Previous Next

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərovun TƏBRİKİ

Hörmətli həmkarlar, əziz tələbələr, dəyərli məzunlar!

Azərbaycan Dövlət Pedaqoji Universitetinin çoxminli professor-müəllim və tələbə heyətini, məzunlarını, bütün əməkdaşlarını 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, elmi-pedaqoji fəaliyyətinizdə, təhsil və şəxsi həyatınızda yeni nailiyyətlər arzulayıram.

Başa vurduğumuz 2023-cü il ölkəmiz, xalqımız və universitetimiz üçün olduqca əlamətdar bir dövr kimi yadda qaldı. Azərbaycan Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında tarixi Zəfərini daha da möhkəmləndirərək, qısamüddətli lokal antiterror tədbirləri ilə öz dövlət suverenliyini tam bərqərar etdi, Qarabağa Böyük Qayıdışın yeni mərhələsi çərçivəsində bölgəyə əhalinin mütəmadi olaraq köçürülməsi prosesinə başlanıldı. Artıq yeni dövrün Qarabağ məktəblərində zəfərin fidanları biliyin sirlərinə yiyələnirlər.

Cənab İlham Əliyevin ilk dəfə Prezident vəzifəsinə seçilməsinin 20-ci ildönümündə Xankəndidə üçrəngli Azərbaycan bayrağını qaldıraraq xalqa müraciət etməsi və şəhərin mərkəzi meydanında keçirilmiş möhtəşəm Zəfər paradı qüdrətli dövlətin və güclü liderin qətiyyətinin təntənəsi oldu.

İlin sonu ölkəmizin həyatında bir sıra digər mühüm siyasi və beynəlxalq hadisələrlə tarixin yaddaşına köçdü. Azərbaycan Prezidenti İlham Əliyevin düşünülmüş siyasətinin daha bir bəhrəsinin şahidi olduq. Belə ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatının birgə bəyanatı iki ölkə arasında davamlı sülhün bərqərar olmasına ümidləri artırdı. Eyni zamanda 2024-cü ildə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-un Azərbaycanda keçirilməsi haqqında yekdil qərar Prezident İlham Əliyevin siyasi müdrikliyinin, Azərbaycanın qüdrətinin və ona olan etimadın bir daha təsdiqidir. Ümumilikdə, ölkəmiz və xalqımız qarşıdan gələn 2024-cü ilə həm də növbədənkənar prezident seçkisi ilə səciyyələnən inkişaf epoxasının yeni mərhələsi kimi daxil olur. Bu isə bizdən yüksək vətəndaş məsuliyyəti, ziyalı mövqeyi və milli həmrəylik tələb edir.

Əziz həmkarlar, tələbələr və məzunlar!

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlamətdar olan 2023-cü ildə bütün ölkədə olduğu kimi, Pedaqoji Universitetdə də silsilə tədbirlər, simpozium, konfrans və sərgilər təşkil olundu, böyük şəxsiyyətin irsinin dərindən öyrənilməsi və təbliği istiqamətində çeşidli layihələr həyata keçirildi.

            İlboyu Pedaqoji Universitetin tədris və elmi-pedaqoji həyatında da mühüm nailiyyətlərə imza atıldı. Belə ki, ilin əvvəllərində ADPU növbəti 5 il üçün uğurla institusional akkreditasiya olundu və artıq ixtisaslar üzrə proqram akkreditasiyası prosesinə başlanılıb. Cari ildə Universitetdə bakalavriat və magistratura səviyyələrində yeni ixtisaslar açıldı, qəbul yerləri artırıldı, nəzərdə tutulan plan demək olar ki, tamamilə doldu. Digər tərəfdən rəsmi proqramlarla yanaşı, Universitetdə qeyri-formal təhsil proqramlarının tətbiqinə start verildi, ADPU-nun Strateji İnkişaf Mərkəzinin Elm və Təhsil Nazirliyinin dəstəyi ilə icra etdiyi “Məktəb Liderliyi Proqramı”nın I çağırışı yekunlaşdı və hazırda II çağırış üzrə dərslər davam etdirilir.

İl ərzində Pedaqoji Universitet beynəlxalq və ikitərəfli əlaqələrində də əhəmiyyətli irəliləyişlərə nail oldu. Universitetimiz ölkənin tanınmış elm-təhsil ocaqları ilə yanaşı, Türkiyə, Avropa, MDB və Mərkəzi Asiyanın ali təhsil ocaqları ilə əməkdaşlıq imkanlarını genişləndirir.

Bununla bərabər, növbəti ildə təhsil ictimaiyyətinin qarşısında başqa mühüm vəzifələr durur. Xankəndi şəhərində 1969-cu ildə Qarabağda ilk ali məktəb olaraq bizə doğma hazırkı Azərbaycan Dövlət Pedaqoji Universitetinin filialı kimi fəaliyyətə başlamış və sonradan müstəqil instituta çevrilmiş ali təhsil müəssisəsinin bazasında Prezident İlham Əliyevin Sərəncamı ilə Qarabağ Universitetinin təsis edilməsi, habelə ölkə müəllimlərinin ali məclisinin – Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Müəllimlərinin XVI Qurultayı kimi tarixi hadisələr yeni inkişaf üfüqləri açır və hamımızın üzərinə əlavə məsuliyyət qoyur. Hər birimiz ümumdövlət əhəmiyyətli bu işlərdə əlimizdən gələni əsirgəməməli, müəllimlər ordusu olaraq “Azərbaycan 2030” hədəflərinə doğru inamla irəliləməliyik.

Bir daha sizi əlamətdar bayramlar münasibətilə ürəkdən təbrik edir, yeni təqvim ilində möhkəm cansağlığı, tələbələrimizə qarşıdan gələn qış imtahan sessiyasında uğurlar arzulayıram.

Bayramlarınız mübarək!

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search