Dekabrın 11-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) 100 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib.
Tədbirdə hər iki ali təhsil ocağının rəhbərliyi, əməkdaşları, ADPU-nun professor-müəllim və tələbə heyəti iştirak ediblər.
Əvvəlcə, Universitetin foyesində Ulu Öndər Heydər Əliyevin abidəsi və “Zəfər guşəsi” ziyarət olunub, sonra qonaqlar Pedaqoji Universitetin İncəsənət və fiziki tərbiyə fakültəsinin müəllim və tələbələrinin əl işlərindən ibarət rəsm sərgisi ilə tanış olub, ADPU-nun Heydər Əliyev Muzeyini ziyarət ediblər.
Əfruz Süleymanovanın drijorluğu ilə ADPU-nun İncəsənət və fiziki tərbiyə fakültəsinin tələbə xorunun ifasında Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub, şəhidlərin və Ulu Öndərin xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Açılış nitqi ilə çıxış edən Pedaqoji Universitetin rektoru, professor Cəfər Cəfərov qeyd edib ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Azərbaycanın zəngin ənənələrə və tarixə malik ali təhsil müəssisələrindən biri, elm və mədəniyyət ocağı olaraq təhsilimizin və mədəniyyətimizin inkişafında özünəməxsus rol oynayır. Azərbaycanın görkəmli mədəniyyət və incəsənət xadimlərinin arasında çoxlu sayda ADMİU məzunu var. Regionda nüfuzlu ali təhsil ocağı olan ADMİU-nun yetirmələri hazırda Azərbaycanla yanaşı ölkəmizdən kənarda da uğurla fəaliyyət göstərirlər.
Rektor vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Universitetin 100 illik yubileyinin keçirilməsi ilə bağlı Sərəncamı ADMİU-nun fəaliyyətinə ən ali diqqətin təzahürüdür.
Pedaqoji Universitetlə Mədəniyyət və İncəsənət Universiteti arasında məhsuldar əməkdaşlıq əlaqələrindən bəhs edən prof. C.Cəfərov bu əlaqələrin günü-gündən daha da inkişaf etdiyini diqqətə çatdırıb.
Çıxış edən ADMİU-nun rektoru, professor Ceyran Mahmudova göstərilən diqqətə və ali təhsil ocağının yubileyi ilə bağlı təşkil olunan yüksəksəviyyəli tədbirə görə ADPU ailəsinə minnətdarlığını bildirib. Rektor qeyd edib ki, 2023-cü il yubileylər ilidir və belə bir əlamətdar ildə Mədəniyyət və İncəsənət Universitetinin 100 illik yubileyinin də qeyd edilməsi olduqca önəmlidir. Mədəniyyət və İncəsənət Universitetinin ölkəmizdə incəsənətin inkişafında mühüm xidmətləri olan ali təhsil ocağı olduğunu vurğulayan rektor ali təhsil ocağında dövrün tələblərinə, milli mədəniyyətimizin inkişaf xətlərinə uyğun olaraq daimi yenilənən innovativ tədris mühiti olduğunu vurğulayıb.
Daha sonra rektor, prof. C.Cəfərov prof. C.Mahmudovaya Pedaqoji Universitet adından xatirə hədiyyəsi və təbrik adressatı təqdim edib.
ADMİU-nun 100 illik fəaliyyəti haqqında videoçarxın nümayişindən sonra ADPU-nun İncəsənət və fiziki tərbiyə fakültəsinin müəllim və tələbələrinin ifasında geniş konsert proqramı təqdim olunub. Konsert proqramında təqdim olunan Rauf Hacıyevin “Bakı haqqında mahnı”, “Leyla”, “Çiçək kimi”, Fikrət Əmirovun “Ekspromt”, Elnarə Dadaşovanın “Alqış qeyrətə”, Elza İbrahimovanın “Mən sənin yanına qışda gələrdim”, Süleyman Ələsgərovun “Rapsodiya”, Sviridovun “Vals”, Ü.Hacıbəylinin “Arşın mal alan operası”ndan “Əsgərin mahnısı”, Tofiq Quliyevin “Azərbaycan”, “Sevinc mahnısı”, Bubentsovun “Qaraçı rəqsi”, Vasif Adıgözəlovun “Skertso”, Lyadovun “Mazurka”, Səid Rüstəmovun “Qaytağı” və Emin Sabitoğlunun “Azərbaycan” əsərləri, eləcə də xalq mahnısı “Şuşanın dağları” tədbir iştirakçılarında xoş hisslər oyadıb.