söz, mətbuat, vicdan azadlıqlarının həyata keçirilməsi istiqamətində böyük işlər görülmüşdür. Ulu Öndərin “Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam” deyimini dilə gətirən məruzəçi, Heydər Əliyevin şəxsində azərbaycançılıq ideologiyasının təməl prinsiplərini gördüyünü və hər bir ölkə vətəndaşının beləcə öz ölkəsi və məmləkəti ilə fəxr etməsinin gərəkliliyini vacib amil hesab etdiyini bildirib.
Məruzələr ətrafında çıxış edənlər Ulu Öndərin Azərbaycan elminin inkişafındakı rolunu onun çoxcəhətli siyasi fəaliyyətinin tərkib hissəsi kimi vurğulayaraq zamanın Azərbaycan xalqına bəxş etdiyi bu fenomen düşüncəli siyasi liderin öz işıqlı əməlləri ilə xalqının qəlbində əbədi yaşayacağına inam ifadə ediblər.
Plenar iclasdan sonra konfrans öz işini bölmə iclaslarında davam etdirib.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search