Previous Next

2023-cü il ADPU-nun ictimaiyyətlə əlaqələrində yüksəliş və operativlik ili kimi yadda qaldı

     Son 3 ildə ADPU-nun informasiya yayımında 110 faizədək artım qeydə alınıb. 
    2023-cü il ərzində Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) elm, tədris, beynəlxalq əlaqələr və s. bir çox sahələrdə olduğu kimi, eyni zamanda Universitetin ictimaiyyətlə əlaqələr və marketinq fəaliyyətində də uğurlu il kimi xarakterizə oluna bilər.
İl ərzində ADPU-nun rəsmi saytı, sosial media səhifələri və digər kommunikasiya kanalları vasitəsi ilə İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi tərəfindən Universitetdə baş verən yeniliklər aparıcı KİV-lər, informasiya agentlikləri, telekanallar, habelə, çap mediasında müntəzəm qaydada işıqlandırılmış, ADPU-nun mətbu orqanı olan “Gənc müəllim” qəzeti çap və elektron qaydada dərc olunaraq yayımı həyata keçirilmişdir.
2023-cü il ərzində rəsmi informasiya yayımı ilə yanaşı, KİV, ictimaiyyət və tələbələrdən daxil olan minlərlə sual və sorğular operativ qaydada cavablandırılmış, zəruri hallarda müvafiq açıqlama və müsahibələr verilmiş, universitet əməkdaşları və tələbələrinin dövri mətbuatda və televiziyalarda ictimai müzakirə mövzusu olan məsələlərdə fəal fikir bildirmələrinə dəstək göstərilmiş, “ADPU TV” yutub televiziyasında mütəmadi qaydada yeni verilişlər, rubrikalar, tanınmış elm-təhsil xadimləri ilə müsahibələr hazırlanaraq yayımlanmışdır. O cümlədən, il ərzində Universitetin əməkdaşları və tələbələrinin uğurları, elmi nəticələri, iştirak etdikləri mötəbər tədbirlər haqqında reportajlar hazırlanaq təqdim olunmuşdur.
Şöbə, eyni zamanda, Pedaqoji Universitetlə bağlı reklam və çap məhsullarının hazırlanması və nəşri, tələbə qəbulunun kəmiyyət və keyfiyyət göstəricilərinin artırılması, abituriyent və yeni qəbul olunan tələbələrlə davamlı işin aparılması istiqamətində ardıcıl fəaliyyət icra edir.
Xüsusilə vurğulanmalıdır ki, Universitetin marketinq siyasətinə uyğun olaraq hazırlanmış strategiya əsasında ADPU-nun filialları, kolleci, baza məktəbi, fakültələri və ictimai təşkilatları ilə kommunikasiyanın operativliyinin və informasiya yayımının səmərəliliyinin  artırılması üçün Universitet Elmi Şurasında “ADPU-nun ictimaiyyətlə əlaqələr və marketinq siyasətinə dair qaydalar” təsdiqlənmişdir. Qaydalara uyğun olaraq müvafiq strukturlarda ictimaiyyətlə əlaqələr və marketinq üzrə məsul şəxslər təyin edilmiş və onlar üçün şöbə əməkdaşları və peşəkar təlimçilər tərəfindən “Təhsil sahəsində ictimaiyyətlə effektiv əlaqə” təlim kursu keçirilmişdir. Ümumiyyətlə, şöbə tərəfindən mütəmadi olaraq media savadlılığı ilə bağlı müxtəlif səpkili görüş, seminar və təlimlər həyata keçirilir. Bu fəaliyyət çətçivəsində icra olunan növbəti bir layihə isə istedadlı tələbələr üçün təcrübə proqramıdır.  
Onu da qeyd etmək lazımdır ki, Universitetin marketinq siyasətinin həyata keçirilməsində fərqlənən məsul şəxslər və tələbələr üçün mütəmadi olaraq rəğbətləndirmə tədbirləri həyata keçirilir. 
Qeyd etmək lazımdır ki, ADPU-nun sosial media səhifələri tələbələr və ictimaiyyət arasında etibarlı mənbə kimi rəğbət görür və bu hesablar üzərindən gün ərzində onlarla müraciət operativ qaydada cavablandırılır. Hazırda ADPU-nun rəsmi feysbuk səhifəsində 10 min nəfərədək, instaqram səhifəsində 18 min nəfərdən çox, teleqram səhifəsində 5400 nəfərədək, “ADPU TV” yutub kanalında 5300 nəfərədək aktiv icləyici kütləsi mövcuddur.
2023-cü il ərzində Pedaqoji Universitet haqqında KİV-də 688 xəbər dərc edilmişdir ki, bu xəbərlər də ümumilikdə 3596 mənbədə yayımlanmışdır. İlin media yekunlarına əsasən, ortalama olaraq ADPU haqqında KİV-də 1 aya 57, 1 günə 2 xəbər yayımlanıb ki, bu xəbərlər də ortalama olaraq 1 aya 300, 1 günə 10 mənbədə dərc edilib.
Mediada xəbər və mənbə sayının müqayisəli təhlilinə əsasən, 2023-cü ilin müvafiq dövründə 2022-ci ilə nisbətən xəbər yayımı  22,86 %, xəbərlərin yayımlandığı mənbə sayı isə 22,48 %, 2021-ci ilə nisbətdə isə müvafiq olaraq  xəbər yayımı  109,75 %, xəbərlərin yayımlandığı mənbə sayı isə 92,3 % artmışdır.
Sistemli fəaliyyətin nəticəsidir ki, son iki il ərzində tələbələr və ictimaiyyət tərəfindən universitetlə bağlı müxtəlif kənar platforma və qurumlara edilən müraciətlər sıfır səviyyəsinə enmişdir.
Şöbənin iş planına əsasən, sosial şəbəkə hesabları üzərindən ictimai rəyi öyrənmək, səhifələrin işini təkmilləşdirmək məqsədi ilə ADPU-nun sosial media hesablarının fəaliyyətindən məmnunluq haqqında onlayn sorğu keçirilib (Rəsmi Telegram səhifəsi üzrərindən, 08-09 fevral 2023). Rəyi soruşulanların (787 respondent) 76 %-i (602 respondent) səhifələrin fəaliyyətindən razı olduqlarını bildirmişlər. 
Cari ilin dekabr ayında şöbənin əməkdaşlıq etdiyi KİV nümayəndələri və ADPU-nun müvafiq struktur bölmə rəhbərləri ilə aparılan anket sorğusunun nəticələrinə əsasən, respondentlərin 90 faizə qədəri şöbənin fəaliyyətindən tam razı olduğunu, 10 faizi isə razı olduqlarını ifadə etmişlər.
Pedaqoji Universitetin ictimaiyyətlə əlaqələrini daha da təkmilləşdirmək, daim əlçanlılığı, ictimai hesabatlılığı və şəffaflığı təmin etmək məqsədi ilə şöbə tərəfindən qarşıdan gələn yeni təqvim ilində də sistemli fəaliyyət planı çərçivəsində yeni-yeni layihələr icra olunacaq.


ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search