Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının Ədəbiyyat və dillər kafedrasını fəal müəllimlərindən olan Kəmalə Bayramovanın təşəbbüsü və təşkilatçılığı, filialın “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasının tələbələrinin iştirakı ilə Ədəbiyyat klubunun açılışı keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni ifa edilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın Respublikasının azadlığı, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbir Kəmalə Bayramovanın moderatorluğu ilə davam edib.
Açılış nitqi ilə çıxış edən filialın direktoru, f.e.d., dos. Yusif Alıyev təşkilatçılığa görə müəllim Kəmalə Bayramovaya təşəkkür edib, təşəbbüsü və tədbirin təşkilini yüksək qiymətləndirib. Direktor, həmçinin, tədbirdə qonaq qismində iştirak edən filialın məzunlarını, Quba şəhər 1 saylı məktəbin direktor müavini Rəhimə Bayramovanı, II Nügədi kənd 2 saylı məktəbin direktoru Nuridə Ələkbərovanı, Səbətlər kənd orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Nailə İsmiyevanı salamlayıb, onların uğurlarına bir rəhbər kimi sevindiyini bildirib, filialda son illərdə əldə edilən nailiyyətləri diqqətə çatdırıb.
Tədbirin bədii hissəsində klassik poeziya nümayəndələri, qədim və orta dövr ədəbiyyatımızın ən görkəmli nümayəndələri olan N.Gəncəvi, İ.Nəsimi, M.Füzuli və Ş.İ.Xətayinin obrazları canlandırılıb, nəsihətləri səsləndirilib. Tələbələrin təqdimatında musiqi nömrələri, müasir dövr Azərbaycan ədəbiyyatı nümunələri ifa edilib, tamaşalar qurulub.
Tədbirin təşkilatçısı K.Bayramova qeyd edib ki, ədəbiyyatımızda həmişə xalqın qəhrəmanlarına, öndərlərinə, uzaqgörən oğullarına həsr edilən əsərlər yazılıb. Yekunlaşmaqda olan “Heydər Əliyev İli”ndə də xalqın öz sevimli oğluna, uzaqgörən lideri, dahi Heydər Əliyevə çoxsaylı bədii əsərlər həsr olunub.
Sonda iştirakçılara hədiyyə əlfəcinlər təqdim edilib, simvolik tort kəsilib.